“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”

23.04.2023
<strong>“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”</strong>

1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Ulu Öndər kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Ümummilli Lider Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa, Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. İqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış, işsizlərin sayı artmışdı. Müharibə nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması böhranı aradan qaldırmağa mane olurdu.

Ulu Öndər respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş geniş müşavirədəki nitqində belə demişdi: “Azərbaycanın iqtisadi potensialı, geopolitik coğrafi vəziyyəti respublikamız, xalqımız üçün böyük, gözəl, xoşbəxt gələcək təmin edir.”

Ümummilli Lider deyirdi: “Azərbaycanın iqtisadiyyatı azad iqtisadiyyat yolu ilə gedəcəkdir. Azərbaycan böyük iqtisadi-sosial islahatlar keçirmək əzmindədir. Azərbaycan dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş olan iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedəcəkdir.”

Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Ulu Öndərin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. “Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar.”

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?