Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının təqdimatı keçirilib

12.06.2019
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının təqdimatı keçirilib

İyun ayının 12-də Quba Rayon Gənclər Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının təqdimatı keçirilib.

Təqdimat zamanı filialın direktoru, professor Əli Allahverdiyev, Quba Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tarıyel İbrahimov, Quba RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Məmmədov, Quba Rayon Gənclər və İdman İdarəsinin müdiri Mustafa Nöhbalayev, Quba Rayon Təhsil Şöbəsinin (RTŞ) metodkabinet rəhbəri Namik Hümbətov, Quba şəhəri 1, 4, 5, 6, 7, saylı, Quba şəhəri Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin, Quba şəhər Texniki təmayüllü liseyin və Quba Rayonu Alekseyevka, I Nügədi kənd tam orta məktəblərinin müəllim və buraxılış sinif şagirdləri iştirak edib.

Keçirilən təqdimat mərasimini açıq elan edən, Quba RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tarıyel İbrahimov ADPU-nun Quba Filialının təqdimatının keçirilməsinin abituriyentlər üçün əhəmiyyətindən danışıb və qeyd edib ki, bu təqdimat nəticəsində gənclər üçün yeni imkanlar açılır.

Tədbirdə çıxış edən filialın direktoru, professor Əli Allahverdiyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tədris prosesi və fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, müasir təhsil modelini əsas tutaraq cəmiyyətə savadlı mütəxəssis və bu dövlət üçün ləyaqətli vətəndaş yetişdirən ADPU-nun Quba Filialı üçün keyfiyyətli təhsil əsas meyardır.

Daha sonra tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva ADPU-nun Quba Filialı haqqında slaydlarla ətraflı məlumat verib. Aysel Şeydayeva tədris olunan müxtəlif fənlər, filialdakı ixtisaslar barədə ətraflı məlumat verərək qeyd edib ki, filialda bütün tələbələr üçün yüksək səviyyədə tədris şəraiti yaradılıb, dərslər İKT-nin müasir avadanlıqlarından istifadə etməklə aparılır.

Sonra tədbirdə filialın “Ədəbiyyat və dillər” kafedrasının baş müəllimi Eyvaz Şeydayev, “Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Elbrus Əhmədov çıxış edərək filialda tələbə-gənclər üçün yaradılmış tədris şəraitindən, təhsilimizə göstərilən dövlət qayğısından, filialın pedaqoji və tələbə kollektivinin uğurlarından danışıblar. Daha sonra tədbirdə Quba RTŞ-nin metodkabinetinin rəhbəri Namik Hümbətov çıxış edib və ADPU-nun Quba filialının məzunu olaraq təhsilin əhəmiyyətindən, filialda yaradılan şəraitdən danışıb, müasir dövrdə filial rəhbərliyi tərəfindən yaradıcı və istedadlı  gənclər üçün açılan imkanlar haqqında məlumat verib.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

  • Mənbə: ADPU-nun Quba filialı
  • Müəllif: Sərxan Ağası
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?