
ADPU-nun Quba filialı yüksək təhsilin əlçatan ünvanı olmaqla bərabər, hazırladığı məzunların ali təhsildə yeni pillələr üzrə inkişaflarında da maraqlıdır. Çünki bütün pedaqoji heyət, başda filialın direktoru dosent Yusif Alıyev olmaqla dərk edir ki, cəmiyyətin inkişafında mühüm faktorlardan biri də şübhəsiz təhsildir. Demək olar ki, son 4 ildir filialı bitirən məzunların böyük əksəriyyəti magistratura pilləsində təhsil almaq üçün böyük nəticələr sərgiləyirlər. 2022/2023-cü tədris ilində də 194 nəfər məzun tələbədən 40 nəfəri magistratura imtahanlarında iştirak etmiş, onlardan 30 nəfəri keçid balını toplayaraq ixtisas seçimi mərhələsinə buraxılmış, seçim turunda isə 21 nəfər builki məzunumuz respublikanın müxtəlif ali təhsil müəssisələrinin magistratura pilləsinə daxil olmuşlar.
Bütün kollektiv olaraq Şimal bölgəsinin yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələrinin rekord nəticələrlə magistratura pilləsinə qəbul olmaları ilə qürur hissi keçiririk. Qeyd edək ki, ADPU-nun Quba filialından son 3 ildə magistraturaya qəbul olan tələbə sayına nəzər salsaq bu il ən yüksək nəticə əldə etdildiyinin şahidi olarıq. Belə ki, magistraturaya 2021/2022-ci tədris ilində 15 nəfər, 2022/2023-cü tədris ilində 16 nəfər qəbul olsa da, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş tələbələrimizin sayı 21 nəfərə yüksəldi. Onlardan 10 nəfər “Tarix və coğrafiya müəllimliyi”, 3 nəfər “İbtidai sinif müəllimliyi”, 5 nəfər “Riyaziyyat və informatika müəllimliyi”, 1 nəfər “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, 2 nəfər “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarının məzunlarıdır.
Aparılan təhlillərə əsasən,
1. UNEC-ə 5 nəfər,
2. ADPU-ya 2 nəfər,
3. Lənkaran Dövlət Universitetinə 3 nəfər,
4. Turizm və Menecment Universitetinə 2 nəfər,
5. Xəzər Universitetinə 2 nəfər,
6. Bakı Dövlət Universitetinə 1 nəfər,
7. Qərbi Kaspi Universitetinə 1nəfər,
8. Azərbaycan Texnologiya Universitetinə 1 nəfər,
9. Bakı Slavyan Universitetinə 1 nəfər,
10. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 1 nəfər,
11. Sumqayıt Dövlət Universitetinə 1 nəfər,
12. Naxçıvan Müəllimlər İnstitutuna 1 nəfər tələbəmiz qəbul olmuşdur.
Bu il ikinci dəfə tələbələrimizin sırasından xarici universitetin magistratura pilləsinə qəbul olan tələbə də var. Bu “Tarix və coğrafiya müəllimiyi” ixtisasının tələbəsi Hacıyev Həzrət Polşada WSB Universitetinin magistartura pilləsinə qəbul olmuşdur. Magistratura imtahanlarının nəticələrinə əsasən məzunlarımızdan ən yüksək bal göstəricisi də filialın “Tarix coğrafiya müəllimliyi” ixtisasının məzunu Fərhadlı Murada (81 bal) və Riyaziyyat informatika üməllimliyi ixtisasının məzunu Məmmdov Nailə (81 bal) aiddir.
Heç şebhəsiz ki, bu uğurlara ADPU-nun Quba filialının güclü kollektivinin böyük əməyi sayəsində imza atılıb.
Filialın direktoru dosent Yusif Alıyevin “Təhsil hər zaman bütün uğurların açarı olaraq qalacaq. Böyük Nizami oğluna nə deyir? «Ucalmaq istəsən bir kamala çat, Kamala ehtiram göstərər həyat… Məndən söyləməkdir, səndən eşitmək, Bir insan əliboş gəzməsin gərək» dediyi sözləri layiqincə doğrultmağı bacaran bütün məzunlarımızı, hazırladığımız elm, irfan, mərifət aşiqlərini bir daha səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzu edirik. Uğurunuz uğurumuzdur, əziz məzunlarımız.





















