TƏBRİK EDİRİK !
Nizami yaradıcılığıda mifoloji düşüncəyə dair yeni kitabın Gəncədə təqdimatı olub.
AMEA Gəncə Bölməsində filologiya elmləri doktoru, ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının professoru Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyasının təqdimatı keçirilib.
Bu görüş AMEA Folklor institutu ilə birgə təşkil olunub.
Tədbiri Bölmənin sədrinin müavini Rasim Tağıyev açaraq, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının dahi Nizaminin doğma yurdu Gəncədə bu gün təqdimatı keçirilən yeni kitabını böyük mütəfəkkirimizin tükənməz irsinin tədqiqatlarına samballı töhfə kimi dəyərləndirib.
AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov çıxış edərək, təqdim olunan kitabın müəllifi, professor Ramazan Qafarlının müasir ədəbiyyatşünaslıq və folklorşünaslığımızın tanınmış simalarından olduğunu və daim elmimizin bu istiqamətlərinin ən aktual problemlərini araşdığdığını vurğulayıb.
.
Kitabın elmi redaktoru, AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy çıxışında Azərbaycan folklorşünaslıq elminin inkişafına böyük töhfələr verən, mifologiyaya, “Kitabi-Dədə Qorqud” eposuna, uşaq folkloruna, epik folklorda janrlararası əlaqələrə dair sanballı əsərlərin müəllifi olan Ramazan Qafarlının həmçinin Nizami Gəncəvi yaradıcılığının dərin tədqiqatçısı kimi də tanındığını qeyd edib. S.Rzasoy kitabda müəllifin Nizami poeziyasında türkçülük ideologiyası məsələsini ön plana çəkdiyini, ümumiyyətlə, türk milli kimliyinin Ramazan Qafarlının Nizamiyə yanaşmasının daimi təhlil aspektləri sırasında olduğunu da xatırladıb.
AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov çııxşında
müəllifin bütün araşdırmalarında olduğu kimi, trafaretlərdən və tavtoloji stereotiplərdən kənar yanaşmalarının Nizamişünaslıq üzrə tədqiqatlarda da özünü bariz şəkildə göstərdiyinə diqqət çəkib.
Kitabın müəllifi, professor Ramazan Qafarlı çıxış edərək, Nizami yurdunda, onun başlıca elm ocağı olan AMEA Gəncə Bölməsidə keçirilən bu yüksək elmi tutumlu, maraqlı mülahizələr və səmimi ürək sözləri ilə zəngin görüşün təşkilinə görə gəncəli həmkarlara, xüsusən Bölmənin sədri, bu görüşdə səhhəti ilə əlaqədar iştirak edə bilməyən akademik Fuad Əliyevə dərin minnətdarlıq bildirib.
R.Qafarlı sözügedən monoqrafiyanın ayrı-ayrı bölmələrində Nizami Gəncəvinin milli mənsubiyyətinin, onun gəncəli türk olmasının bir daha aydınlaşdırılması məsələsi haqqında dahi şairin mətnlərinin struktur, funksiya və məzmunundakı mövcud tutarlı dəlillərə söykənilərək fikirlər yürüdüldüyünü, həmçinin Nizami poeziyasının gizli qatlarında qorunub saxlanan, eləcə də üzdə olub müxtəlif cür yozulan cəhətlərindən söz açıldığını iştirakçıların diqqətinə çatdırıb.
AMEA Gəncə Bölməsinin əməkdaşlarıda öz çıxışlarında professor Ramazan Qafarlının tədqiqatlarının müasir Azərbaycan filoloji düşüncəsinin parlaq nümunələri olduğunu bildiriblər.
Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış edərkən, Ramazan Qafarlının bir alim və vətəndaş kimi daim prinsipal mövqe və söz sahibi olduğunu dilə gətirib.
Görüşdə həmçinin Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Bölmənin Elmi katibi Elnur Həsənov, Nizami Gəncəvi Mərkəzinin əməkdaşlarından böyük elmi işçi, pedaqoqika üzrə fəlsəfə doktoru Aləmzər Tağıyeva, elmi işçi Xəyalə Hüseynova sözügedən monoqrafiyanın və müəllifin digər araşdırmaları haqda mülahizələr söyləyiblər.
Qeyd edək ki, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 374 səhifəlik monoqrafiyanın elmi redaktorları filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovdur.
Görüşün sonundaBölmənin sədr müavini Rasim Tağıyev qonaqlara maraqlı görüş üçün təşəkkür edərək, Gəncə alimlərinin Bakıdakı həmkarları ilə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi arzularını ifadə edib.