Görüşdə qonaq nümayəndə heyəti və filialın struktur bölmə rəhbərləri iştirak edib.
Əvvəlcə dosent Yusif Alıyev ADPU-nun Quba filialına səfər etmiş Özbəkistanın Termiz Dövlət Universitetinin nümayəndə heyətini salamlayaraq işgüzar əlaqələrin qurulmasına görə təşəkkürlərini bildirib. Bu əməkdaşlığa göstərdikləri təşkilatı dəstəyə görə ADPU-nun rektoru professor Cəfər Cəfərova, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya, hər iki ölkənin səfirliklərinə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mərkəzinə, xüsusi olaraq mərkəzin direktoru Samir Abbasova minnətdarlığını bildirib.
Dosent Y.Alıyev qeyd edib ki, Özbəkistan və Azərbaycan qardaşlığı bizim üçün olduqca əhəmiyyətlidir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyun ayının 21-də Özbəkistan Respublikasına dövlət səfərinə də toxunaraq bu görüşün ölkələrimiz arasında həyata keçirilən qarşılıqlı siyasi və iqtisadi əlaqələrə belə görüşlərn əhəmiyyətli dərəcədə təsir etdiyini diqqətə çatdırıb.
Daha sonra dosent Y.Alıyev qeyd edib ki, region universitetləri olaraq Termiz Dövlət Universiteti və ADPU-nun Quba filialı olaraq təhsilin inkişafına baxış və yanaşmalarımız eynidir. Buna görə də qarşılıqlı təcrübəsindən faydalanmaq üçün əməkdaşlıqla bağlı işləri davam etdirməyə hazırıq. Dos.Y.Alıyev həm də Sovetlər dönəmində ADPU-da çoxlu sayda özbək tələbənin təhsil aldığını və bununla da Özbəkistanın təhsil tarixində Azərbaycan Pedaqoji Universitetinin də danilmaz ənənələrinin olduğunu diqqətə çatdırıb.
Daha sonra filialda yeni yaradılan fakültələr, şöbələr haqqında və bölgə üçün əhəmiyyət kəsb edən yeni açılan ixtisaslar haqqında məlumat verib.
Özbəkistan Termiz Dövlət Universitetinin prorektoru Obodjan Şofiyev də öz növbəsində qonaqpərvərliyə, səmimi münasibətə, qurulan əməkdaşlığa görə təşəkkür edib. Vurğulayıb ki, filialda nümayəndə heyətini rəhbərlikdən tutmuş, bütün strukturlar, professor-müəllim və tələbə kollektivi olduqca yüksək səviyyədə qarşılayıb. Sizdə olduğu kimi bizdə də qonağı özümüzdən yüksək tuturuq. Çünki tarixi köklərimiz eyni olduğuna görə mədəniyyətlərimizdə, ədəbiyyatımızda, ənənələrimizdə bir çox oxşarlıqlar var.
Bu gün də tarixən böyük əhəmiyyətə malik olan Özbəkistan Azərbaycan əlaqələri indi də öz dəyərini yüksək səviyyədə qoruyur,
bizlər qardaş ölkələr kimi bu əməkdaşlıqda yeni əlaqələr yaratmağa müvəffəq olacağıq. Bu gün keçirilən görüş də tarixi hadisənin başlanğıcıdır.
Sonra dosent Yusif Alıyev qonaqlara bu işgüzar səfərin nəticəsi olaraq Azərbaycan Özbəkistan qardaşlığı və dostluğunun daha da möhkəmləndirilməsi, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahəsi üzrə yeni imkanların yaradılması baxımından multikultural və tolerantlıq ənənələrinə sadiq qalan Quba şəhərində yerləşən ADPU-nun Quba filialında böyük özbək ədəbiyyatşünası, yazar, müasir klassik özbək ədəbiyyatının banilərindən biri, əslən Azərbaycandan olan Masqud Şeyxzadə adına “Azərbaycan-Özbəkistan ədəbiyyat və mədəniyyət Mərkəzi”nin yaradılması ilə bağlı təklif irəli sürülmüşdür.
Termiz Dövlət Universitetinin nümayəndə heyəti bu təklifi alqışlamış və universitet olaraq bu Mərkəzə bütün mümkün imkanlar daxilində dəstək olacaqlarını söyləmişlər.
Sonra qarşıda duran digər məsələlər də müzakirə edilmişdir.
Sonda ADPU-nun Quba filialın direktoru dosent Yusif Alıyev ADPU-nun rektoru professor Cəfər Cəfərovun və filial kollektivinin səmimi salamlarını Termiz Dövlət Universitetinin rektoru professor Avazcon Maraximova çatdırmalarını xahiş edib.