Beynəlxalq Ana dili gününə həsr olunan seminarda yeni əməkdaşlıq memorandumu müzakirə edildi

Beynəlxalq Ana dili gününə həsr olunan seminarda yeni əməkdaşlıq  memorandumu müzakirə edildi

Bu gün ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə “Ana dilinin saflığının qorunması bizim vətəndaşlıq borcumuzdur” mövzusunda onlayn elmi seminar keçirilib. Saat 12:00-da Zoom platforması üzərindən keçirilən seminar 21 Fevral  Beynəlxalq Ana dili gününə həsr olunub.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan seminarda filialın direktoru dos. Yusif Alıyev, Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən Ağabəy, Ədəbiyyat və dillər kafedrasının müəllimi Eyvaz Şeydayev, Rahib Sədullayev, Pedaqoji fənlər fakültəsinin dekanı Qələmşah İdrisov və digər tələbə-müəllim kollektivi iştirak edib. Seminara həmçinin qonaq qismində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, Filologiya üzrə fəlsəfə doktoru Fidan Abdurəhmanova da qatılıblar.

Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən Ağabəyin tədbir iştirakçılarını təqdim etməsi və seminarın müzakirə istiqamətlərinə aydınlıq gətirməsindən sonra filalın direktoru dos. Yusif Alıyev tədbir təşkilatçılarına təşəkkür edərək bildirib ki, ADPU Quba filialı Azərbaycan dilinin keşiyində dayanan mərkəzlərdən biridir. Direktor həmçinin Ədəbiyyat və dillər kafedrasının müəllimlərinin tədqiq etdiyi, dili zənginləşdirən detallardan, Beynəlxalq Ana dili gününün təsis edilməsi tarixindən söz açıb. Bildirib ki, Azərbaycan türkcəsinin kargüzarlıqla yanaşı, ədəbiyyat və məişət dili kimi saflığını qoruması istiqamətində xeyli işlər görülür. Çıxışda həm də ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə verdiyi töhvələrdən bəhs olunub. Bakı Dövlət Universitetində keçirilən mərasimdə ulu öndərin Azərbaycan dilində çıxış edərək izləyiciləri heyran qoyması xatırlanıb. Həmçinin qloballaşmanın ana dilinə təsiri ilə bağlı görülən işlərə aydınlıq gətirilərək qeyd olunub ki, yaxın 30-40 ildə bəzi dillərin varlığına son qoyulacaq. Tədbirdə həmçinin ana dilinin qorunmasında rolu olan ədiblər – Mikayıl Rəfili, Ağamusa Axundov və digərləri xatırlanıb.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva tədbir iştirakçılarını Beynəlxalq Ana dili günü münasibətilə təbrik edib. Professor çıxışında Monitorinq Mərkəzinin yaradılması tarixi, funksiyaları, dilin saflığının qorunmasında rolu, fəaliyyətindən bəhs edib. Mərkəzin 61 sayt üzərində Ana dilindən istifadə qaydaları ilə bağlı monitorinq apardığı, nəticələrin yaxın vaxtlarda iki hesabat şəklində elan olunacağı bildirilib. KİV-lərdə dilin saflığının qorunması istiqamətində işlərin zəruriliyi vurğulanıb.

Filologiya üzrə fəlsəfə doktoru Fidan Abdurəhmanova isə çıxışında dilin qorunması, qloballaşma prosesi gedişində unudulmamaq üçün görülməsi zəruri olan işər, gənclərin yad sözlərə meyli, müasir texnologiya və mobil tətbiqlərin adlarının alternativ ifadələrlə əvəzlənməsi, müasir dövrdə çıxan bədii ədəbiyyatların sillabuslara salınması, rus dilindən olan sözlərin ümumişləklik qazanması problemlərinə toxunub.

Ədəbiyyat və dillər kafedrasının müəllimi Eyvaz Şeydayev  qeyd edib ki, 2400 dilin məhv olma təhlükəsi var. 200-dən artıq dil isə artıq yoxa çıxıb. O, dilin saflığının qorunması üçün iki mühüm istiqamətin zəruriliyini qeyd edib: dilə dövlət qayısı və danışanların dilə sevgisi. Həmçinin  vurğulayıb ki, inzibati, həvəsləndiri və qabaqlayıcı olmaqla üç istiqamətdə tədbirlər həyata keçirilməlidir.

Ədəbiyyat və dillər kafedrasının müəllimi Rahib Sədullayev isə bütün dillərə hörmət, qloballaşmanın müsbət və mənfi tərəfləri və ana dilinə tərcümə zamanı yol verilən xətalar mövzusu ilə seminarı davam etdirib.

Tədbirdə həm də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə ADPU Quba filialı arasında əməkdaşlıq memorandumunun imzalanmasının detalları müzakirə olunub. Bildirilib ki, bu, həm də tədqiqat istiqamətlərinin müəyyənəşdirilməsinə böyük töhvə hesab edilə bilər. Bu istiqamətdə ali təhsil müəssisələrinin müəllimləri ilə təlimlərin təşkili də vurğulanıb.

Tələbələrin ana dilinə həsr olunan müxtəlif şeirləri səsləndirməsi ilə davam edən seminar Emin Sabitoğlunun “Şirin dil” musiqisinin sədaları altında yekunlaşıb.

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?