Yaşıl dünya naminə yaşıl təhsil

15.10.2024
Yaşıl dünya naminə yaşıl təhsil

Quba IV beynəlxalq elmi konfransının gündəliyi “Yaşıl dünya naminə

yaşıl təhsil” prinsiplərini özündə ehtiva edir

Oktyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfrans işini müvəffəqiyyətlə başa vurub.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın iştirakçılarından ibarət nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Qubadakı abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə ehtiram göstəriblər.

Filialda Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun adını daşıyan auditoriyanın da açılışı olub.

Rəsmi hissə, bədii proqram və üç paneldən ibarət olan, iki gün davam edən konfrans çox sayda yerli və xarici təhsil müəssisələrinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Konfrans Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rəsmi açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Bişkek Musiqi Pedaqoji İnstitutunun (Qırğızıstan) professoru Ulanbek Mambetakunov, Stavropol Dövlət Pedaqoji İnstitutunun Yessentuki filialının (Rusiya Federasiyası) dosenti Marina Çotçayeva, Pəncab Universitetinin (Pakistan) professoru Safdar Ali Şirazi və başqaları iştirak ediblər.

Məlumat verilib ki, konfransa ümumilikdə 74 məqalə təqdim olunub. Onlardan 54-ü Təşkilat Komitəsinin redaksiya heyəti tərəfindən təsdiqlənib. Məqalələrin qəbulu 2024-cü il noyabrın 12-dək davam edəcək. Məqalələrdə qlobal məkanda aktual olan beynəlxalq problemlərə toxunulur

Bildirilib ki, konfransa dəstək verən tərəflər təşkilati prosesdə gündəlikdə olan mövzuya xüsusi həssaslıqla yanaşdıqlarını ifadə ediblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 beynəlxalq tədbirinə böyük səylə ev sahibliyinə hazırlaşan Azərbaycan bu istiqamətdə ölkənin elm və təhsil ictimaiyyəti qarşısında da təxirəsalınmaz vəzifələr qoymuşdur. Başqa sözlə, Azərbaycan dövlətinin məqsədyönlü COP29 siyasətinin ölkənin elm və təhsil ictimaiyyəti qarşısında qoyduğu vəzifələr Azərbaycan Dövlət Pedaqoji Universitetinin ADPU Quba filialının kollektivi tərəfindən də yüksək məsuliyyətlə qəbul olunur və prosesə xüsusi elmi-pedaqoji həssaslıqla yanaşılır. Məhz bu baxımdan da “Yaşıl dünya naminə yaşıl təhsil” ADPU-nun Quba filialının gündəlik fəaliyyətində vacib çağırışdır.

Ümumilikdə konfransın təşkilinə 7 ölkədən 12 reytinqli ali məktəb dəstək verib.

Konfransda həmçinin Quba Uşaq Musiqi Məktəbinin, Quba Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin, Quba filialının tələbələrinin ifasında bir-birindən gözəl musiqi, rəqs və şeir nömrələri səsləndirilib.

Konfransda həmçinin Bişkek Musiqi Pedaqoji İnstitutunun professoru Ulanbek Mambetakunov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Fəxri Diplomu ilə təltif olunub.

Fasilə zamanı Şəhid valideyinlərin iştirakı ilə Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyasında görüş baş tutub.

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Bişkek Musiqi Pedaqoji İnstitutu (Qırğızıstan) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və Bişkek Musiqi Pedaqoji İnstitutunun rektoru, professor Ulanbek Mambetakunov imzaları ilə təsdiqlədikləri sənədin əhəmiyyətini yüksək dəyərləndirərək bu sahədə əməkdaşlığı Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına növbəti töhfə olduğunu ifadə ediblər.

İmzalanma mərasimində Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə və ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, eləcə də filialın struktur rəhbərləri iştirak ediblər.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə və filialın direktoru dosent Yusif Alıyevin iştirakı ilə ADPU-nun Quba filialının kollektivi ilə görüşüb.

Rəhbərlik etdiyi təhsil müəssisəsinin, eləcə də Quba filialının nailiyyətlərində danışan professor Cəfər Cəfərov bildirib ki, uğurlara qətiyyən arxayınlaşmaq olmaz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?