Zəngilan şəhəri azad olundu, Qarabağ Azərbaycandır

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi;
– 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır;
– Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur;

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır;
– Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir