ADPU-nun Quba Filialında “Öz şöləni kəşf et” adlı tədbir keçirilib.

28.02.2018
ADPU-nun Quba Filialında “Öz şöləni kəşf et” adlı tədbir keçirilib.

Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında “Öz şöləni kəşf et” adlı növbəti tədbir keçirilib.

Tədbirdə filialın “Təhsildə sosial psixoloji xidmət ixtisasının” IV tədris ili tələbəsi , gənc  saz ifaçısı Amil Bəxtiyarın yaradıcılığı müzakirə olunub.Amil Bəxtiyarın heca və əruz vəznində yazdığı vətən məhəbbətini, sevgini, azadlığı tərənnüm edən şeirləri tələbələr tərəfindən səsləndirilib. Tələbələr, Qeyrət Əmirov, Şəmsiyə Rüstəmova, Aytən Məmmədova və digərlərinin  səsləndirdikləri  “İnşəAllah azad olar əsir Qarabağımız”,  “Gözlərin nə yaman qəribə baxır”, “Gülüm sənə əlvida”, “Gəzər” və bu kimi digər şeir və qəzəlləri tədbir iştirakçıları tərəfindən  maraqla qarşılanıb.

Tədbirdə həmçinin Amil Bəxtiyar qədim Azərbaycan musiqi aləti olan sazda müxtəlif musiqilər də ifa edib.

Daha sonra tədbirdə çıxış edən filialın Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva,  dekan müavini Nübar Bayramova, filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarova, Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Mürvət Əliyev gənc yazarı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda Amil Bəxtiyara filialın direktoru, professor Əli Allahverdiyev tərəfindən Fəxri fərman təqdim olunub.

Müəllifin son şeirlərindən biri;

“Qarabağımız”
Vətən dinim,imanım vətən inam yerimdi
Vətən nazlı gözəlim,mələyimdi,pərimdi
Vətən “mənim”,mənliyim ürəyimdi,sərimdi
İllərdi əsir qalıb yaylağımız,dağımız
İnşəAllah azad olar əsir Qarabağımız

Vicdansız yurdun satar,düşmənə bilə-bilə
Gələr ayaqlar altda torpağım,daşım dilə
Ümidlərim sürünər həftədən,aydan ilə
Gözləməkdən qalmadı gözdə qara-ağımız
İnşəAllah azad olar əsir Qarabağımız

Laçınsız Laçın könlüm,qanad açıb uçarmı?
Zirvələri dolanıb,qayaları qucarmı?
Xarı bülbül qönçəsin göz yaşısız açarmı?
Düşmənə seyrəngahdı çaylarımız,bağımız 
İnşəAllah azad olar əsir Qarabağımız

Kəlbəcərin,Şuşanın dağı sinələr üstə
Xocalıda millətim qırıldı dəstə-dəstə
Zərrə qədər mərhəmət görmədi yaşlı,xəstə
Döndü qan dəryasına dərəmiz,torpağımız
İnşəAllah azad olar,əsir Qarabağımız

Bu torpağın qeyrətli oğulu var,qızı var
Koroğlusu,Babəki,Şəhid Mübarizi var
Asanlıqla bükülməz biləyi var, dizi var
Çox keçməz məğlub olar düşmənimiz,yağımız
İnşəAllah azad olar əsir Qarabağımız

Həkəriyə qarışıb,Araza axam gərək
Sürünəm torpağımda qan ola yaxam gərək
Dərələrdən boylanıb yollara baxam gərək
Bax o zaman olacaq,bizim xoşbəxt çağımız
İnşəAllah azad olar əsir Qarabağımız

Mərd oğullar sinəsin vətənə sipər verər
Analar öz yurduna igid verər,nər verər
Amil,zəfər çalınar mələklər xəbər verər
Xoşbəxt olar sevinər həm ölümüz,sağımız
İnşəAllah azad olar,əsir Qarabağımız

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?