YEDDİ İLLİK İNKİŞAF YOLU: BİRLİKDƏ QAZANILAN UĞURLAR, GƏLƏCƏYƏ APARAN BÖYÜK HƏDƏFLƏR.

10.09.2026
YEDDİ İLLİK İNKİŞAF YOLU: BİRLİKDƏ QAZANILAN UĞURLAR, GƏLƏCƏYƏ APARAN BÖYÜK HƏDƏFLƏR.

Dəyərli və hörmətli əməkdaşlar!

Hər birinizi ürəkdən salamlayır, ötən yeddi il ərzində göstərdiyiniz fədakar əməyə, məsuliyyətə, sədaqətə və birgə fəaliyyətimizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Yeddi il insan ömrünün müəyyən bir zaman kəsiyidir. Bir təhsil müəssisəsinin həyatında isə düzgün müəyyənləşdirilmiş strateji hədəflər, ardıcıl fəaliyyət və güclü komanda mövcud olduqda böyük dəyişikliklərə yol aça biləcək mühüm inkişaf mərhələsidir.

Biz ötən yeddi ildə birlikdə inanılmaz görünən zirvələrə yüksəldik, aşılmaz hesab edilən maneələri dəf etdik, illərlə formalaşmış stereotipləri dağıtdıq. Bununla da sübut etdik ki, ümumi məqsəd, sağlam idarəçilik, əməkdaşlıq ruhu və kollektiv iradə olduqda ən çətin hədəflərə belə çatmaq mümkündür.

Bu müddətdə qazandığımız hər bir uğur Azərbaycan dövlətinin elm, təhsil və mədəniyyət siyasətinə, ölkəmizin davamlı inkişaf doktrinasına xidmət edib. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi üzərində qurulan müasir Azərbaycan bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli mərhələlərindən birini yaşayır. Biz də ali təhsil müəssisəsi olaraq bu inkişaf prosesindən kənarda qalmadıq, dövlətimizin müəyyənləşdirdiyi strateji istiqamətlərə əməyimiz və nəticələrimizlə töhfə verməyə çalışdıq.

Bu yeddi il ərzində dövlətimiz tərəfindən şəxsən mənə göstərilən yüksək etimadı, elm və təhsil nazirinin, eləcə də hörmətli rektorumuzun fəaliyyətimizə bəslədiyi böyük inamı hər zaman doğrultmağa çalışdım. Bu etimad mənim üçün yalnız yüksək dəyər deyil, eyni zamanda, böyük məsuliyyət, fasiləsiz çalışma və nəticə əldə etmək öhdəliyi oldu. Sizinlə birlikdə qazandığımız hər bir nailiyyət həmin etimadın əməli fəaliyyətlə doğruldulmasının ifadəsidir. İdarəetmə məsuliyyətini kollektivimizin potensialı ilə birləşdirərək filialımızın inkişafına və dövlətimizin ali təhsil siyasətinin qarşıya qoyduğu vəzifələrin layiqincə həyata keçirilməsinə xidmət etdik.

Hər biriniz şahidsiniz ki, bu yeddi ildə görülən işlərin miqyası adi zaman ölçüləri ilə müqayisə edilə bilməz. Bəzən on illiklərə sığmayacaq fəaliyyəti yeddi ilə yerləşdirməyi bacardıq. Lakin sürətli inkişaf heç zaman tələskənlik hesabına baş vermədi. Hər bir nəticə keyfiyyət, səmərəlilik və davamlılıq meyarları əsasında qiymətləndirildi: hər addım düşünülmüş şəkildə, dövlətimizin tələblərinə və ali təhsilin müasir inkişaf çağırışlarına uyğun atıldı.

Bu yeddi il, eyni zamanda, Azərbaycan tarixinin taleyüklü hadisələri ilə yadda qaldı. Biz Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin, torpaqlarımızın işğaldan azad edilməsinin, separatçı xunta rejiminin aradan qaldırılmasının və dövlət suverenliyimizin bütün ərazilərimizdə tam bərpasının şahidi olduq. Bu tarixi günləri yaşamaq, qalib və bütöv Azərbaycanın vətəndaşları kimi fəaliyyət göstərmək hər birimiz üçün böyük qürur və mənəvi məsuliyyətdir.

Geridə qoyduğumuz dövr filialımızın təhsil və elmi fəaliyyətində mühüm inkişaf mərhələsinə çevrildi. Tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir pedaqoji yanaşmaların tətbiqi, tələbəyönümlü təhsil mühitinin formalaşdırılması və rəqəmsal imkanların genişləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Tələbələrimizin yüksək balla qəbulu, akademik, elmi, ictimai və peşəkar nailiyyətləri artdı. Məzunlarımızın müəllimlərin işə qəbulu müsabiqələrində, magistratura səviyyəsinə qəbulda və əmək bazarında qazandıqları nəticələr filialımızın fəaliyyətinin real göstəricilərinə çevrildi.

