Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək

Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək
2020-2021-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala biləcəklər. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” ölkə Prezidentinin müvafiq sərəncamında təqaüd alanların sayının tələbələrin ümumi sayına nisbətinin 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bu hədəfin reallaşdırılması üçün təhsil nazirinin müvafiq əmri ilə əlavə təqaüd yerlərinin sayı müəyyənləşdirilib. 2020-2021-ci tədris ili üzrə dövlət büdcəsi hesabına maliyyələşən əlavə təqaüd yerlərinin sayı 20 365-dir ki, əvvəlki tədris ilinə nisbətən 27.3 faiz və ya 4,365 təqaüd yeri çoxdur.  Bununla da, 2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı təhsil alan tələbələrin ümumi sayının 50 faiz nisbətinə çatdırılıb. Cari tədris ilində orta hesabla 93 min tələbə dövlət büdcəsi hesabına təqaüd alacaq. Dövlət büdcəsi hesabına ayrılan əlavə təqaüd yerləri ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasının bariz nümunəsidir və təhsildə yüksək nəticələr əldə edən tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradır. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na əsasən, hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq müəyyən edilir.

[learn_press_profile]

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?