ŞƏHİD övladı bir günlük rektor oldu.

19.09.2021
ŞƏHİD övladı bir günlük rektor oldu.

Sentyabrın 17- də ADPU-nun  Quba filialında  Vətən müharibəsi şəhidi Aqil Məlikovun ailə üzvləri və övladı Xədicə Məlikova ilə görüş baş tutdu. Bu görüş zamanı keçmiş və gələcək tariximizə nəzər salan direktor dosent Yusif Alıyev öz çıxışında ötən əsrlərdən bəri davam edən xalqımızın şücaətindən bəhs edərkən diqqətləri 2020-ci ildə baş verən Vətən müharibəsinə yönəltdi. O qeyd etdi ki, bu mübarizədə iştirak etmiş igidlərimizin misilsiz əməyinin qarşılığını heç bir zaman ödəyə bilməyəcəyik, çünki onlar bu yolda öz qanlarından, canlarından keçmişdilər. Direktor Yusif Alıyev onu da nəzərə çatdırdı ki, Vətən uğrunda şəhid olmuş heç bir vətən övladı əsla unudulmayacaq, onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Daha sonra Xədicə Məlikova Filial Elmi Şurasının qərarı ilə bir günlük ADPU-nun Quba filialının direktoru vəzifəsinə təyin edildi. Ona səlahiyyətləri haqqında ətraflı məlumat verildikdən sonra vəzifəsini icra etməyə başlamışdı. Tədris və elmi işlər üzrə direktor müavini İ. Mahmudov, tərbiyə işləri üzrə direktor müavini A. Şeydayeva, Pedaqoji fakültənin dekanı Q. İdrisov, Tədris şöbəsinin müdiri M. Bağırova, Kitabxana müdiri S.Hacıyeva, müəllimlərdən N.Süleymanov , R. Alpanlı, Ş. Seyidməmmədov öz işləri ilə bağlı yeni direktora hesabat vermiş, həmçinin gələcək fəaliyyətləri haqqında məlumat vermişdilər.
Şəhid kapitan Aqil Məlikovun vətən üçün verdiyi töhfələrdən danışarkən, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Alpanlı illər öncə Alpan kənd tam orta məktəbində Aqil Məlikova dərs keçdiyini və Şəhidimizin hər zaman nümunəvi şagirdlərdən biri olduğunu da ayrıca bildirmişdir. Daha sonra Ş.Seyidməmmədov müəllifi olduğu “44 günlük tarixi möcüzə”adlı kitabı Xədicə Məlikovaya hədiyyə etmişdir.
Filialın Heydər Əliyev lektoriyasında olarkən dos. Yusif Alıyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün necə fədakarlıqlar etdiyinə diqqət çəkərək, direktora mərkəzdə yaradılmış eksponatlar haqqında məlumat verdi. Sonra direktor Xədicə Məlikova da ümummilli lider H. Əliyev haqqında öz fikirlərini paylaşaraq ulu öndərin xidmətlərindən danışmışdır.
Sonda dos. Yusif Alıyev fikirlərini bu formada yekunlaşdırdı:
Xalqımız uzun illər boyunca çətin, məşəqqətli və bir o qədər də şərəfli, unudulmaz tarix yaşamışdır. Bu tarix boyunca Azərbaycan xalqı bir çox oğl və qızını şəhid vermişdir. İnsanın həyatında ən doğmaları onun valideynləri olur. Eləcə də valideynlərinin də övladları üçün çox böyük istəkləri, arzuları olur, onların gələcəklərinin çox parlaq olmasını istəyirlər. Düzdür, vətən yolunda canlarından keçən övladlarımızın bəziləri bunları görə bilmədi, amma əminəm ki, şəhidimiz Aqil və onun kimi şəhid olmuş digər vətən oğulları yarımçıq qalan həyat yollarının övladları tərəfindən şərəflə, ləyaqətlə davam etdiriləcəyinə əmin olublar. Onların övladları uğurlar qazandığı zaman ruhları daha da şad olacaqdır. Biz şəhidlərimizi unutmadıq, unutmayacağıq və unutdurmayacağıq, bunun üçün nə lazım gəlsə də əlimizdən gələni heç bir zaman əsirgəməyəcəyik. Onlar daim qəlbimizdə yaşayacaq, onlar daim Azərbaycanla yaşayacaq. Mən buna səmimi qəlbdən inanıram.
Onu da bildirmək istərdik ki, bu gün baş tutan görüş zamanı gözəl Xədicə balamız öz fikirləri, davranışı, təmkini və idarəetmə qabiliyyəti ilə bizləri özünə heyran etmişdir. ADPU-nun Quba filialı kollektivi olaraq onun gələcək həyatında çox böyük nailiyyətlər qazanacağına inanır və bu yolda ona çoxlu uğur arzu edirik.
Görüşdə şəhidin həyat yoldaşı, xanımı Günel Məlikova övladları və öz adından direktor dosent Yusif Alıyevə və filialın kollektivinə öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, Günel Məlikova 2004 – 2008-ci il tarixlərində ADPU-nun Quba filialının (keçmiş AMİ)”İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasını bitirmişdir.
Sonda Şəhid kapitan Aqil Məlikovun 10 yaşlı qızı Xədicə Məlikovaya filialda bir günlük uğurlu direktorluq fəaliyyətinə görə təşəkkür elan edilərək, filial kollektivi adından hədiyyə təqdim edildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?