ADPU-nun Quba filialının kollektivi Şəhidi Murtuzov Mehdi Muxtar oğlunun şəhadətinin ikinci ildönümüdə iştirak edib

ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, struktur rəhbərləri, müəllimlər Vətən Müharibəsi Şəhidi Murtuzov Mehdi Muxtar oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə Şəhidin ailə üzvlərini ziyarət edib.
Qeyd edək ki, 24 noyabr Vətən Müharibəsi Şəhidi Murtuzov Mehdi Muxtar oğlunun şəhadətinin ikinci ildönümüdür və Şəhidin qardaşı Murtuzov Elmir filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasının I tədris ili tələbəsidir.
Ziyarət zamanı filialın direktoru dosent Yusif Alıyev Şəhidin ailə üzvlərinə Allahdan rəhmət diləyib, qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.Daha sonra Azərbaycanın müstəqilliyinin ilk vaxtlarında ölkmizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş qəhrəman oğul və qızlarımıza da Allahdan rəhmət diləyib.
Şəhidin atası Muxtar Murtuzov bildirib ki, oğlu Mehdi 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olub.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə yollanıb. Döyüşlərin başladığı ilk günlərdə çətin döyüş tapşırıqlarının öhdəsindən gələn Mehdi 29 sentyabrda qolundan yaralanıb. Yaralanmasına baxmayaraq öz təkidi ilə onu yenidən döyüşlərə cəlb ediblər. Oktyabr ayının 1-də atası ilə danışan Mehdi yarasının çox ciddi olmadığını bildirib və tezliklə zəfərin bizim olacağını söyləyib .
Vətən müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şimal cəbhəsində baş vermiş Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər nəticəsində oktyabr ayının 2-də Ermənistan Silahlı Qüvvələrinin açdığı snayper atəşi nəticəsində özünü müdafiə edə bilməyib Şəhid olub.
Qızğın döyüşlərin getməsi səbəbindən Mehdinin nəşini ərazidən götürmək mümkün olmaylb, hətta onun itkin düşməsi barədə də məlumat veriblər. Ordumuzun şanlı zəfərindən sonra döyüş yoldaşları Mehdinin nəşini aşkarlamış və 23 noyabr 2020-ci ildə döyüş bölgəsindən çıxarmağa nail olublar.
Mehdi doğulub böyüdüyü Alpan kəndində, 24 noyabr tarixində Subaba qəbiristanlığında dəfn edilib.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı və 29 dekabr 2020-ci il Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Onun və bütün Alpan kənd şəhidlərinin şərəfinə kənddə xatirə kompleksi inşa edilib.
Qəhrəman Şəhidimiz Mehdi Murtuzova Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyirik.