Elmi tədqiqat sahəsinə marağı olanların bu istiqamətdə fəaliyyətlərini genişləndirmələri üçün ən uyğun variant doktoranturaya qəbuldur. Təsadüfi deyil ki, ali təhsil müəssisəsinin perspektivlərindən danışılarkən həm də doktorantlarının sayı qeyd edilir.
Bəs, doktoranturaya qəbul hansı qaydalar əsasında aparılır?
Bu prosedur “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Qərara görə, doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Sözügedən qərara 2019-cu ildə edilən dəyişikliyə görə, magistr dissertasiyasını müdafiə edən Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunurlar. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil seçimi sərbəst olsa da, rus dili istisnadır və seçim ixtisasa uyğun olmalıdır. Ancaq xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. Eyni zamanda xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda baş tutur. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın məzmunu (proqramı) AMEA və Nazirlik tərəfindən birgə müəyyənləşdirilir.
İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alanlar buraxılırlar. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan elmi rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın sədri ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini təyin edilir. Bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, müvafiq olaraq komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri) və dosentlər daxil edilir.
Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər. Qərar barədə məlumat şəxsin ərizəsində göstərdiyi ünvana və ya elektron poçt ünvanına göndərilir. Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən sonra 3 iş günü müddətində ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbərinə apellyasiya ərizəsi ilə müraciət edə bilər. Müəssisə rəhbəri 5 iş günü müddətində müraciətə baxmalı və əsaslandırılmış qərar qəbul etməlidir. Qərardan inzibati qaydada və məhkəməyə şikayət edilə bilər.
Fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər isə ixtisas fənnindən və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də fəlsəfə doktoru imtahanları verirlər.