2020-ci il 25 oktyabr tarixində Qubadlı şəhərinin işğaldan azad olunma günüdür

23.10.2022
2020-ci il 25 oktyabr tarixində Qubadlı şəhərinin işğaldan azad olunma günüdür

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir və faydalı qazıntı ehtiyatlara malikdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.  Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.

Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?