Əzablı yollarla
Repetitoluq, özəl, fərdi dərs haqqında çox oxudum və müxtəlif müəlliflərin əksər fikirlərinin mənimkilərlə üst-üstə düşdüyünü gördüm. Ona görə də dövrümüzdə bir ənənəyə çevrilmiş repetirtorluq haqqında, məktəb və müəllimin nüfuzunu qorumaq, əksər aillələrə yardımçı olmaq məqsədi ilə bu barədə yazmaq qərarına gəldim.
II yazı
Sözün düzünü uşaqdan soruş
Qohumlardan biri söhbət əsnasında bildirdi ki, nəvəsi deyirmiş ki, hamı müəllim yanına gedir, mən də getmək istəyirəm, ancaq atamın imkanı yoxdur. Bu, bir neçə gün əvvəl həmkəndlim Məhəmməd kişinin avtobusda mənə verdiyi sualı yadıma saldı. O, bellərində yekə çanta, avtobusa minib özlərinə ayaq üstdə durmağa yer tapan kimi də əl boyda telefonlarla oynayan neçə-neçə uşaqları seyr edib məndən soruşdu: – Müəllim, bu uşaqlar rayon mərkəzinə dərs öyrənməyə gedirlər, deyəsən. Çəkdikləri çətinliklər az imiş kimi, oxuduqları haqqında düşünməkdənsə telefonla oynayıb öyrəndiklərini də unudurlar. Kəndimizin məktəbində bunların öyrənmək istədikləri fənlərdən dərs deyən müəllimlər yoxdur məgər?
Düzü, “görünən şəhərə nə bələdçi” deyib kifayətlənmək istədim, lakin həmsöhbətimin maraqlı sualına “elm axtarmaq savabdır” dedimsə də, nə o, məmnun oldu, nə də mən. Ürəyimdəki narahatçılıq əslində yazmaq istəmədiyim bu yazını yazmağa məcbur etdi məni. Rabindranat Taqorun dediyi kimi “Sahildə dayanıb sadəcə seyr etməklə dənizi keçmək olmaz.” Ona görə də bu problemə bir qədər yaxından yanaşıb öyrənmək istədim. Bəri başdan deyim ki, ailələr və uşaqlar arasında elmə marağın belə vüsət alması adamda bir qürur hissi oyadır. Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmış Nelson Mandelanın təbirincə desək, “Təhsil dünyanı dəyişmək üçün işlədə biləcəyin ən güclü silahdır.” Sirr deyil ki, ötən əsrdə iki müxtəlif rejimin lider ölkələri – Sovet İttifaqı və Amerika ən çox elm sahəsində muharibə aparırdılar.
Bəs niyə bu silahı əldə etmək üçün tarix boyu yaranmış məktəb, sinif-dərs sistemi öz funksional missiyasını layiqincə yerinə yetirmir və yetirə bilmir? “Sözün düzünü uşaqdan soruş” – deyiblər. Bəli, bu gün demək olar ki, oxumaq, ali təhsil almaq istəyən hər bir şagird müəllim – repetitor yanına və ya müəyyən adlar altında fəaliyyət göstərən, repetitorlardan təşkil olunmuş hazırlıq kurslarına getməlidir. Bu vəziyyəti həyatın tələbinə çevirən nədir? Niyə keçmiş Sovet məktəbində şagirdlərin böyük əksəriyyəti parta arxasından durub birbaşa ali məktəblərə imtahan verib qəbul olunurdular, indi isə həm uşaqlarda, həm də valideynlərdə “müəllim yanına getməsən ali məktəbə qəbul imtahanlarında uğur qazana bilməzsən” məzmunlu, kütləvi bir xof yaranıb. Ali məktəbə aparan yol haqqında öz təcrübəmdən danışsam, hamı üçün eyni olan o dövrü müəyyən qədər canlandırmış olaram. Mən cibimdə əlli manat pulla, qonşumuza qoşulub Bakıda yaşayan bir kəndlimizin evinə gedib, dörd imtahanı uğurla verib ali məktəbə qəbul olunan biriyəm. Əlifbanı belə tanımayan valideynlərin oğluyam. İndi hər iki valdeyni müəllim, həkim və ya başqa ixtisas üzrə ali təhsilli olan uşaqlar da repetitor axtarır. Onların əksəriyyəti ali məktəbə hazırlıq kurslarnı da bəyənmir, daha yüksək qiymətə, fərdi məşğul olmaq istəyirlər.
