May ayının 13-də Filialın Ədəbiyyat və dillər kafedrasının iclası keçirilib.İclasda filialın direktoru dosent Yusif Alıyev də iştirak edib.İclası açıq elan edən kafedra müdiri dos.Gülşən Ağabəy gündəlikdə duran məsələləri səsləndirib, çıxışlara keçməzdən əvvəl qeyd edib ki, bu gün həm də kafedranın baş müəllimləri Eyvaz Şeydayev və Aysel Şeydayevanın (Sosial və humanitar məsələlər üzrə direktor müavini) doğum günüdür. Bu münasibətlə əməkdaşları təbrik edən dos.Yusif Alıyev filialda əməkdaşlara göstərilən diqqət və qayğıdan söhbət açıb, hər bir əməkdaşın uğurunu filialın uğuru kimi dəyərləndirib. Qeyd edib ki, 65 yubiley yaşı tamam olan Eyvaz Şeydayev və doğum günü olan Aysel Şeydayeva pedaqoji kollektivdə şəxsi nümunəsi ilə seçilirlər. Onların fəaliyyət yolu, pedaqoq kimi təcrübəsi gələcək nəsillərin təlim və tərbiyəsində əvəzsizdir.Sonra hər iki əməkdaşa filial rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib.
Kafedranın müdiri dos. Gülşən Ağabəy də əməkdaşlara xüsusi təbriklərini çatdırıb, iş və şəxsi həyatlarında nailiyyətlər arzu edib. Eyvaz Şeydayev və A.Şeydayeva da filialın direktoru dos.Y.Alıyevə, kafedra müdiri dos.G.Ağabəyə, kafedra əməkdaşlarına göstərdikləri diqqətə görə təşəkkür ediblər.
Çıxış edən Rahib Sədullayev də əməkdaşları təbrik edib, sonra Eyvaz Şeydayevə həsr etdiyi şeiri səsləndirib.
“Eyvaz müəllim əsl müəllimdir, öyrədəndir. O, həm də pedaqoji xəzinədir. Onu öyrənməyə dəyər. Sabahın müəllimləri ondan tədris etdiyi fənlə yanaşı, əsl müəllimliyin sirlərini də öyrənməlidirlər ki, gələcəkdə uğur qazansınlar.
Biz bu sirri necə yozaq,
Eyvaz müəllim? –
Həm yaxınsan, həm də uzaq,
Eyvaz müəllim.
Ömür nədi il gözündə?
Həsrət yanıb kül – gözündə,
Hərdən açır dil gözün də,
Eyvaz müəllim.
Saçın seyrək, boyun bəstə,
Kaş olaydım sən həvəsdə.
Loğman sanar səni xəstə
Eyvaz müəllim!
Çəkib gedir illər yaşı,
Dindirirsən dağı daşı,
Zər qədrini bilməz naşı,
Eyvaz müəllim!
Can deyənlər gen düşəndə,
Yollarına çən düşəndə,
Tez atlandın sən düşəndə,
Eyvaz müəllim!
Adam var ki sözə dəymir,
Od-ocağı közə dəymir,
Bülbül oxur, gözə dəymir,
Eyvaz müəllim!
İlham dedi: – Rahib, bitir,
Dinləmədi qələm, sətir,
Dünya dərddi, biz də çətir,
Eyvaz müəllim!
Eyvaz müəllim!
Daha sonra gündəlikdə duran məsələlərlə bağlı çıxışlar dinlənilib, kafedra müəllimlərinə Bölmə rəhbərləri Eyvaz Şeydayev, Rahib Sədullayev, Elnurə Əhmədova tərəfindən müxtəlif tövsiyə və tapşırıqlar verilib.