Noyabrın 14-də Səbail rayonu Gənclər və İdman İdarəsinin (Gİİ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Pedaqoji Universitetdə Vətən müharibəsində qazanılan qələbənin birinci ildönümünə həsr olunmuş “Xarıbülbül” adlı “Nə? Harada? Nə zaman?” (NHN) formatında intellektual oyun keçirilib.
Oyunda filialın “Assasins Creed” komandası da iştirak edib və qalib olub.Komandanın tərkibində filialın TGT sədri Səyyad Nəcəfov, İOK sədri Elxan Əskərov, və Babayev Ələkbər də yarışıb.
PS.Yarışın rəsmi açılış mərasimində iştirak edən Səbail rayonu Gİİ-nin əməkdaşı Xasay Vəliyev uzun fasilədən sonra belə bir mövzuda baş tutan ənənəvi intellektual oyunun vacibliyini diqqətə çatdırmış və iştirakçılara uğurlar arzu etmişdir.
Daha sonra çıxış edən ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli də yarış iştirakçılarına uğurlar diləmiş və bu qəbildən olan layihələrin daha mütəmadi, silsilə formada həyata keçirilməsi istiqamətində fəaliyyətlərin artırılmasının mühüm olduğunu qeyd etmişdir.
Yarışda iştirak edən 16 komandadan yekun göstəricilərə əsasən ən yaxşı nəticəyə malik olan 3-ü mükafatlandırılmışdır. Yarışın qalibi 13 xalla ADPU-nun Quba filialını təmsil edən “Assasins Creed” komandası, 2-ci yerin sahibi 12 xalla ADPU-nun Ağcabədi filialını təmsil edən “Harop” komandası, 3-cü yerin sahibi isə ADPU-nun Şəki filialını təmsil edən “Volves” komandası olmuşdur.
Son olaraq iştirak edən bütün komandalara və göstərilən dəstəyə görə Universitet rəhbərliyinə, Səbail Gİİ-yə və ATGTİ-yə minnətdarlığını bildirən ATGTİ-nin sədr müavini, ADPU TGT-nin sədri İsmayıl Nəsirov ADPU-da intellektual hərakatın yeni dönəmə qədəm qoyacağını və bu tip oyunların daha davamlı şəkildə həyata keçiriləcəyini vurğulamışdır.
Qalib komandamıza bir daha filialın direktoru dos.Y.Alıyevin və bütün kollektivin adından təbrik edir, daha böyük uğurlar arzu edirik.