Bu mənzərə müasir dövrdə əksər insanlarımızın yaşamaq üçün dərmandan, həkimdən asılı olmalarına bənzəyir. Keçmişdə rayon mərkəzlərində iki-üç aptek vardı və bütün rayonu təmin edirdi. İndi addımbaşı aptek görürsən. Yan-yana, qapı qonşuları olan apteklər də var. İnsanların səhhəti böyük bizinesə dönüb və bu eybəcər vəziyyət eninə və dərininə inkişaf etməkdədir. Dərmanlardan asılılıq artdıqca apteklərin sayı da sürətlə artır. Keçmişdə nə arıqlamaq üçün dərman qəbul edən vardı, nə də mədəsini kiçildən. Müasir insanlarda öz iradəsinə güvənmək, nəfsinə hakim kəsilmək qabiliyyəti azalıb.
Sənətə sədaqət
Ölüm cəzasına məhkum olunmuş bir papaz, bir sərxoş və bir mühəndisi edam edirdilər. Birinci papazın növbəsi imiş. Edamı icra edən ondan yuxarıya, yoxsa aşağıya baxmaq istədiyini soruşduqda papaz deyir: – Yuxarı, ən azından ölərkən üzüm tanrıya tərəf olar. Papazın istəyi yerinə yetirilir. Gilyotinin bıçağı yuxarı qaldırılır və aşağı buraxılır, lakin papazın boynuna santimetrlər qalmış bıçaq dayanır. Bunu, Allahın lütfü sayıb papazı azad edirlər.
Növbə sərxoşa çatır. Bu ümidlə sərxoş da yuxarı baxaraq edam olunmasını istəyir. Gilyotinin bıçağı yenə sərxoşun boynuna çatmamış dayanır. Bunu da Allahdan bir işarə olaraq qəbul edib, sərxoşu azad edirlər.
Mühəndisin növbəsi çatanda o da üzü yuxarı edam olunmasını istəyir. Gilyotinin bıçağı yuxarı qaxan kimi o, bağırıb deyir: – Bir dəqiqə! Bıçağın probleminin nədə olduğunu başa düşdüm. – Mütəxəssis ölüm ayağında belə öz sənətinə sədaqətini nümayiş etdirir.
“Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarının inkişaf etdirilməsi və həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.” (Firədun Nadir oğlu İbrahimov, Rüfət Lətif oğlu Hüseynzadə, PEDAQOGİKA I cild Bakı 2012 s. 260)
Savadsızlığı tamamilə aradan qaldıran, istər keçmiş Sovet İttifaqında, istərsə də müstəqillik dövründə həm ölkə, həm də dünya elminə töhfələr verməyi bacaran nəsillər yetişdirən məktəbimiz niyə öz şərəfli vəzifəsinin öhdəsindən gələ bilmir? Parta arxasından ali məktəbə gedən yollar niyə bağlandı?
Ehtiyac kəşfin anasıdır
Heyrət doğuran sual yaranır: – Bu nəticəni biz niyə cəmiyyət olaraq məktəbdən gözləmirik, ondan tələb etmirik, belə də olmalıymış kimi repetitorluqdan umuruq?
