XVII Multikulturalizm Məktəbi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri Ləman Əliyeva və Orduxan Qəhrəmanzadə tərəfindən iştirakçılar üçün “Bakı Prosesi və Azərbaycanın multikultural irsinin qorunması” mövzusunda təqdimat təşkil olunub.
Təqdimat zamanı Bakı Prosesinin 2008-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülərək beynəlxalq platforma kimi formalaşması, sivilizasiyalar və dinlər arasında dialoqun təşviqində oynadığı mühüm rol barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu təşəbbüs çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları qlobal miqyasda multikultural dəyərlərin təbliği, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Bakı Prosesi Azərbaycanın dünyada multikulturalizm modelinin təşviqi istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biri olmaqla yanaşı, sivilizasiyalararası dialoqun inkişafına və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan vəzifəsini müvəqqəti icra edən baş müəllim Nübar Bayramova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dünya Əhədova və filialın “Xarici dil müəllimliyi” ixtisasının tələbələri də iştirak ediblər.



