Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

ADPU-nun Quba filialında yeni “Kitab klub” fəaliyyətə başladı.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının İctimaiyyətlə əlaqələr bölməsinin məlumatına görə 16 oktyabr 2019 tarixində ADPU-nun Quba filialında “Kitab klub”un açılış mərasimi baş tutmuşdur.

Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji fakültənin dekanı Qələmşah İdrisov, filialın professor-müəllimləri və tələbələr iştirak etmişdir. Tədbirə, həmçinin məşhur “Azərbaycan bayrağı” şeirinin müəllifi tanınmış şair Ramiz Qusarçaylı da dəvət olunmuşdur.

       İdeya müəllifi dosent Yusif Alıyev olan “Kitab klub” filial əməkdaşlarının və tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlmişdir. “Kitab klub”un əsas məqsədi tələbələrdə və həmçinin filial əməkdaşlarında kitab oxumağa, kitabı sevməyə həvəs yaratmaq və onları bədii, elmi və digər üslubda olan kitablarla təmin etməkdir. Bunun üçün “Kitab klub”un fəaliyyət göstərməsi üçün ayrıca otaq ayrılmış və orada müxtəlif növ kitablar toplanaraq oxuculara təqdim olunacaq.
Xoş ovqatda və səmimi ortamda baş tutan tədbiri giriş sözü ilə A.Şeydayeva açıq elan edərək filialın həyatında böyük önəm kəsb edən hadisədən danışdı. Qeyd etdi ki, dosent Yusif Alıyevin ideyası əsasında ərsəyə gələn “Kitab klub” filialın bütün ictimai, elmi və sosial həyatına təsir edərək hər kəsdə kitab oxuma mədəniyyətini formalaşdıracaq. Sonra çıxış üçün söz dosent Yusif Alıyevə verildi. Dosent Y. Alıyev belə möhtəşəm bir işi ərsəyə gətirdiyinə görə əməyi keçən hər kəsə xüsusi təşəkkür edərək, kitab oxumağın faydalarını, “Kitab klub”un yaranma məqsədini xüsusi vurğuladı. O öz çıxışında bildirdi ki, “Bu gün böyük Pedaqoji Universitet ailəsinin bir qolu olan filialımızda ərsəyə gələn bu klub sözün əsl mənasında filialın həyatında bir tarix yazır. Əgər üç adam bir araya gəlib dövlətə, cəmiyyətə xidmət etmək məqsədiylə çalışırsa, bu alqışlanmalıdır. Bizim filialımızın tələbələri və əməkdaşları da bir araya gələrək, böyük ali məqsədlərə doğru addım atırlar. Belə qüdrətli bir dövlətə layiqli vətəndaş olmaq üçün biz öz savadımızla birləşməliyik. Biz imkan verməməliyik ki, milli-mənəvi, əxlaqi dəyərlərimiz zədələnsin, aşılansın. Düşmənə silahla bərabər, biz intellektlə də cavab verməliyik”. Həmçinin o, üzünü tələbələrə tutaraq, bildirdi ki, “Dövlət başçımız cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində sizlər üçün hər cür şərait yaradıb. Buna görə də siz universitetdə yaranan hər bir şəraitdən öz təhsilinizin, tədrisinizin inkişafı üçün yararlanmalısınız. Biz siz varsınız deyə varıq. Biz sizlərin varlığı üçün əlimizdən gələni də etməyə hazırıq. Ona görə də siz mütləq və mütləq yaxşı oxumalı, öyrənməlisiz”.
         Daha sonra çıxış üçün söz şair Ramiz Qusarçaylıya verildi. R.Qusarçaylı dəvət üçün öz təşəkkürünü bildirərək, çox gözəl bir ifadə ilə sözə başladı: "Kitab oxuyarkən kitabın içərisindəkiləri çəkib çıxarmaq lazımdır". O, ADPU-nun Quba filialınının ən yüksək nüfuzlu universitetlərdən biri olduğunu və tələblərin yüksək səviyyəli təhsili üçün hər cür şəraitin mövcud olduğun bildirdi. Universitetdə yeni yaradılan “Kitab klub”un fəaliyyəti də tələbələrin intellekt səviyyəsinin artmasına gətirib çıxaracaq. Şair həmçinin onu yazmağa ilhamlandıran hadisələrdən və yaşadığı çətinliklərdən söz açdı. R.Qusarçaylı qatıldığı müxtəlif festivallarda, getdiyi ölkələrdə rastlaşdığı maraqlı və ibrətamiz məqamları gənclərlə bölüşərək, onlara stimul verdi. O, türk-müsəlman dünyasını bir ağaca, ayrı-ayrı ölkələri isə həmin ağacın budaqlarına bənzədərək, gənclərə tövsiyyə etdi ki, həmin ağacın "Azərbaycan" budağını yaşıllaşdıraq, qurumağına imkan verməyək. Tələbələr də öz suallarını şairə üvanlamış və bir-neçə şeirini söyləməsini xahiş etdilər. Haqqında 700-ə yaxın şeir, məqalə, 5 kitab yazılan Ramiz Qusarçaylı qeyd etdi ki, müəllifi olduğu "Azərbaycan bayrağı" şeirini 5 il müddətində yazıb.

         Sonra isə çıxış üçün söz pedaqoji fakültənin dekanı Qələmşah İdrisova verildi. O, kitab oxuyarkən, kitabdan aldığı zövqdən bəhs edərək, kitabın böyük mahiyyətini açdı. Müxtəlif kitab və çoxlu sayda məqalələrin müəllifi olan Qələmşah İdrisov öz ustadı Azərbaycanın dilçi alim Qəzənfər Kazımov haqqında yazdığı şeiri səsləndirdi. O, həmçinin tələbələrin potensialını üzə çıxararaq, onlara hər zaman dəstək olmağın vacibliyini bildirdi. Sonda universitetin tələbələri müxtəlif şeir və qəzəllər sələndirərək, tədbirə rəng qatdı. Sonda isə yeni “Kitab klub”un açılışı münasibətilə tort kəsilərək, xatirə şəkli çəkdirildi.

 

  • Mənbə: ADPU Quba filialı

  • Çərşəmbə, 16 Oktyabr 2019


  • Müəllif: Mətbuat xidməti


Oxşar xəbərlər

ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.

Cümə, 25 Oktyabr

Azərbaycan Gənclərinin VIII Forumu

Cümə, 19 Noyabr 2018

Esse müsabiqəsi

Cümə, 4 Oktyabr 2019