Görünən odur ki, ailə və məktəb uşaqlara, oxumaq üçün hər cür şəraitin olduğu halda müstəqil çalışmaq, axtarış aparmaq, elmə müstəqil yiyələnmək aşılamaqdansa, repetitor axtarışına çıxırlar. Bu, təknən çörəklə dolu ola-ola qonşudan çörək istəməyə bənzəmirmi?
Qartal və bəzi quşlar öz balalarını təbiət qoynunda müstəqil yaşamağa alışdırmaq, uçmaq öyrətmək üçün bir müddət onları yemləmirlər. Aclığın diktəsi ilə yuvadan ayrılmağa məcbur balalar ətrafla tanış olur, özlərini yaşamalı olacaqları həyatın qoynuna atırlar.
Günümüzün şagirdləri orta məktəbdə yiyələndikləri bacarıq və vərdişlərlə, müstəqil çalışıb, ali məktəbə qəbul proqramının tələblərinə uyğun hazırlaşa bilməli olduğu halda niyə repetitor axtarır?
Böyük problem yoxdur
Henri Ford deyirdi ki, böyük problem yoxdur, sadəcə olaraq çoxlu kiçik problemlər vardır. Haqqında danışdığımız məsələ ilk baxışda böyük bir problem kimi görünsə də, təkib hissələri hamımıza məlumdur.
Repetitor müəllim fərdi təhsil üçün yanına gələn şagirdin mükəmməl hazırlaşması naminə, həm naddi maraq, həm də reklam xatirinə, əlindən gələni edir. O, qarşısındakı şagird və ya bir neçə şagirdə daha çox vaxt ayırmaq imkanı qazandığından öyrətdiklərini onların yaddaşına həkk etmək üçün bütün imkanlardan istifadə etməyə, onlara fərdi xüsusiyyətlərinə görə yanaşmağa, müştəri məmnunluğu qazanmağa çalışır. Fərdi dərslər daha çox şagirdyönümlü olduğu üçün şagirdin kiçik uğuru belə onun oxumaq, öyrənmək motivasiyasını inkişaf etdirir, müəlliminə və özünə inam hissini formalaşdırır. Repetitor işini diqqətlə planlaşdırdığı, səbir və təmkinlə öyrətdiyi üçün müsbət nəticə əldə etmək o qədər də çətin olmur. Buraya övladı üçün müəyyən məbləğ odəyən valideyn nəzarətini də əlavə etsək, mənzərə bir az da aydınlaşar.
Yalan ayaq tutar, yeriməz
Bu atalar sözü ingilis dilində “Yalanın ayaqları qısadır.” (A lie has short legs.) formasında işlənir. Forma müxtəlif olsa da məzmun eynidir. Qısa ayaqlarla da çox uzağa getmək olmaz.
Maddi vəziyyəti özəl dərs almaq üçün imkan verməyən ailələr nə qədər çətinliklər yaşayırsa, oxumaq həvəsi omayan uşaqlarını “palaza bürünüb, elnən sürünərək” repetitor yanına göndərən valideynlər də müəyyən məbləği israf etmiş olurlar.
Fərdi dərs dediyim şagirdlərə mövzu üzrə təkrarlanan səhvlər üzərində işləmələrini tapşırsam da, çalışmadıqlarını görürdüm. Şagirdlər isə inadla işlədiklərini, çalışdıqlarını iddia edirdilər. Eyni testin suallarına paralel suallar hazırlayıb ev tapşırığı verdim. Növbəti məşğələdə əvvəlki səhvlərin əksəriyyətinin təkrarlandığının şahidi oldum. Şagirdlər öz fəaliyyətlərində dəyişiklik etməyə məcbur oldular. Sonradan da tapşırıq verəndə paralel sullarla onların fəallığını artırmağa çalışdım. Demək istədiyim odur ki, fərdi dərsi bəzən uşaqlar dəb naminə seçir və proqramı müəllimin onlara “qaşıqla” yedizdirməli olduğunu zənn edir. Rabindranat Taqorun dediyi kimi: – “Faktlar çox, həqiqət isə bir dənədir.” Tər, dırnaq tökmədən elm öyrənmək mümkün deyil.
