Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir

04.06.2021
Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir

 Prezident cənab  İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 31 may 2021-ci il tarixində keçirilmiş 74-cü sessiyasında çıxış edərkən bildirmişdir ki, pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüşdür. COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.

Pandemiya ilə mübarizənin hazırki mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimində tədricən yumşaldılma prosesi getməkdədir. Ölkədə cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin 20 faiz hissəsini təşkil edir.  Ölkəmiz dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.

Pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmiş, qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir.

Hamımıza yaxşı məlumdur ki, pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir.

Hazırda bəşəriyyətin qarşısında duran bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır.

Eyni zamanda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayır. Ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır. Azərbaycan koronavirusla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmiş,  30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.

Azərbaycan  artıq dünya dövlətləri arasında öz sözünü deyə bilən, hadisələrə qısa zamanda reaksiya verə bilən dövlətlər sırasındadır. Bu uğurlu siyasət bundan sonra da davamlı həyata keçiriləcəkdir. Məqsədimiz müstəqil ölkəmizi  daha da inkişaf etdirmək, dünyaya tanıtmaqdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?