“Gender bərabərliyinin regionlarda inkişafının Quba modeli: Qadınların ali təhsilə cəlb edilməsinin əhəmiyyəti ” mövzusunda konfrans keçirilib

21.06.2021
“Gender bərabərliyinin regionlarda inkişafının Quba modeli: Qadınların ali təhsilə cəlb edilməsinin əhəmiyyəti ” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon mərkəzinin təşkilatçılığı, ölkəmizin ilk qadın Səhiyyə naziri Kübrə Fərəcovanın anadan olmasının 114 illiyi münasibəti ilə “Gender bərabərliyinin regionlarda inkişafının Quba modeli: Qadınların ali təhsilə cəlb edilməsinin əhəmiyyəti ” adlı konfrans keçirilib.

Öncə filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva tədbirin mahiyyəti, məqsədi barədə məlumat verib. Onun moderatorluğu ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Daha sonra ADPU-nun Quba filialının direktoru dos. Y.İ.Alıyevin “Quba  tarixin və müasir dövrün tolerantlıq, mədəniyyət, təhsil  nümunəsi kimi” mövzusunda giriş nitqi dinlənilib. Direktor bildirib ki, ictimai-siyasi həyatda qadınların  rolunun qiymətləndirilməsi baxımından Quba xeyli inkişaf edib. Burada qadınların kişilərlə bərabər təhsil hüquqları təmin olunub. Tələbələrin əksəriyyəti uğurlu götəricilərinə əsasən, təhsilllərini dünyanın yüksək ali təhsil müəssisələrində davam etdirirlər. Filialda da Quba mühitinin təsiri olaraq gender bərabərliyi kifayət qədər qorunub. Burada gender üstünlüyü qadınların timsalında əksini tapıb və filal bu tendensiyadan məqsədyönlü şəkildə yararlanmağa çalışır. Direktor bildirib ki, tədbirin Azərbaycanın ilk səhiyyə naziri olmuş Kübra Fərəcovanın doğum günündə keçirilməsi təsadüfi deyil. Filialda həm də yüksək təhsil göstəricilərinə görə fərqlənən tələbələr ali təqaüdlərlə təmin olunublar. Onlar arasında Kübra Fərəcova və Badisəba Köçərlinin adına təqaüdlər də yer almaqdadır. Y. Alıyev vurğulayıb ki, Qubada insanlara qarşı cinsi ayrı-seçkilik müşahidə edilmir. Bu kimi məsələlər qanunvericiliyin tələblərinə tamamilə uyğunlaşdırılıb. Filial qadın və kişilərin bərabər səviyyədə karyera imkanlarının müəyyən edilməsi üçün əlindən gələni əsirgəmir. Çünki bu, dövlətin siyasətidir. Çıxışının sonunda Y. Alıyev konfransın işinə uğurlar arzulayıb.

Tədbirin davamı olaraq ADPU Quba filialının tələbəsi Səma Asəfovanın ifasında qadınalara həsr olunan şeir dinlənilib.

Millət vəkili Pərvin Kərimzadə “Azərbaycan qadınları dünəndən bu günə – Qadınların təhsilin inkişafında rolu” mövzusunda məruzə edib. Bildirib ki, ölkəmizdə cinsi ayrı-seçkilik, qadınlara qarşı qadağalar yolverilməzdir.  Hətta bəzən qadınlar kişilərlə müqayisədə daha üstün mövqelərə çıxırlar. Bu şəraiti yaradan isə dövlətdir. Onun sözlərinə görə, Azərbaycan qadını Şərqdə yaşamasına baxmayaraq, həmişə sözünü deməyi bacarıb və cəmiyyəti tərəfindən dəstəklənib. O, Məshəti Gəncəvinin timsalında qadının ictimai həyatda rolunu yüksək qiymətləndirib Bildirib ki, dahi şair Nizami Gəncəvi də əsərlərində qadın obrazlarına çox üstünlük verib. P. Kərimzadə bildirib ki, təhsil müəssisələrində müəllim və direktorların əksəriyyəti qadınlardan ibarətdir. O. Təmsil etdiyi Gəncə Dövlət Universitetində tələbələrn 64%-nin qızlardan ibarət olduğunu deyib. Azərbaycan qadınının ailəsinə bağlı olaraq daha yaxşı nəsil yetişdirdiyini vurğulayıb. Qadınların uğurunda özgüvənli kişilərin rolundan bəhs edib. Uğurlu qadınların sayı artdıqca ölkədə vəziyyətin daha da yaxşılaşacağına inamını ifadə edib. Vurğulayıb ki, Azərbaycan regionda sülh və sabitliyin təmin olunduğu ölkələrin başında gəlir və burada qadınların rolu əvəzsizdir.

YAP Quba rayon təşkilatının sədri Yusif Abidov “Qubalı xanımların dövlət əhəmiyyətli işlərdə fəallığı” məruzəsində gender bərabərliyinin mahiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan bu istiqamətdə xeyli beynəlxalq kovensiyalara qoşulub, qadınların hüquqlarının qorunması ölkəmizdə ən ümdə məsələlərdəndir. Azərbaycan qadını dövlətin ictimai-siyasi həyatında böyük rola malikdir. Y. Abidov Azərbaycanın qalib ölkəyə çevrilməsində Zərifə Əliyevanın timsalında Azərbaycan qadınının rolunu qeyd edib. Ölkə tarixi və mədəniyyətində mühüm rol oynamış qadınlardan nümunələr gətirib. Şəhid analarının qəhrəmanlığını xüsusilə vurğulayıb. Vətən müharibəsindəki zəfəri bütün Azərbaycan qadınlarının qələbəsi kimi qiymətləndirib. Azərbaycan qadınına həssas yanaşmağın, onun üçün hər cür şəraitin yaradılmasının zəruriliyini qeyd edib.

Daha sonra ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekanı f.f.d. Qələmşah İdrisov “Kübrə Fərəcova ilk qadın səhiyyə naziri, qız məktəbi təsisçisi kimi” mövzusunda məruzə edib. Çıxışda Kübra Fərəcovanın qızların təhsilə cəlbində, maarifləndirmə işlərində rolundan bəhs edilib. Onun qız məktəbinin təsisçisiolaraq Azərbaycan maarifinə verdiyi üstünlükləri sadalayıb.

ADPU-nun Quba filialının I tədris ili tələbəsi Səma Asəfova regionlarda qadınların ali təhsilə cəlb edilməsinin əhəmiyyətindən bəhs edib.  Bildirib ki, bu, regionun gələcək sosial-ictimai inkişafı baxımından önəmlidir.

Tədbir Azərbaycan qadınlarına aid video-çarxın nümayiş etdirilməsi ilə yekunlaşıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?