Çiçəklənən repetitorluq
Bu gün repetitor yanına getmək adi bir həyat normasına çevrilib. Kurrikulum tətbiq olunmağa başlayanda onun əsas məqsədlərindən birinin repetitorluğun kökünü kəsməyin olduğu yüksək səviyyədə danışılırdı. Kurikulumun repetitorluğa daha da vüsət verdiyi sirr deyil. Bugünkü şagirdin ehtiyac, maraq və meylləri daha böyükdür. Buna görə də öyrənmək vərdşini şagirdin gündəlik həyatının mühüm bir hissəsinə çevirə bilmək müəllimdən böyük pedaqoji ustalıq, məharət tələb edir. Biliyin sadəcə verilməsi ilə kifayətlənmək olmaz. Yenə Rabindranat Taqorun yadigar fikirlərindən birinə müraciət edək:“Təhsil, mümkün qədər, gərək insanın yediyi qidaya oxşasın. Əgər yediyiniz qida lap birinci tikəni ağzınıza alan dəqiqədən sizə ləzzətli görünürsə, mədəniz ağzınızdan da əvvəl oyanıb açılır.” Ailə şagirdin üzləşdiyi kiçik bir problemi onun oxuduğu məktəblə, ona dərs deyən müəllimlə həll etməkdənsə başqa yollar aramağa çalışır. Erkən yaşlarından öyrənmək üçün çalışmaq, əziyyət çəkmək istəməyən şagird ümidini repetitora bağlmağa məhkumdur. Hamıya məlumdur ki, Aristotelin dediyi kimi: “Təhsilin kökləri acı, meyvəsi isə şirindir”.
Pedaqoji mərifət
Şagirdlərdə özünə inam hissi aşılamaqda valideynlərlə yanaşı onların müəllimləri də böyük rol oynayır. Hər hansı bir sualla müraciət edən şagirdi fərdi dərsə dəvət etməkdənsə ona faydalı məsləhət verib, müstəqil çalışmaqla uğur qazana biləcəyinə inandırmaq əsl vətənpərvərlikdir. “Мüəllimin pеdаqоji mərifəti оnun pеdаqоji ustаlığının əsаsını təşкil еdir кi, müəllim-şаgird münаsibətlərinin uğuru bir çох cəhətdən bundаn аsılıdır. İnam – pеdаqоji mərifətdə müəllim-şаgird münаsibətlərində mühüm kеyfiyyətdir. Мüəllim hər bir şаgirdin gücünə, qüvvəsinə inаnmаlıdır. Мüəllim hər bir şagirdə inаm göstərməlidir. İnаm şаgirdi inkişаf еtdirir və təkmilləşdirir. Оnа yеni güc, qüvvə gətirir. İnаm nəticəsində həttа çətin işlər bеlə аsаnlаşır. Uşаqlаr kiçik yaşlarında hələ öz imkаn və güclərini düzgün qiymətləndirə bilmirlər. Öz imkаnlаrı hаqqındа оnlаr böyüklərin, хüsusilə müəllimlərin fikrini yüksək qiymətləndirirlər. Bunа görə də müəllimlər şаgirdlərin bu imkаn və qаbliyyətlərinə еhtiyаtlа yаnаşmаlı, оnlаrdа öz qаbiliyyətlərini ifаdə еtməyə inаm yаrаtmаlıdır. (Firədun Nadir oğlu İbrahimov
Rüfət / Lətif oğlu HüseynzadəPedaqogika s. 177 – 178)
Kök yoxsa budaq?
