Yanvarın 24-də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında olublar.
Səfər çərçivəsində İctimai Şuranın sədr müavini, tanınmış təhsil eksperti Nadir İsrafilov, məsul katib İlqar Orucov və Ülviyyə Mikayılova payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər. Apellyasiya Komissiyasının və İmtahan Qərargahının işi ilə yaxından tanış olaraq, komissiya sədrlərinə müxtəlif suallar verilmişdir. Həmçinin ADPU-nun Quba filialında növbəti “Açıq qapı” günündə iştirak edən valideynlərlə birgə imtahanı onlayn izləmə otağında görüş keçirilmişdir. İctimai Şura üzvləri və valideynlər kameralar vasitəsilə nəzarətçilərin və tələbələrin davranışına diqqət edərək imtahanın gedişini izləmişlər. Filialın direktoru dosent Yusif Alıyev imtahan işinin təşkili haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, hər gün 230-250 tələbənin iştirakı ilə baş tutan imtahan prosesini 18 nəzarətçi və 2 baş nəzarətçi izləyir. Tələbələr zalda səssiz və maneəsiz formada şəffaf və obyektiv şəkildə imtahan suallarını cavablandırırlar. Dosent Y.Alıyev həmçinin qeyd etdi ki, filialda təhsil mühitinin sağlamlaşdırılması, obyektivlik və şəffaflığın təmin olunması istiqamətində görülən işlərə müvafiq olaraq imtahandan sonra cavabların yoxlanılması prosesi də imtahanda olduğu kimi yüksək pikselli kameralar vasitəsilə qeydə alınır və hər hansı kənar müdaxiləyə yol verilmir.
Sonra İctimai Şuranın sədr müavini Nadir İsrafilov imtahan prosesinin gedişi ilə bağlı öz təəsüratlarını bildirərək, ADPU-nun Quba filialında müşahidə edilən imtahan prosesinin mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı məlum əmrinin tələblərinə uyğun keçirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü qeyd edərək, tələbələr üçün yaradılmış yaxşı şəraitdən, onların sərbəst formada bildiklərini yazmasına, nəzarətin ciddiliyini xüsusi vurğuladı. Daha sonra valideynlər imtahanın gedişi haqında fikirlərini bildirərək İctimai Şura üzvlərinə və Filial rəhbərliyinə bəzi suallar və təkliflər bildirdilər.
Sonra İctimai Şuranın üzvləri ilə filialın akt zalında universitetin professor-müəllim heyəti və Quba rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən tam orta məktəbin rəhbər heyəti və fəal müəllimləri ilə geniş tərkibli görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Quba filialının direktoru dosent Yusif Alıyev filiala göstərilən yüksək etimada görə Təhsil naziri cənab Ceyhun Bayramov başda olmaqla İctimai Şura üzvlərinə Filaial kollektivinin və rayonun təhsil ictimaiyyətinin adından təşəkkürünü bildirib. Qeyd etdi ki, İctimai Şuranın yaradılması ilə təhsil müəssisələrinə neqativ müdaxilələrin qarşısı alınaraq şəffaflığa zəmin yaradılmışdır. Daha sonra Y.Alıyev filialda görülmüş işlərdən, perspektiv inkişaf istiqamətindən danışaraq bildirib ki, hazırda qarşıya qoyulan məqsədlər, reallaşmasını gözləyən ideyalar çoxdur. Filialda müxtəlif funksiyalı klasterlərin qurulması haqqında bir çox layihələrin işlənib hazırlandığını qeyd edən Yusif Alıyev hazırda universitet-məktəb-bağça, universitet-televiziya-biznes klasterlərinin yaradıldığını qeyd etdi. Həmçinin qeyd etdi ki, bu ilin oktyabr ayında Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda beynəlxaql konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Məzun koordinasiya şurasının işi gücləndirilsin, tələbə təşkilatlarının rəhbərlikdə iştirakı tapşırıq əsasında deyil, daha çox tələbkarlıq, çeviklik, novatorluq əsasında qurulsun. Daha sonra İctimai Şuranın məsul katibi İlqar Orucov çıxış edərək İctimai Şuranın fəaliyyət və funksiyaaları haqqında məlumat verdi. Qeyd etdi ki, İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərir. İ.Orucov çıxışından sonra auditoriyanın ona ünvanlanan suallarına cavab verərək bu suallar əsasında təkliflər hazırlayaraq Nazirliyə təqdim edəcəyini qeyd etdi.
Daha sonra İctimai Şuranın sədr müavini Nadir İsrafilov çıxış edərək dövlətin təhsil siyasətindən, mövcud olan təhsil standartlarından, dünya təhsili ilə ölkəmizin təhsil sistemi arasındakı uyğunluq və uyğunsuzluqlardan danışaraq təhsilin ümummilli bir məsələ olduğunu qeyd etdi. Təhsil sahəsində mövcud olan bəzi problemlərin həlli yollarından danışan ekspert təhsil islahatlarını apararkən bu işə tam hazırlıqlı olmağın vacibliyini qeyd etdi.Daha sonra öz çıxışında peşəkar kadr hazırlığında universitetin üzləşdiyi mövcud reallıqların və problemlərin həlli istiqamətində fikirlərini bölüşərək filialın təşəbbüsü ilə rayonda Himayədarlar şurasının, Peşəkar təlim icmalarının yaradılmasının, filialda yay məktəblərinin təşkilinin əhəmiyyətini qeyd etdi.
Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev çıxış edərək təhsildə baş verən yeniliklərdən, tədrisdə, təlimdə üzləşilən problemlərdən, şagird-müəllim münasibətləridən danışaraq bu tip görüşlərin müəllimər, rəhbər şəxslər üçün olduqca vacib olduğunu qeyd etdi.
Sonda ictimai Şura üzvləri tədbir iştirakçılarını maraqlandıran suallara cavab verdilər.
- Mənbə: ADPU Quba filialının ictimaiyyətlə əlaqələr şöbəsi
- Müəllif: Yusif Abayev