Azərbaycan qlobal təşəbbüslər ölkəsidir

06.11.2021
Azərbaycan qlobal təşəbbüslər ölkəsidir

Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilib.

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.

Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Cənub Qaz Dəhlizinin tikintisi strateji əhəmiyyət daşıyır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?