Pedaqoji kadrların hazırlanması daha ciddi amildir. Təcrübə göstərir ki, sözün əsl mənasında, müəllim hazırlamaq üçün, sadəcə, həmin fakültəni qazanan gənclərə diplom verib yola salmaq kifayət deyil, onları ən çətin bir sənətlə yaşamağa və onu yaşatmağa pedaqoji və mənəvi cəhətdən mükəmməl hazırlamaq lazımdır. Məsələn, təhsilin keyfiyyət səviyyəsinə görə dünyada birinci yeri tutan Finlandiyada ən çətin peşə müəllim olmaqdır. Hər il müraciət edən 5000 ərizəçinin yalnız 10% pedaqoji fakültələrə qəbul olunur. (What makes education in Finland that good?-Finlandiyada təhsili bu qədər yaxşı edən nədir? Bert Maes 2010)
Məktəbin əsas problemi onun bacarıqlı direktoru və mükəmməl müəllim kollektividir. Yerinə düşən direktor və işinin ustası olan, fədakar müəllim kollektivinin nailiyyətləri həmişə olub və olacaq da. Buna görə də müəllim hazırlığına daha ciddi fikir vermək dövrümüzün tələbidir.
Müəllimi imtahan etmək, maaşını müəyyən səviyyəyə yüksəltməklə məktəbin problemlərini həll etmək çox çətin görünür. Sənətinin aşiqi olmayan, təsadüfən müəllim olanın aylıq əmək haqqı on qat artırılsa da dəyişən deyil. Ona görə də müəllimin işinin nəticəsini – dərs dediyi şagirdləri necə öyrədə bildiyini qiymətləndirmək daha məqsədəuyğundur. İllər boyunca dərs dediyi məktəbdə bircə nəfər ardıcılı olmayan və ya şagirdlərinin repetitor axtarmasına səbəb olan müəllim öz qiymətini öz əli ilə yazmalıdır. Ağaca qulluq budağndan deyil, kökündən başlanır.
Gül axtaran arı
Arı gül axtardığı kimi şagird də ürəyincə olan müəllimi axtarır. Oxumaq istəyən, dərsdə təmin olunan şagird repetitor axtarmaz. Ötən illərin söhbətidir. Seçkilərin birində tərcüməçi kimi ATƏT-in qısa müddətli nəzarətçilərini müşayət edirdim. Nümayəndələr günün əvvəlində baş çəkdiyimiz seçki məntəqəsinə günün sonunda bir daha baş çəkmək istəyəndə marağımı görüb almaniyalı yaşlı bir müşahidəçi V. İliç Lenindən rusca bir sitat gətirdi: – Doveryay, no proveryay. (Etibar et, lakin yoxla.) Dərsi müşahidə olunmayan müəllimdə arxayınçılıq yaranır, “paslanmağa” başlayır. Sakit dəniz cəsur dənizçi yetişdirməz, deyiblər.
Pedaqoji müzakirələr, qabaqcıl müəllimlərin müəyyən problemlərə həsr olunmuş seminarları müəllimlərin təkmilləşməsində böyük rol oynayır. Bütün işlərin fövqündə isə müəllimin özünütəhsili durur. Müasir imkanlardan istifadə edib öz peşə ustalığını artırmağa çalışmayan müəllim şagird rəğbətini qazana bilməz.
Problemin problemləri
Repetitorluğun da özünə məxsus problemləri var. Onlar həm müəllimlər, həm şagirdlər, həm də valideynlərə aiddir. Müəllimlərdən başlasaq, maddi tərəfi müsbət olsa da, artıq və gərgin işləmək, zehni yoğunluq bir yana, müəllimin fiziki cəhətdən aşınmasına səbəb olur. Müəllimin şəxsi həyatı öz istədiyi kimi deyil, yanına gələn şagirdlərə görə tərtib elədiyi cədvələ əsasən idarə olunur. O, götürdüyü məsuliyyət orbitində, məhdud çərçivədə fəaliyyət göstərir, məktəbdən evə, evdən də məktəbə “qaçır”.
