ADPU-nun Quba Filialında 3 Dekabr Beynəlxalq Əlillər Gününə həsr edilən tədbir keçirilib

19.12.2019
ADPU-nun Quba Filialında 3 Dekabr Beynəlxalq Əlillər Gününə həsr edilən tədbir keçirilib

13 dekabr 2019-cu il tarixində ADPU-nun Quba filialında “Üz-üzə” Psixologiya klubunun təşkilatçılığı ilə “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş “Təkcə bir gün deyil, hər gün sizin gününüz” adlı tədbir keçirilib.

    Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, Dövlət Rabitə Nəqliyyat Kollecinin Hüquq şöbəsinin müəllimi Bəxtiyar Sərvərov, filial əməkdaşları və tələbələrimiz iştirak etdi. Tədbirin təşkilində Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi, psixoloq Bəyim Həsənova, “Təhsildə sosial psixoloji xidmət” ixtisasının 608-ci qrup tələbələri iştirak etdilər. İlk öncə klubun rəhbəri, “Təhsildə sosial psixoloji xidmət” ixtisasının tyutoru Xəyalə Ələkbərova tədbiri açıq elan etdi. O bildirdi ki, “Təkcə bir gün deyil, hər gün sizin gününüz” devizi altında baş tutan bu tədbirin əsas məqsədi fiziki və əqli məhdudiyyəti olan insanların da bizdən biri olması və hər zaman onlara qayğıyla yanaşmalı, onları anlamağımız üçün insanlara təsir etməkdir. Həmin şəxslərin cəmiyyətə inteqrasiyasında İnklüziv təhsilin rolu əvəzsizdir. İnklüziv təhsil haqqında mütəxəssislər – “Pedaqoji və ictimai fənlər” kafedrasının baş müəllimi Pərvanə Rzayeva, Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva danışdılar. Onlar inklüziv təhsilin məqsədindən, prinsiplərindən məlumat verdilər.

    Tədbirdə 608-ci qrupun hazırladığı videoçarx və səhnəcik nümayiş olundu. “Pedaqoji və ictimai fənlər” kafedrasının müəllimi, psixoloq Bəyim Həsənova öz çıxışında fiziki və əqli məhdudiyyəti olan dünyaca məşhur insanlar haqqında danışdı. Onların heç bir maneəyə baxmayaraq, bir çox şeyin öhdəsindən gəlib necə uğurlu olduqlarını çatdırdı. Daha sonra Azərbaycan Dövlət Pedoqoji Universitetinin 4-cü tədris ilinin tələbəsi Fidan Hacıyeva çıxış etdi. Görmə məhdudiyyət olmasına baxmayaraq, məktəbi necə oxuduğundan, universitetə necə qəbul olduğundan və uğurlarından danışdı. Onun təsirli və ibrətamiz çıxışı hamıya dərindən təsir etdi. Filialın direktoru dosent Yusif Alıyev öz çıxışında bildirdi, əlilliyi olan şəxslər əslində bizdən daha hissiyatlıdırlar. Onlar lazım gəlsə, ən böyük uğurlara belə imza atırlar. O, belə bir tədbirlərin insanlıq üçün mühüm olduğunu və bu tədbirinin təşkilini çox bəyəndiyini bildirdi. Dövlət Rabitə Nəqliyyat Kollecinin Hüquq şöbəsinin müəllimi Bəxtiyar Sərvərov da bütün çıxışı ilə əlilliyi olan şəxslərə dəstək oldu və onların cəmiyyətə inteqrasiyasında hamının birləşməsinin lazım olduğunu bildirdi. Sonda isə tələbələr “Ey həyat, sən nə qəribəsən?” mahnısı ilə tədbiri yekunlaşdırdılar.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?