Valideynlərə məktub yazın, müəllimlər…

30.10.2024
Valideynlərə məktub yazın, müəllimlər…

     Bəzilərinin daha çox mənfi cəhətlərinə meyilli olmasına baxmayaraq rəqəmsal texnologiyanın müsbət cəhətlərindən də məqsədəuyğun şəkildə istfadə edib, faydalanmaq olar. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, bu mühüm strateji sahənin inkişafına komanda işgüzarlığı ilə töhfə vermək üçün maraqlı tərəflərlə əməkdaşlıq əlaqələri qurmaq və onların davamlı olmasına çalışmaq nöqteyi-nəzərindən müasir elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etmək zərurətə çevrilmişdir. Belə sahələrdən biri də məktəb-ailə əlaqələridir. Pedaqoji prosesin ana xəttini özündə birləşdirən Məktəb + Ailə + İctmaiyyət üçbucağının bütün tərəfləri onun varlığını təmin edir…

     Valideynlərin təlim-tərbiyə prosesində fəal iştirakı məktəbin uğur qazanmasında həmişə mühüm rol oynamışdır. Bu amil dünyanın hər yerində eyni dərəcədə əhəmiyyətlidir. Məsələn, İngiltərənin ən nüfuzlu qəzetlərindən olan, məktəb, təhsil məsələlərinə xüsisi yer ayıran “Gardian” (The Guardian) qəzeti “şagirdlərin öz potensiallarını reallışdırmaqda” valideynlərin rolundan bəhs edərək yazmışdır: Psixoloqlar hesablamışdır ki, şagirdlərdən yüksək nəticələr gözləmək ancaq müəllimlərin tələbi olduqda bu, onların az bir hissəsinə təsir edir, şagirdlərdə özlərinə baxış formlaşdırmaqda valideynlərin rolu çox böyükdür. (Psychologists have calculated that when high expectations are only coming from teachers, they will only help a minority of students – parents play a huge role in shaping how young people see themselves.) https://www.theguardian.com/teacher-network/2016/aug/31/great-expectations-how-to-help-your-students-fulfil-their-potential  

     İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development) aylıq “PISA in Focus” (PİSA diqqət mərkəzində) dərgisində bu məsələ çox aydın şəkildə qeyd olunub:

      “Əksər valideynlər, instinktiv olaraq bilirlər ki, uşaqlarla daha çox vaxt keçirmək və onların təhsilində aktiv formada iştirak etmək onlara həyatda yaxşı üstünlük qazandırır. Lakin çox valideynlər işdə və evdə üzləşdikləri tələblərin öhdəsindən gəlməyə çalışmalı olduqlarından, kifayət qədər vaxtları olmur. Məktəbdə uşaqlarının uğur qazanmalarına təsir edəcək qabiliyyətlərinin olmamasına görə valideynlər öz köməyini təklif etmək istəmir.  PİSA məlumatlarının analizindən gələn yaxşı xəbər ondan ibarətdir ki, fərq yaratmaq üçün nə valideynin fəlsəfə doktoru olmasına, nə də sonsuz sayda saatlar sərf etməsinə ehtiyac yoxdur. Əslində, yaxşı oxumaq qabiliyyətinə yiyələnmək üçün valideyn-şagird fəaliyyətlərinə nisbətən az vaxt lazım gəlir, xüsusi bilik səviyyəsinə də ehtiyac yoxdur. Buna lazım olan isə əsl maraq və bir də fəal iştirak etməkdir. 

(Most parents know, instinctively, that spending more time with their children and being actively involved in their education will give their children a good head-start in life. But as many parents have to juggle competing demands at work and at home, there never seems to be enough time. Often, too, parents are reluctant to offer to help their children with school work because they feel they lack some of the skills that would make a difference to their children’s success in school.

The good news coming from analyses of PISA data is that it does not require a PhD or unlimited hours for parents to make a difference. In fact, many parent child activities that are associated with better reading performance among students involve relatively little time and no specialized knowledge. What these activities do demand, though, is genuine interest and active engagement.

 (ttps://www.oecd-ilibrary.org/education/pisa-in-focus_22260919/dateasc)

     Yaşadığımız dövr sürət, həm də sürətli dəyişikliklər dövrüdür. Pedaqoji fəaliyyət də zamanın tələblərini nəzərə almalıdır. İndi valideynlər uşaqlarını keçmişdə olduğu kimi “əti sənin, sümüyü mənim” deyib müəllimlərin ixtiyarına vermir, onlar övladları üçün ən yaxşı məktəb və müəllim axtarır və onlardan çox şey gözləyir. Vəziyyətdən məmnun olmayan valideynlər məktəbi dəyişməyə də cəhd edirlər. Ona görə də müəllimlər dərs deməyə başladığı sinfin bütün valideynləri ilə ya şəxsən, ya da müxtəlif formalı yazışma ilə, ən yaxşısı da məktubla əlaqə saxlayıb, işlədiyi məktəbin hədəfləri, özünün təhsili, iş təcrübəsi, mümkündürsə yetrimələri, iş üslubu və tələbləri haqqında məlumat verməlidir. Tədris ili boyunca bu tanışlıq daha da dərinləşməli və təlim-tərbiyə prosesinin hərəkətverici qüvvəsi olan səmimi, faydalı əməkdaşlığa çevrilməlidir.

