14 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı yaradılmışdır. Filial 2,5 ha ərazidə 2 və 3 mərtəbəli 2 binada yerləşir. Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” olmaqla yalnız 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, 2007-ci il də isə “Azərbaycan dili və ədəbiyyatı”, “Tarix və coğrafiya” ixtisasları olmaqla əlavə 2 ixtisas üzrə də qəbul həyata keçirilmişdir. 2011-ci ildə “Təhsildə sosial-psixoloji xidmət”,2013-cü ildə “Riyaziyyat və informatika müəllimliyi və həmin il də yenidən bərpa edilmiş “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları hesabına sayı 6-a çatdırılmışdır. Ölkə başçısının 26 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmuş və AMİ-nin filialları ADPU-nun filialları hesab edilmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bir ali təhsil müəssisəsi kimi ötən 26 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 2 mindən artıq ilkin kadr hazırlığı həyata keçirmiş, elmi-pedaqoji kadr potensialı formalaşdırmışdır.