Qlobal Bakı Forumu vacib məsələlərin müzakirəsi baxımından yadda qaldı

07.11.2021
Qlobal Bakı Forumu vacib məsələlərin müzakirəsi baxımından yadda qaldı

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır;
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir;
Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Cənub Qaz Dəhlizinin tikintisi strateji əhəmiyyət daşıyır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir.
Cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır;
Əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər görülmüşdür. Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir;
– Əhali vaksinasiya məsələsinə çox məsuliyyətlə yanaşır. Azərbaycanda əsasən iki peyvənddən istifadə olunur. “Sinovac” və “Pfizer”dən və peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır. Qlobal miqyasda Azərbaycan, həmçinin çox fəal addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanda hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi.
Rəsmi İrəvan bütün dövrlərdə işğalçı siyasət yürüdüb. Ermənistanın sabiq müdafiə naziri açıq şəkildə bəyan edirdi ki, Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Yəni, Azərbaycanın daha çox ərazisini işğal etməklə bağlı aşkar hədələmə. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri səssiz qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı hətta mesaj belə vermədilər. Ermənistan rəhbərliyinin atdığı bir sıra digər addımlar və verdiyi bəyanatlar Azərbaycanı təhrik etməyə yönəlmişdi;
Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib.
30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Gələcək naminə tərəflərin regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?