ADPU-nun Quba filialında Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun xatirəsinə həsr olunmuş “Vətənə sədaqətin və hərbi səfərin rəmzi olan həyat: Şəhid kapitan Aqil Məlikovun qəhrəmanlıq yolu” adlı anım tədbiri keçirilmişdir.
Filialın böyük zalında keçirilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru professor Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, RİH başçısı aparatının məsul şəxsləri, Quba bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev, Quba Təhsil Sektorunun məsul əməkdaşı Nərmin Bilalova, məktəb direktorları, QİAD Quba İB-nin üzvləri, ADPU-nun Quba filialının rəhbərliyi və kollektivi, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə filialda şəhid kapitan Aqil Məlikovun adını daşıyan auditoriyanı ziyarət etmişlər. Zİyarət zamanı şəhidin valideynləri, həyat yoldaşı – ADPU-nun Quba filialının əməkdaşı, akademik məsləhətçi Günel Məlikova, övladları Xədicə və Süleyman, ailə üzvləri və qonaqlar iştirak ediblər.
Giriş sözü ilə şəhidin qızı Xədicə Məlikli təsirli çıxış edərək qonaqları salamlamışdır.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Şəhidin xatirəsinə həsr olunmuş “Hər nə olsa şərəfimdir” adlı videoçarx nümayiş etdirilmişdir.
Açılış nitqi üçün söz filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevə verilmişdir. Professor çıxışında ilk növbədə qonaqları salamlamış, şəhid kapitan Aqil Məlikovun və ümumilikdə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin şərəfli ömür yolundan bəhs etmişdir. Professor Aqil Məlikovun hərbi fəaliyyətinə toxunaraq, onun qəhrəmanlıqla dolu qısa, lakin mənalı həyat yolunu diqqətə çatdırmış, 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindən biri kimi düşmənin keçilməz hesab olunan Ohanyan səddinin yarılmasında göstərdiyi igidlikdən və Zəfərə aparan yolda şərəflə şəhadətə yüksəlməsindən söz açmışdır. Eyni zamanda, ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulamışdır. Direktor çıxışını “Aqil Məlikov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında böyük şücaət və qəhrəmanlıq nümayiş etdirmiş, üzərinə düşən hərbi vəzifələri yüksək məsuliyyət və şərəflə yerinə yetirmişdir. Onun Vətən qarşısında göstərdiyi xidmətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə yüksək qiymətləndirilmiş, o, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Vətən uğrunda” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və “İgidliyə görə” (ölümündən sonra) medalları ilə və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Bu ali mükafatlar Aqil Məlikovun Vətənə olan sonsuz sevgisinin, onun sarsılmaz iradəsinin və xalqına sədaqətinin bariz nümunəsidir. Onun qəhrəmanlıq yolu, döyüş meydanında göstərdiyi rəşadət və fədakarlıq Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik məktəbidir.”deyə sonlandırmışdır.
Tədbirin gedişində Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abbasova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi, Memarlıq və İnşaat Universitetinin müəllimi Fəxri Aydəmir, “Polymart” MMC-nin təsisçisi və rəhbəri Rəşad Cabirli, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova, istefada olan xüsusi təyinatlı, II qrup Vətən müharibəsi əlili Rəşad Novruzov, ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi iştirakçısı Ayaz Qasımov, mayor Səid Abbasov, Alpan kənd bələdiyyəsinin sədri Əfil Dadaşov, yazıçı-publisist və sənətşünas Əkrəm Qaflanoğlu, eləcə də şəhidin atası Niyaz Məlikov çıxış edərək qəhrəman şəhid Aqil Məlikov haqqında fikirlərini bölüşmüşlər. Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın moderatorluğu ilə davam etdirilən tədbir filialın istedadlı tələbələri Sevda Müslümova və Günəş İskəndərovun ifasında bədii kompozisiya ilə davam etdirilmişdir. Tədbirdə həmçinin şəhid kapitan Aqil Məlikovun atası Niyaz Məlikov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru professor Yusif Alıyevin adından Təşəkkürnamə ilə təltif edilmişdir.
Sonda şəhid kapitan Aqil Məlikovun ruhuna ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil olunmuş, xatirə şəkilləri çəkilmiş və şəhidin şəxsi əşyalarından ibarət sərgi nümayiş etdirilmişdir.































