Prezident İlham Əliyevin 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.

13.10.2021
Prezident İlham Əliyevin 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub.

Dövlətimizin başçısı Tuğ kəndini gəzib və ictimaiyyət nümayəndələri ilə söhbət edib:

“Əziz dostlar, bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Sizi və bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Bu günü sizinlə birlikdə burada – Hadrutda qeyd etmək, hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir. Biz uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır”.

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə – Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik.

Yalan üzərinə qurulmuş erməni siyasətindən danışan Cənab İlham Əliyev qeyd etmişdir ki, Ermənistanın tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamırdı. Müharibə dövründə də Ermənistan rəsmi orqanları yalan məlumatlar yayırdılar.

“Biz Hadrutu bərpa edəcəyik” – deyə Ali Baş Komandan bildirib:

Hadrut beynəlxalq mədəniyyət və turizm mərkəzi olacaqdır. Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Azərbaycan Hadrutu bərpa edəcək. Hadrutun baş planının ilk layihəsi artıq hazırlanıb. Yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq olunacaqdır. Artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir.

Ermənistan torpağımızı işğal edərək Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyub, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular.

Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar, yandırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib. Həmçinin Cəbrayılda.

Daha sonra dövlət başçısı müharibə zamanı insanlarımızın fədakarlığını vurğulamışdır:

Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin fəaliyyətini unutmaq  olmaz. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Yaralılar döyüş meydanından dərhal çıxarılaraq sanitar maşınlarla ən yaxın olan tibb mərkəzinə aparılırdı. Həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər. Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir verdikdə görünür ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi.

Zəfərdən danışarkən xalqımızın həmrəyliyini qeyd etməliyik. Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı və Qələbəyə inandı. Bunun nəticəsində Azərbaycan tarixi Zəfər çaldı.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?