Zəfər Günü ilə əlaqədar birgə tədbir keçirilib.

12.11.2025
Zəfər Günü ilə əlaqədar birgə tədbir keçirilib.

ADPU-nun Quba filialında Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində və 8 Noyabr Zəfər Günü ilə əlaqədar “AZƏRBAYCANIN ZƏFƏR PARADİQMASI:QÜDRƏT, QƏHRƏMANLIQ, QÜRUR” mövzusunda birgə tədbir keçirilib.

Tədbirdə ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Quba RİH məsul əməkdaşı Asəf Şirinov, şəhid ailələri, qazilər, Mentis Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Musa Məmmədzadə, filialın professor-müəllim heyəti, tələbə kollektivi iştirak edib. Tədbir çərçivəsində Şəhid auditoriyaları ziyarət edilib.

Şəhid Mirzəyev Nuran Akif oğlunun adına daşıyan Xarici dil auditoriyası ziyarət zamanı Şəhid Nuran Mirzəyevin auditoriyada yerləşən büstü önünə tər çiçəklər düzülüb. Qəhrəman şəhidin ruhuna ehtiram göstərilib. Şəhid auditoriyasında çıxış edən ADPU-nun Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, professor Yusif Alıyev tələbələri salamlayıb, qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Zəfərin xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə düşüb. Sonra direktor bildirib ki, bu gün yaşadığımız Zəfər sevinci üçün Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizə borcluyuq və onların ruhu qarşısında ehtiram etmək hər birimizin mənəvi borcudur. Bu şanlı Zəfərin qazanılmasında şəhid qəhrəman Nuran Mirzəyevin də şərəfli döyüş yolu var. Şəhid atası Akif Mirzəyev də öz çıxışında filialın direktoru professor Yusif Alıyevə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkür edib, Nuranın qəhrəman kimi döyüşlərə yollanmasından danışıb.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi, Tabor komandirinin müavini, kapitan Məlikov Aqil Niyaz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə qəhrəman döyüşçünün adına təsis edilən auditoriya ziyarət zamanı Şəhid kapitan Aqil Məlikovun auditoriyasına tər çiçəklər düzülüb. Ziyarət zamanı professor Yusif Alıyev diqqətə çatdırıb ki, şəhid və qazilərimizin qəhrəmanlığı ilə qazanılan bu qələbə tarix boyu əcdadlarımızın arzuladığı milli birlik fəlsəfəsinin təntənəsidir. Şəhid kapitan Aqil Məlikov adına auditoriyada tədris keçən bütün tələbələr məhz onun kimi qəhrəman olmağa çalışacaq, vətəni, dövləti məhz onun kimi sevəcək və göz bəbəkləri kimi qorumaq eşqində olacaqlar. Məhz kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikovanın filialda akademik məsləhətçi kimi çalışması da gənclər üçün bir nümunədir.

Daha sonra tədbir filialın Akt zalında davam edib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib, Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən filialın direktoru professor Yusif Alıyev ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli qurtuluşdan başlayan və Ali Baş Komandan İlham Əliyevin nəyi nə zaman edəcəyini bilən lider fəaliyyətinin nəticəsində zəfərə aparan yol, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və Zəfər Günü haqqında geniş məruzə edib. Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycanın möhtəşəm nailiyyətlərə imza atmaqla yeni qələbələr qazanacağı, Vətənimizin hər bir guşəsində qürurla ucaldılan üçrəngli bayrağımızın daim zirvələrdə əzəmətlə dalğalanacağı əminliklə qeyd edib.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov

qeyd edib ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin edir. Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan ordu quruculuğu prosesində böyük uğurlar əldə edib, güclü ordu nümunəsi yaradıb. Bunun ən böyük sübutu isə Vətən Müharibəsində qazandığımız Zəfərdir! Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş müharibə kimi düşdü.

Daha sonra çıxış edən Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova da çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

Quba RİH məsul əməkdaşı Asəf Şirinov öz çıxışında Qubada Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan bəhs edib. Asəf Şirinov çıxışını: “Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Hər birimiz üçün əziz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” deyə yekunlaşdırıb.

Daha sonra çıxış edən qəhrəman şəhidlərimizin valideynləri Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanı Şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarova, Şəhid baş çavuş Surxay Mehdiyevin anası Rəsmiyə Mehdiyeva öz çıxışlarında qeyd ediblər ki, Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Biz bütün Azərbaycan xalqı kimi öz qəhrəman övladlarımızla fəxr edirik, fəxr edirik ki, onlar başımızı uca etdilər. Buna görə də bu tədbirdə danışmağa haqqımız var.

Xüsusi təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin sədri, Vətən Müharibəsi iştirakçısı Ramin Yunuslu da öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Çıxış edən qazilər Ağadadaş Dadaşov, Tarıyel Ağasıyev də öz növbələrində şücaətli döyüş yollarından bəhs edib, çıxışlarda haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib. Qarabağ münaqişəsinə silahlı qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, Zəfər Gününün bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gün olduğu vurğulanıb.

ADPU-nun Quba filialının Filologiya kafedrasının baş müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə davam edən tədbir iki hissədən ibarət olub. Rəsmi hissənin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov, Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanı Şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarova, Şəhid baş çavuş Surxay Mehdiyevin anası Rəsmiyə Mehdiyeva, xüsusi təyinatlı baş leytenant Şəhid Ruslan Bayramovun həyat yoldaşı İlahə Bayramova, mayor Yasin Məcidov, Xüsusi təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin sədri, Vətən Müharibəsi iştirakçısı Ramin Yunuslu, qazilər Ağadadaş Dadaşov, Tarıyel Ağasıyev, İsmət Əhmədov, Vurğun Qəniyev Fəxri fərmanla təltif ediliblər.

Tədbirdə Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Zəfərə aid kitab sərgisi və tələbələrin əl işlərindən ibarət rəsm sərgisi də yer alıb.

Tədbirin bədii hissəsində filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının və Quba Dövlət Sosial İqtisad Kollecinin tələbələrinin təşkilatçılığı ilə hazırlanan rəqs, musiqi və şeir kompozisiyaları təqdim olunub. Tələbə Gənclər Təşkilatının fəallarının iştirakı ilə ərsəyə gələn tədbir tanınmış müğənni Əlövsət Səlimovun musiqi ifaları ilə sona çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?