20 may 2021-ci il tarixdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı onlayn tədbirdə respublikamızın Prezidenti cənab İlham Əliyev çıxış edərək regionun inkişafına xidmət edən əməkdaşlıqdan, Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin öz işğalçı siyasətinin nəticəsi olmasından, Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində işğala son qoymasından və gələcək naminə yeni əməkdaşlıq gündəliyinin müəyyən olunmasından danışmışdır.
Cənab Prezident qeyd etmişdir ki, Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda regionda kəskin dəyişikliklər olmuş, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdirmiş, bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır və bölgədə fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır.
Ötən ilin sonu Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərindən əlamətdar olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmış, ilk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Hazırda Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ölkəmiz fəal şəkildə dəstəkləyir. Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar var. Cənub Qaz Dəhlizi layihəsini həyata keçirəndə bütün əsas beynəlxalq maliyyə institutları ölkəmizin tərəfdaşı olmuş, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı layihədə iştirak etmişdir. Tam aydındır ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb. Nəqliyyat, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib.
Ölkəmiz 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesi zamanı Minsk qrupunun həmsədrləri kimi Rusiya və ABŞ-ın səmimi şəkildə əməkdaşlıq edə biləcəyi ölkə kimi mühüm rol oynayıb. Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirmiş, Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar. Onlar hər hansı başqa bir məkan seçə bilərdilər. Lakin Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür.
Bu gün Azərbaycan – ABŞ münasibətlərinin böyük potensialı və perspektivi vardır. Əməkdaşlığın vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycan – İsrail münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz fəal ticarət tərəfdaşıdır və ticarətin həcmi artmaqdadır. Əməkdaşlığın digər sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilmiş, qarşılıqlı səfərlər mövcud olmuşdur. Hazırda Azərbaycan – Çin münasibətləri konstruktiv şəkildə inkişaf edir. İki ölkə arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. “İpək yolu” məsələsində Azərbaycan öz ev tapşırığını yerinə yetirib, əlaqələri gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa edib. Ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinə sərmayə yatırıb və bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir. Azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkənin şirkətləri arasında Çin şirkəti də vardır.
Avropa İttifaqı da hər zaman ölkəmizin əsas ticarət tərəfdaşı olub. Əsas ixracımız Avropa İttifaqının üzv ölkələri ilə bağlıdır və üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalamışdır və ya qəbul etmişdir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, ölkəmiz həqiqətən yaxşı və strateji tərəfdaşır. Bir neçə il əvvəl Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri haqqında razılaşma paraflanmış, hazırda yeni saziş üzərində iş aparılır. Avropa İttifaqı və Azərbaycan enerji təhlükəsizliyi məsələlərində çox yaxın tərəfdaşlardır. Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə çox geniş əməkdaşlıq gündəliyi vardır.
Hazırda azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə reallaşır, bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Məsuliyyətli və gələcək barədə düşünən ölkə kimi Azərbaycan bərpaolunan enerji üçün investorlar cəlb etməyə başlamışdır. İşğaldan azad edilmiş ərazilərdə bir neçə ay əvvəl Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı olmuşdur. İranla Azərbaycan sərhədindəki iri su anbarında böyük potensial vardır. Su anbarı işğal dövründə artıq İran tərəfindən tikilib və yeni 240 meqavat gücündə su elektrik stansiyasının tikilməsi zərurəti vardır. Ötən il 2 elektrik stansiyası – ümumi gücü 440-480 meqavat olan 1 günəş və 1 külək enerji stansiyası tikmək üçün bərpa olunan enerji üzrə dünyanın iki aparıcı şirkəti – Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 2 investisiya razılaşması imzalanmışdır. İnvestisiyalar 100 faiz şirkətlər tərəfindən qoyulacaqdır. Qarabağ üçün baş plan, “yaşıl enerji” zonası icra olunur. Ölkəmizin Rusiya, İran, Gürcüstan, Türkiyə ilə elektrik xətləri vardır və hər tərəfə enerji ixrac edirik. Elektrik enerjisi ixracı artıq on milyonlarla dollar gəlir gətirir və yüz milyonlarla gəlir gətirəcəyinə inanırıq.
Demək olar ki, 30 il çəkən işğal dövründə Azərbaycan mövqeyini birmənalı şəkildə bəyan etmişdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Onlar özü də başa düşür ki, çox böyük səhvə yol verib və vaxt itiriblər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, müstəqilliyi qazandığı zaman ilə müqayisədə vəziyyəti daha ağırdır. Çünki bu gün ordu belə yoxdur, o tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri və imkanları olardı. Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı iblisləşdirirdi, onlar ictimai rəyi çaşdırırdı və Azərbaycanın nə istədiyi ilə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı. Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başlamışdı. Ona görə də indi baş verənlər Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramdır. Onlar başa düşürlər ki, 30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar.
Bu gün “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq öz aktuallığını itirmişdir. Münaqişə ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Ölkəmiz bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb.
Buna baxmayaraq ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə minaların xəritəsini verməkdən imtina edir. İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı. Bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlamış, sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar.
Dövlətimizin başçısı bidirib ki, Azərbaycanın əməkdaşlığa hazırdır və regionun xalqları birgə yaşamağı öyrənməlidir: “Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır”. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, bunu dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Onlar gələcək haqqında düşünmürlər. Reallıq və davranış arasında fərq işimizi müdafiə etmək və mesajımızı çatdırmaq üçün üzləşdiyimiz və hələ də İkinci Qarabağ müharibəsindən sonra qarşılaşdığımız ən böyük çağırışlardan biridir.