Hər bir xalqın və dövlətin tarixini, dilini, mədəniyyətini, suverenliyini, müstəqilliyini təmin edən şəxslər həmin xalqın və dövlətin şairlərləri olmuşlar. Dünyada heç bir şairi, yazıçısı olmayan xalq və ya ölkə bərqərar ola bilməmiş, tezliklə süquta uğramışdır. Öncəliklə qeyd etmək lazımdır ki, dünya ölkələrinin tanındığı müxtəlif sahələr vardır. Azərbaycan isə bu böyük arenada ədəbiyyat, xüsusən də poeziya, şeiriyyət baxımından ən ön sıralarda qərar tutub. Əgər gerçəkləri söyləmək lazımdırsa, onu deməliyik ki, ən çox çap olunma, sevilmə və oxunulma baxımından Azərbaycanın nəsr ustaları dünya üzrə ön cərgələrdə qərarlaşmamışlar. Əslində bunun səbəbi çox sadədir. Çünki Avropada, Amerikada, Asiyada bir sözlə dünyada nəsr əsərləri (roman, povest, hekayə və.s) yazan şəxslər çoxluq təşkil edir. Çünki nəsr əsəri yazmaq üçün dildə müəyyən vasitələrdən istifadə lazım deyil. Adi danışıq forması belə bəs edir. Bu da onu göstərir ki, xarici dillərdə çoxsaylı problemlər var. Yəni həmin dillərdə axıcılıq, rəvanlıq və poetiklik yoxdur. Burada dil məsələsi bir faktor təşkil etsə də, digər məqam da Azərbaycan xalqının şeiriyyətə, ədəbiyyata bağlı olduğunu göstərir. Bizlər dünyəvi arenada məsələyə şeir tərəfdən yanaşsaq vəziyyət radikal formada dəyişilir. Təvazökarlıqdan kənar olsa da, onu deməliyik ki, Azərbaycan şairləri dünya poeziyasında kifayət qədər məşhur, istedadlıdırlar. Ən çox sevilən və kifayət qədər oxunan dünya ədəbiyyatı incilərindən biri də Nizami Gəncəvi hesab olunur. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmişdir və bu hər bir Azərbaycan vətəndaşı üçün çox qürurverici və şərəfli haldır.
Bəzi xarici alimlər, şəxslər Nizamini Azərbaycan şairi kimi yox, fars, tacik şairi kimi qələmə verir. Onların dilindən səslənən suallardan biri də budur: “Siz Nizami Gəncəvini tərcümədən, bizlər isə orijinaldan oxuyuruq. İndi siz söyləyin Nizami kimin şairidir?” Əslində bu sual özündə qərəzli məqamları ehtiva edir. Nümunə olaraq, bizim görkəmli ədibimizə milliyəti baxımından tərəddüdlü baxan şəxslərə Çingiz Aytmatovu nümunə göstərmək olar. Belə ki, o, əsərlərini rus dilində yazırdı. Bəs, bu onun Rus yazıçısı olduğunumu göstərirdi? Əlbəttə, yox.
Digər bir tarixi hadisəyə nəzər salaq. Günlərin bir günü Azərbaycanda, Gəncə şəhərində Nizami Gəncəvi haqqında olan tədbirdə dünyanın müxtəlif ölkələrindən ən görkəmli alimlər gəlir. Həmin ziyalılardan biri də Tacikistanda universitet prorektoru olan görkəmli ədəbiyyatşünas idi. Ona Nizaminin əsərlərini Azərbaycanda yazması, burada yaşaması, məzarının burada olması deyilir. Ardınca isə “Niyə görə sizlər hələ də dahi şairimizi öz ədibiniz kimi qələmə verirsiniz?” sualı ünvanlanır. Tacik alimi cavab verir və qeyd edir ki, biz Nizaminin Azərbaycan oğlu olduğunu boynumuza alırıq. Amma əgər bizlər onun adını fars ədəbiyyatından çıxarsaq çox böyük boşluq baş verər.
Azərbaycan mədəniyyəti qurucusunun yaradıcılığında kifayət qədər türk mənşəli sözlərdən də istifadə olunmuşdur, həmçinin burada bütün qəhrəmanların Azərbaycana gətirilməsi, nəhəng Daranı məğlub edən İsgəndərin Azərbaycanlı qızı Nüşabəyə əyilməsi nümunə göstərilə bilər. Bütün bu proseslər ədəbiyyatımızın əsası olan Nizami fikrinin türk, ideologiyasının isə türkçülük olduğunu tam aydın formada göstərir.”
“Azərbaycan dili ədəbiyyat müəllimliyi” ixtisası, 3-cü tədris ili tələbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə Fakültə sədri – Elşən Təhməzov
(Tələbə gənclərin araşdırmasında Nizami Gəncəvi dühası)