Müəllimin rejimi pozulduğu kimi şagirdin də gündəlik rejimi pozulur, bədənin biosaatı təzyiqə məruz qalır. Dərsdən gəlib bir qədər istirahət etmək əvəzinə gündə bir neçə müəllim yanına getməli olan uşaq istər-istəməz yorulur. Dərsdə və ya müəllim yanında mürgüləyən şagirdləri də görürük. Bu, uşaqların səhhətinə, psixologiyasına da öz mənfi təsirini göstərir, onları ərtafdan sosial və təbii mühitdən uzaqlaşdırır, bir sözlə, uşağların uşaqlığı əllərindən alınır. Vəziyyət o dərəcədə gərginləşir ki, kifayət qədər bal toplamayan və yaxud valideynlərinin ümid etdiyindən az keçid balı toplayan abituriyentlər intihara belə əl atırlar.
Repetitorluq valideynin də başını sığallamır. Ailə büdcəsinin xeyli hissəsini əlindən almaqla yanaşı, son nəticənin əldə olunacağı ana qədər onun nələr çəkdiyini, bir özü, bir də Allah bilir. Hələ dərsə davamiyyətin icbari olduğunu bilə-bilə övladını məktəbdən yayındırıb, repetitor yanına göndərmək istəyən valideyn ilə məktəb arasında yaşananlar, uşaq evə gəlib çatanacan onun təhlükəsizliyi barəsində narahatçılıqlar bir ayrı dərddir.
Sonuncu saman
“Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarının inkişaf etdirilməsi və həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.” (Firədun Nadir oğlu İbrahimov, Rüfət Lətif oğlu Hüseynzadə, PEDAQOGİKA I cild,S. 260 Bakı 2012)
Məşhur bir atalar sözündə deyildiyi kimi, dəvənin belini sonuncu saman qırar. Məktəblilər müxtəlif fənlərdən o qədər əlavə materiallarla yükləniblər ki, gəl görəsən. Ömrünün ən enerjili dövrünü imtahanlara hazırlaşmağa həsr edən uşaqlar imtahanlar bitən kimi də məcburən öyrəndikləri çox şeyi unudurlar. Burada Albert Eynşteynin sözləri yerinə düşür: – “Təhsil, adamın məktəbdə öyrəndiklərini unutduqdan sonra yadında qalan bir şeydir.”
Sinif, sinif, sinif
İllər boyunca repetitorluqla məşğul olan birisi kimi deyə bilərəm ki, müəllim sinif üçün, sinif də müəllim üçün yaranıb. Ən gözəl güllər təbii ortamda – çəməndə bitib, boy atıb göz oxşadığı kimi, müəllim də öz əhəmiyyətini müxtəlif qabiliyyətli şagirdlərini lazımi səviyyəyə yüksəltməklə ifadə edə, bağbansayağı, əməyinin nəticəsinə sevinməklə öz peşəsindən zövq ala bilər:
Yaradıb bizlər üçün Tanrı bu dünyanı sinif,
Nur olub gözlərimə, həm canımın canı sinif.
Ömrümün burda keçən hər anı Cənnət yoludu,
Yaşadır hörmətini, xalqa şərəf, şanı sinif.
Kitaba verdi könül şövq ilə oğlanı, qızı,
Yurduma xoş gələcək al səhərin danı sinif.
Kim qara lövhəyə ağ, ağ vərəqə yazdı qara,
Qəlbinə tutdu çıraq daima ürfanı sinif.
Silinib getdi cəhalət yer üzündən əbədi,
Hələ sakin elədi göylərə insanı sinif.
Bu vətən torpağına gör nə dühalar yetirib,
Aləmə yaydı Günəştək ədəb-ərkanı sinif.
Məni yük eyləməyin hardasa tənha məzara,
Ayaq altında aça bir neçə taxtanı sinif.
Min şükür – etmədi, Rahib, səni möhtac təbibə,
Yazıla son gününün dərdinə dərmanı sinif.
Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi