ADPU-nun Quba filialında “Zəfər Həmrəyliyi” tədbiri keçirilib

03.01.2021
ADPU-nun Quba filialında “Zəfər Həmrəyliyi” tədbiri keçirilib

Dekabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə ithaf edilən “Zəfər Həmrəyliyi” adlı onlayn tədbir keçirilib. Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, ADPU-nun Humanitar və sosial məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, filialın tələbə və müəllim kollektivi və valideynlər iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan edilib.
Daha sonra tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev öncəliklə başda professor Cəfər Cəfərov olmaqla, professor Fikrət Rzayevi, dəyərli kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Böyük məmnunluq hissi ilə qeyd edib ki, tələbə-gənclərin təşəbbüsü ilə təşkil olunmuş tədbirdə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr olunmuş şeirlər, rəsm əsərləri, musiqilər səsləndiriləcək ki, biz də öz dəstəyimizlə onlarla həmrəyliyimizi nümayiş etdirəcəyik. Həmçinin Vətən müharibəsində iştirak edən Əsgər, Qazi və Şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğı bizləri çox qürurlandırır. Bizlər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli istiqamətlər üzrə həyata keçirdiyi ali siyasətinin Quba rayonunda da yüksək səviyyədə icra olunduğunun şahidiyik və bu da əhalinin Prezidentimizə, dövlətimizə olan sevgi, məhəbbət və inam hissinin artmasına səbəb olur.

Daha sonra söz ADPU-nun prorektoru professor Fikrət Rzayevə verildi. Tədbirdə çıxış edən professor Fikrət Rzayev rektor professor Cəfər Cəfərovun salamlarını çatdırıb, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının professor-müəllim heyətinin, tələbələrinin də ölkə Prezidentinin ətrafında sıx birləşərək Vətənin xidmətində dayanan ləyaqətli Azərbaycan vətəndaşları olaraq daim həmrəylik nümayiş etdirdiklərindən qürur duyduğunu bildirib.
Daha sonra tədbirdə filialın Pedaqoji və ictimai fənlər kafedrasının və Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimləri Lalə Kərimova və Nurbala Süleymanov da çıxış edib, ön cəbhədə döyüşən qəhrəman məzun və tələbələrimizdən danışıblar.

Tədbirdə çıxış edən tələbələr İBT ixtisasının II tədris ili tələbəsi Şəhla Qafarova və TSPX ixtisasının I tədris ili tələbəsi Nicat Piriyev hər zaman ADPU-nun Quba filialının kollektivinə qarşı ADPU rəhbərliyi tərəfindən göstərilən  isti və səmimi münasibət, xüsusi diqqət və qayğının hiss edildiyini bildirib, vurğulayıblar ki, bütün bunlar gənclərin fəallığına da səbəb olur. Quba rayonunda həyata keçirilən gənclər siyasətinə Filialımızın tələbə kontingenti də böyük töhfələr verirlər. Bu dəfə də ADPU-nun Quba filialının tələbə-gənclər təşkilatlarının təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 30 dekabr 2020-ci il tarixində “ZƏFƏR HƏMRƏYLİYİ” adlı ümumuniversitet səviyyəli onlayn tədbir hazırlanmışdır. Tədbirdə tələbə gənclərin Azərbaycanın 44 günlük Haqq mübarizəsinə həsr edərək hazırladıqları videoçarxlar, yaradıcılıq nümumələri nümayiş etdirilib.

Sonda filialın bir sıra əməkdaşları və tələbələrə sertifikatlar təqdim edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?