Böyük zəhmətimiz, ardıcıl əməli fəaliyyətimiz və cəmiyyət qarşısında göstərdiyimiz xidmətlər sayəsində filialımız “Yüksək təhsilin əlçatan ünvanı” olmaq haqqını qazandı. Bu deviz sadəcə təqdimat xarakterli ifadə deyil; regionda yaşayan gənclərin keyfiyyətli ali təhsil almaq imkanlarının genişləndirilməsini, onların öz doğma mühitində müasir bilik və bacarıqlara yiyələnməsini əks etdirən fəaliyyət fəlsəfəmizdir. Biz yüksək təhsili gənclər üçün əlçatan etməklə yanaşı, onların gələcəyinə, regionun intellektual potensialına və ölkəmizin insan kapitalının inkişafına sərmayə qoyduq.

Elmi potensialımızın inkişafı daim əsas prioritetlərimizdən biri oldu. On nəfər doktorant və dissertantımızın dissertasiya müdafiəsinə, əməkdaşlarımızın elmi dərəcə və elmi adlar qazanmasına şahidlik etdik. Hazırda bu yolda inamla irəliləyən və öz növbəsini gözləyən əməkdaşlarımızın elmi fəaliyyətinə də bütün mövcud imkanlarla dəstək göstərməyə çalışırıq.

Əməkdaşlarımızın nüfuzlu yerli və beynəlxalq elmi jurnallarda məqalələri dərc olundu, monoqrafiyaları, dərslik və dərs vəsaitləri işıq üzü gördü. Filialda elmi araşdırmaya, akademik yazıya, müəllifliyə və yeni elmi ideyalara münasibət əhəmiyyətli dərəcədə dəyişdi. Bir çox əməkdaşımız öz elmi istiqaməti üzrə savadlı, istedadlı və perspektivli mütəxəssis olduğunu əməli fəaliyyəti ilə sübut etdi.

Gənc kadrların əməkdaşlığa cəlb edilməsi, onların potensialının üzə çıxarılması, elmi dərəcə və adlar almağa təşviq olunması, peşəkar inkişafları üçün imkanların yaradılması fəaliyyətimizin mühüm istiqamətlərindən birinə çevrildi. Əməyi, bacarığı və təşəbbüskarlığı ilə fərqlənən əməkdaşlara etimad göstərildi, onların məsul vəzifələrə irəli çəkilməsinə və idarəetmə prosesində fəal iştirakına şərait yaradıldı.

Biz kollektivimizin yalnız elmi və peşəkar inkişafına deyil, sosial rifahına da xüsusi diqqət yetirdik. Ötən yeddi il ərzində əməkdaşlarımızın sosial rifah halının yüksəldilməsi və əməyinin daha layiqli şəkildə qiymətləndirilməsi məqsədilə əmək haqlarının ciddi şəkildə artırılmasına nail olduq. Bu addım insan kapitalına verdiyimiz dəyərin, əməkdaşlarımızın zəhmətinə göstərilən hörmətin və sosial məsuliyyətə əsaslanan idarəçilik yanaşmamızın mühüm ifadəsi oldu. Çünki güclü təhsil müəssisəsinin əsasında öz əməyinin qiymətləndirildiyini hiss edən, gələcəyə inamla baxan və fəaliyyət göstərdiyi quruma bağlı olan güclü kollektiv dayanır.

Filial ötən 7 ildə yalnız forma baxımından deyil, məzmun, düşüncə və fəaliyyət fəlsəfəsi baxımından da dəyişdi. Burada hər bir əməkdaşın fikrinin, təşəbbüsünün və əməyinin ümumi inkişafımıza töhfə verə biləcəyi yeni institusional mühit formalaşdı. İntizam, məsuliyyət, qarşılıqlı hörmət, şəffaflıq və nəticəyönümlülük əsas fəaliyyət prinsiplərimizə çevrildi.

Beynəlxalq əməkdaşlıq müstəvisində yeni və geniş əlaqələr qurduq. Xarici universitetlər, elmi-tədqiqat müəssisələri və müxtəlif təşkilatlarla əməkdaşlıq imkanlarımızı genişləndirdik. Türk dünyasının ortaq elm və təhsil məkanına inteqrasiyanı xüsusi strateji istiqamət kimi qəbul etdik. Akademik mobillik, ortaq tədqiqatlar, elmi konfranslar və təcrübə mübadiləsi vasitəsilə filialımızın beynəlxalq tanınması istiqamətində mühüm addımlar atdıq.

