Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ağdam şəhəri Günü ilə əlaqədar “Azərbaycanın liderlik strategiyası və qələbənin fəlsəfəsi” mövzusunda Filialın Şəhid Nuran Mirzəyev adına auditoriyasında tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilib, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə fizika elmləri doktoru, dosent, Qabaqcıl təhsil işçisi, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev açılış nitqi ilə çıxış edib, vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdə və diplomat məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu və Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı sayılan Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı.
Daha sonra tədbirdə Mürvət Əliyev – Humanitar və sosial elmlər fakültəsinin dekanı, Gülşən Ağabəy – Filialın Ədəbiyyat və dillər kafedrasının müdiri, Seyid Cabbarov – Filialın İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri mövzu ətrafında çıxış edib, tarixi məqamlara toxunublar, Filialın Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi Nurtəkin Məmmədova isə “Azərbaycan bayrağı” şeirini səsləndirib.