Vətən Müharibəsi şəhidi Nuran Mirzəyevin doğum gününə həsr olunmuş ziyarət həyata keçirilib

29.07.2026
Vətən Müharibəsi şəhidi Nuran Mirzəyevin doğum gününə həsr olunmuş ziyarət həyata keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi 44 günlük Vətən Müharibəsi qəhrəmanı, igid şəhidimiz Nuran Akif oğlu Mirzəyevin əziz xatirəsini ehtiramla yad edib. Ziyarət tədbiri əvvəlcə Filialda şəhid Nuran Mirzəyev adını daşıyan auditoriyada başlanmış, onun büstü önünə gül dəstələri düzülərək ruhuna dualar oxunmuşdur.

​Bu tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev qeyd etmişdir ki, Azərbaycan xalqının şanlı tarixə yazdığı 44 günlük Vətən müharibəsi hər birimizin qürur mənbəyidir. Nuran Mirzəyev kimi qəhrəman oğulların şücaəti sayəsində torpaqlarımız işğaldan azad olunub, üçrəngli bayrağımız tarixi torpaqlarımızda dalgalanıb. Direktor vurğulamışdır ki, filialda şəhidlərimizin adının əbədiləşdirilməsi, onların əziz xatirəsinin uca tutulması və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunması hər bir müəllimin və tələbənin müqəddəs borcudur.

​Daha sonra Quba filialının rəhbərliyi və əməkdaşları Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək Şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” Ordeni ilə təltif edilmiş Nuran Akif oğlu Mirzəyevin Anım günü münasibətilə həm Şəhidin uyuduğu məzarını, həm Şəhidin adına qurulmuş bulağı, həm yeni yaradılmış Xatirə Muzeyini, həm də əziz xatirəsini yaşadan digər məkanları və Şəhidin valideynlərini ziyarət ediblər.

​Filialın kollektivini hər zaman olduğu kimi səmimi və qürurla qarşılayan şəhid valideynləri — Akif ata və Təranə ana göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər. Onlar ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevin başçılığı ilə hər zaman şəhid ailələrinə, qazilərə xüsusi həssaslıqla yanaşıldığını vurğulayaraq, kollektivə dualarını və təşəkkürlərini çatdırıblər.

​Şəhid Nuran Mirzəyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzən professor Yusif Alıyev və kollektiv bir daha igid əsgərin ruhuna dualar oxuyublar. Məzar önündə çıxış edənlər qəhrəman Nuranın şərəfli döyüş yolundan bəhs edərək onun heç vaxt unudulmayacağını bildiriblər. Daha sonra məzarın yaxınlığında yerləşən, şəhidin adına tikilmiş, səfalı təbiəti ilə cənnəti xatırladan bulağı da ziyarət edən filialın tələbələri orada Vətənə, qəhrəmanlığa həsr olunmuş şeirlər söyləyib, ürək sözlərini bölüşüblər. Çıxışlarda Nuran Mirzəyevin və bütün qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi bir daha yad olunub.

Professor Yusif Alıyev şəhidlərimizin valideynlərinə belə qeyrətli, Vətənpərvər övlad böyütdükləri üçün dərin minnətdarlığını bildirmiş, hər zaman şəhid ailələrinin yanında olduqlarını və dövlətin onlara göstərdiyi diqqət və qayğının filial səviyyəsində də yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırmışdır.

​Qeyd etmək lazımdır ki, ADPU-nun Quba filialının kollektivi tərəfindən şəhid və qazi ailələrinin ziyarət olunması, onların qayğı və problemləri ilə mütəmadi olaraq maraqlanılması artıq gözəl və vətənpərvər bir ənənəyə çevrilmişdir. Bu cür tədbirlər xalqımızın birliyinin, dövlətimizin şəhidlərimizə və onların ailələrinə olan sonsuz ehtiramının əyani təzahürüdür.

​Şəhid Nuran Mirzəyevin həyat yolu və döyüş yolu

​Doğum tarixi: 27 iyul 1999-cu il (Quba rayonunun Qımıl kəndi)

​Hərbi xidmət: Həqiqi hərbi xidmətini başa vurduqdan sonra səfərbərlik çağırışı ilə Vətən müharibəsinə qatılıb.

​Döyüş yolu: Füzuli, Cəbrayıl və Qubadlı istiqamətində gedən ağır və şərəfli döyüşlərin iştirakçısı olub.

​Şəhidlik zirvəsi: 21 yaşlı gənc qəhrəman 2020-ci il oktyabrın 19-da Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

​Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən var olsun!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?