Regionun sosial-iqtisadi inkişaf ehtiyaclarını və əmək bazarının dəyişən tələblərini nəzərə alaraq yeni ixtisasların açılmasına nail olduq. Bununla filialın təhsil imkanlarını genişləndirməklə yanaşı, region üçün zəruri olan peşəkar kadrların hazırlanması istiqamətində də yeni mərhələnin əsasını qoyduq. Təhsil, elm, dövlət qurumları, iş dünyası və yerli ictimaiyyət arasında əməkdaşlığın möhkəmləndirilməsi filialın regional inkişaf mərkəzi kimi mövqeyini daha da gücləndirdi.

Bu illərdə sosial məsuliyyət, şəhid ailələrinə və həssas sosial qruplara diqqət, tələbələrə dəstək, milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik tərbiyəsi fəaliyyətimizin ayrılmaz hissəsinə çevrildi. Biz yalnız peşəkar mütəxəssis deyil, dövlətinə, xalqına və milli dəyərlərinə bağlı şəxsiyyət yetişdirməyi əsas missiyamız hesab etdik.

Ötən yeddi il ömrümüzdən sadəcə illər almadı. Əksinə, hər birimizə daha böyük təcrübə, düşüncə yetkinliyi, peşəkarlıq, inam və mənəvi zənginlik qazandırdı. Bu illər ərzində arzularımız hədəfə, hədəflərimiz fəaliyyətə, fəaliyyətimiz isə ölçülə bilən nəticələrə çevrildi. Bir zamanlar xəyal kimi görünən məqsədlər kollektiv əməyimiz sayəsində gerçəkləşərək gələcək yolumuza işıq saldı.

Bu gün filialımız regionun ən güclü, intizamlı və etibarlı ali təhsil ocaqlarından biri kimi tanınır. Əldə etdiyimiz nəticələr bizi ölkənin və dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq edə biləcək yeni inkişaf səviyyəsinə yüksəldib. Lakin bütün bunlar bizim üçün son mənzil deyil. Əksinə, daha böyük gələcəyin möhkəm təməlidir.

İndi qarşımızda daha böyük və tarixi bir missiya dayanır: filialın formalaşmış elmi, tədris və institusional potensialı əsasında güclü, nüfuzlu, tanınan, etimad göstərilən, yeniliklərə açıq və milli ənənələrə sadiq müstəqil universitetin yaradılması.

Bu, sadəcə inzibati status dəyişikliyi deyil. Bu, regionda elmin, ali təhsilin, innovasiyanın və intellektual inkişafın yeni mərkəzinin yaradılması deməkdir. Qarşıdakı mərhələdə elmi məktəblərin formalaşdırılması, magistratura və doktorantura imkanlarının genişləndirilməsi, tədqiqat və innovasiya mərkəzlərinin yaradılması, beynəlxalq proqramların həyata keçirilməsi, müasir kampus və laboratoriya infrastrukturunun inkişaf etdirilməsi əsas strateji istiqamətlərimiz olacaq.

Əminəm ki, bu böyük hədəfə də sizinlə birlikdə çatacağıq. Buna inanmaq üçün sadəcə geriyə dönüb keçdiyimiz yola baxmaq kifayətdir: biz birlikdə nələri bacarmadıq ki?!

Bundan sonrakı fəaliyyətimiz daha möhkəm əsaslar, daha böyük təcrübə və daha güclü inam üzərində qurulacaq. Çünki mən dövlətimizin inkişaf siyasətinə, formalaşdırdığımız institusional potensiala və hər birinizin gücünə, biliyinə, istedadına və məsuliyyətinə tam inanıram.

Bu yeddi il yalnız mənim fəaliyyət dövrüm deyil. Bu sizinlə birlikdə şərəflə keçdiyimiz, zəhmətlə qurduğumuz və uğurlarla tarixə çevirdiyimiz ümumi yolumuzdur. Qazanılan hər bir nəticədə sizin əməyiniz, iradəniz və mənəvi payınız vardır.

Mən də öz növbəmdə hər birinizi bu yeddi illik şərəfli fəaliyyət yolu münasibətilə ürəkdən təbrik edir, kollektivimizin bütün üzvlərinə möhkəm cansağlığı, ailə səadəti, elmi və peşəkar fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram.

Qarşıda bizi daha böyük hədəflər, daha məsuliyyətli vəzifələr, daha geniş imkanlar və daha möhtəşəm uğurlar gözləyir.

Biz birlikdə güclüyük!

Birlikdə başladıq, birlikdə yüksəldik, gələcəyi də birlikdə quracağıq!

Dərin hörmətlə, professor Yusif Alıyev.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?