     Məlum pedaqoji düsturda deyildiyi kimi, “müəllim öyrənərək öyrətməli, öyrədərək öyrənməlidir”. Ailə və valideynlər müxtəlif olduqları kimi, onların məktəb, müəllim və övladlarının tərbiyəsinə, təhsilinə münasibətləri də fərqlidir. Təcrübə göstərir ki, bəzi valideynlər heç övladlarının hansı sinifdə oxuduğunu da bilmir. Bunların heç biri müəllimə haqq qazandırmır ki ailə ilə əlaqəsini kəssin. Avraam Linkolnun dediyi kimi, “Bu gün biganəlik göstərməklə sabahın məsuliyyətindən yaxanı qurtara bilməzsən”. (You cannot escape the responsibility of tomorrow by evading it today.)

     Hərbi xidmət borcunu yerinə yetirən övladlarımız haqqında xidmət etdikləri hissə rəhbərliyi tərəfindən göndərilən təşəkkür məktubu bizləri nə qədər sevindirib, qanadlandırır! Eləcə də, valideyn öz övladını nə qədər tanısa da, müəllim və ya məktəb direktorunun fikirləri onun üçün daha maraqlı və əhəmiyyətlidir.   

     Müəllim məktublarında ayrı-ayrı şagirdlərin uğurları, onların yaş dövrlərinə uyğun olaraq formalaşması, maraq və meyilləri haqqında ciddi müşahidələrə əsaslanan tutarlı məlumatlar öz əksini tapmalıdır. Hər şeydən əvvəl isə valideynlərin pedaqoji ədəbiyyat oxumadıqlarını nəzərə alaraq, təlim-tərbiyə haqqında görkəmli pedaqoqların fikirlərinin də məktublarda yer almasına çalışmaq lazımdır. Bu, həm müəllimin mütaliəsi haqqında müsbət təəssürat yaradar, həm də bu və ya digər məsələyə valideynin inamını artırar. Ona görə də müəllimin pedaqoji ədəbiyyat mütaliəsi davamlı olmalıdır.

     Məktublar pozitiv notlara köklənsə daha faydalı olar. Çalışmaq lazımdır ki, məktublar ailədə valideyn-uşaq qarşıdurması yaratmasın. Məsələn, məktubda haqqında yazdığın şagirdin dərsə münasbətinin kifayət qədər olmadığını bildirmək istəyirsənsə məktubu dərhal bu məsələ ilə başlamaq məsləhət deyil. Valideynə nəzakətlə müracitətdən sonra şagirdin müsbət cəhətlərindən qısaca da olsa məlumat verib, nəzərə çatdırmaq istədiyin problem haqqında narahat olduğunu, onun müsbət həlli üçün valideynin köməyinə ehtiyac duyduğunu ifadə etmək daha məsqədəuyğundur. Məktubu – “Sizin köməyiniz və bizim səyimizlə bu kiçik bir problemin tezliklə həll olunacağına ümid erdirik.” – kimi  müsbət fikirlərlə tmamlamağı unutmamaq lazımdır. Elə məslələr ola bilər ki, onları məktubla deyil, üzbəüz söhbətlə həll etmək lazım gələr.

    Şagirdlərin maraq və meyilləri haqqında valideynlərlə fikir mübadiləsi aparmaq olar. Təcrübə göstərir ki, şagirdlər bəzən valideynlərin təkidi ilə istəmədikləri peşə istiqamətinə yönəlməli olurlar. Sinif rəhbəri bu sahədə araşdırma aparıb şagirdin öz istəyi və qabiliyyətinə uyğun peşə seçməsinə kömək edə bilər. Məsələn, bu mövzuda belə bir məktub yazıla bilər: –    

    “Hörmətli valideyn, sizin oğlunuz, mənim ən fəal şagirdlərimdən biri  Rövşəni siz həkim kimi görmək istəyirsiniz və bunun üçün hər şeyi edirsiniz. Məlumat üçün deyim ki, apardığım rəy sorğusudan və fərdi söhbət zamanı məlum olub ki, o, heç də həkim olmaq istəmir. Gələcək peşəsi haqqında hələ qəti qərarı da yoxdur, ancaq neçə illik pedaqoji təcrübəm və Rövşənin fənnlərə münasibətini müşahidələrimə əsasən deyə bilərəm ki, mən onu gələcəkdə gözəl bir ingilis dili mütəxəssisi, gələcək diplomat kimi görmək istərdim. Əksər tədbirlərdə mən onun ingilis dilində gözəl şeir dediyinin, təqdimatlar verdininin şahidiyəm. Əminəm ki, təklifim haqqında firkirləşib, qərarınızı biz də bildirəcəksiniz. İmkanınız olarsa sizinlə məktəbimizdə görüşüb, digər fənn müəllimlərinin fikirlərini də nəzərdən keçirmək istərdim”…

     Valideynlərə yazılan məktublar son dərəcə diqqətlə, ölçülüb-biçilib, aydın, başa düşülən üslubda yazılmalıdır. Xüsusilə elektron formatda hərflərin düzgün seçilməsinə diqqət yetirilməlidir. Müəllimə yazısında ən kiçik səhvə belə yol vermək yaraşmaz.

     Malik olduğumuz bilik, təcrübə və pedaqoji taktımızdan maksimum istifadə edərək, ən qiymətli varlığını – övladının gələcəyini bizlərə etbar etmiş valideynləri təlim-tərbiyə prosesinin seyrçiləri deyil, bu işin məsuliyyətli tərəfdaşları və fəal iştirakçıları kimi görək. Unutmayaq ki, gələcəyimizn necə olması bu əməkdaşılığın keyfiyyətindən asılıdır.

PS: Sitatların tərcüməsi müəllifə məxsusdur.

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi,qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?