Ulu öndər Heydər Əliyevin sayəsində 20 Yanvar hadisələri bütün dünyaya çatdırıldı.

21.01.2024
Ulu öndər Heydər Əliyevin sayəsində 20 Yanvar hadisələri bütün dünyaya çatdırıldı.

O faciəli günləri öz gözləri ilə görənlərdən biri kimi mənim üçün də həmin günləri xatırlamaq çox çətindir. 20 yanvar hadisələrdən bir iki gün keçmişdi. Artıq şəhidlərimiz torpağa tapşırılmış, xəstəxanalarda minlərlə 20 yanvarda yaralananlarımız vardı. O, vaxt mən rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyirdim. Belə qərara gəldik ki, xəstəxanalarda yatan yaralılarımıza Quba şirniyyatı, təzə meyvə və digər ərzaq məhsulları aparaq.

Düzü, bu işin təşəbbüskarı olduğum üçün qərara aldıq ki, ərzağı mən və mərkəzi xəstəxananın baş həkimi aparaq.

Yaxşı yadımdadır, bundan xəbər tutan Quba camaatı şəhərin mərkəzi meydanına öz məhsullarını daşımağa başladı. Bir-iki saat ərzində üç böyük maşın təzə mer-meyvə, ət, toyuq, Quba konserv zavodunun məhsulları ilə doldu. Yola düşdük. İrəlidə ərzaq maşınları, onların dalınca isə biz xidməti maşınımızla. Yol boyu dəfələrlə saxlandıq, Biləcəriyə yaxınlaşdıqda isə başqa mənzərə ilə qarşılaşdıq, tank və topların əlindən şəhərə girmək mümkün deyildi. Qırmızı qərənfilə boyanmış küçələrdə xəşil olmuş maşınlar hələ də yığışdırılmamışdı. Tankların üstündə oturub toplarını maşınlara tuşlayan əsgərlərin donuq, amansız gözləri, əcaib sifətləri vardı. Nə isə, şəhərin girəcəyində maşınları saxladılar və bizə əmr etdilər ki, geri qayıdaq, xəstələrə heç nə lazım deyil. Baş həkim və rəhmətlik həyat yoldaşım nə qədər danışşalar da xeyri olmadı.Mən çarəsiz qalaraq maşından düşdüm, xidməti vəsiqəmi göstərdim. Komandirlər xəstələrin ərzağa ehtiyacı olmadıqlarını, nahaq əziyyət çəkdiyimizi bildirdilər. Belə olduqda mən SSRİ Jurnalistlər İttifaqının üzvü olduğumu bildirdim və vəsiqəni onlara təqdim etdim. Başçılarına verdilər. O baş komandir mənə çest verərək vəsiqəmi qaytardı və bizə şəhərə girməyə icazə , eyni zamanda bir neçə məsləhət də verdi. Mən heç vaxt SSRİ Jurnalistlər

İttifaqının Üzvlüyündən istifadə etməmişdim. Çünki yerli hakimiyyət orqanlarında işləyirdim. Təkcə həmin vaxt evdən təkidlə mənə götürməyi tapşırılan bu bilet karıma gəldi.

Biz respublika Kliniki xəstəxanasına gəldik və baş həkimlə görüşdük. Gətirdiyimiz ərzaqları onlara təhvil verdik. Mən xahiş etdim ki, yaralılarla da görüşmək istəyirəm. Baş həkim dedi ki, görüşməyə icazə yoxdur. Çünki xəstəxananın dörd tərəfi qorxunc sifətli əsgərlərlə doludur.

Bu dəfə də təkidli xahişimizdən sonra bizə görüşməyə icazə verdilər . Biz palatalara getdik və orada gördüklərimizi heç vaxt yaddaşımızdan silə bilmərik. Qanına qəltan olmuş igid oğullarımız dəhşətli yaralar almışdılar. Əfqanıstanda qıçı yaralanmış, burada isə ayaqları tamam kəsilmiş gəncimi, başının üstündə anasının, nişanlısının ağladığı gəncimi, heç bir günahı olmayan yaşlı həmvətənlərimi yaddan çıxarmaq mümkündürmü? Palataların birində həmyerlimiz, həmin gecə yaralanmış Maliklə, o biri palatada isə hadisədən bir neçə gün sonra yaralanmış Əfqanla görüşdük. Onlar da bizə öz təşəkkürlərini bildirdilər. Həmin gün şəhidlərin qəbirlərini də ziyarət etdik.

Səhəri mən rayon Partiya Komitəsinə gəldim və o vaxt bizim birinci katibimiz olan rəhmətlik Məhəmməd Əsədovla görüşdüm. Mən Məhəmməd müəllimə ətraflı məlumat verdim, ərzağı necə çatdırdığımızı və yaralılarla görüşdüyümü bildirdim. O, qırmıızı telefonu qaldırdı və Mərkəzi Komitəyə zəng vurdu. 20 yanvar yaralılarına ərzaq aparıldığını və mənim onlarla görüşdüyümü bildirdi. Rəhmətlik Məhəmməd müəllim dedi: “ Elza xanım, təşəkkür etdilər və dedilərlər ki, ekstremistlərlə görüşməmək də olardı. Ancaq sən çox sağol, mərd qadınsan ki, bunu etmisən. Vaxt gələr haqq öz yerini tapar”.Allah Məhəmməd müəllimə qəni-qəni rəhmət etsin. Bəli, vaxt zaman gəldi və haqq öz yerini tapdı.

Bu gün mən o günlərin acı xatirələrini yaşayarkən bir daha fikirləşirəm ki, o xalq xoşbəxtdir ki, taleyinin keşməkeşli və sınaqlı dövründə dövlət sükanı arxasında qətiyyətli rəhbər dayanır. Tale iki dəfə Azərbaycan xalqına və onun müdrik oğlu Heydər Əliyevə belə bir imkan qismət etmişdi. Məhz ulu öndər Heydər Əliyevin sayəsində 20 Yanvar hadisələri bütün dünyaya çatdırıldı. Bəlkə də o vaxt Azərbaycanın dövlət sükanı arxasında ulu öndər Heydər Əliyev olsaydı 20 yanvar hadisələri baş verməzdi.

Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi isə həmişə qəlbimizdə yaşayacaqdır.

Elza Orucova-ADPU- nin Quba filialının müəllimi, əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər İttifaqının üzvü.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?