Bəzən bir rəqəm illərlə davam edən böyük bir fəaliyyətin ən aydın ifadəsinə çevrilir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2026/2027-ci tədris ili üçün ayrılmış 250 plan yerinin hamısının dolması – 100 faizlik qəbul nəticəsinin əldə edilməsi də məhz belə bir göstəricidir.
Bu uğur bir günün, bir qəbul kampaniyasının və ya təsadüfi statistik artımın nəticəsi deyil. Bu, uzun illər ərzində filialın inkişafı naminə həyata keçirilən ardıcıl işlərin, təhsilin keyfiyyətinin yüksəldilməsinin, müasir əmək bazarının tələblərinə uyğun ixtisasların açılmasının, tələbələr üçün yeni imkanların yaradılmasının, region məktəbləri və ictimaiyyətlə qurulan səmərəli əməkdaşlığın, eləcə də cəmiyyətlə aparılan açıq və davamlı dialoqun məntiqi nəticəsidir.
2026/2027-ci tədris ilində:
Filiala 10 ixtisas üzrə 250 tələbə qəbul olunub;
Onlardan 68 nəfəri (27,2%) dövlət sifarişi əsasında ödənişsiz, 182 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq;
Qəbul olunanların 198 nəfəri – ümumi qəbulun 79,2 faizi – 300-dən yuxarı bal toplayıb;
73 nəfərin nəticəsi 400 baldan yüksəkdir;
13 nəfər 500-700 bal intervalında nəticə göstərib;
2 nəfər – MUSAYEV E.Ə. 613,1 balla Riyaziyyat müəllimliyi ixtisasını, MUSTAFAYEVA A.R. 607,7 balla Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olublar.
Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunan 25 tələbənin hamısı dövlət sifarişi əsasında təhsil hüququ qazanıb.
Xüsusi qürur doğuran məqamlardan biri filialda ilk dəfə qəbul aparılan Aqronomluq ixtisasına ayrılmış 20 yerin tam dolması və qəbul olunanların 17 nəfərinin ödənişsiz təhsil hüququ qazanmasıdır. Bu nəticə göstərir ki, regionun iqtisadi potensialına, kənd təsərrüfatının elmi əsaslarla inkişafına və yeni nəsil aqrar mütəxəssislərin hazırlanmasına yönəlmiş təşəbbüsümüz cəmiyyət tərəfindən doğru qiymətləndirilib.
Digər mühüm yeniliyimiz – Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə) ixtisası da ilk qəbul ilində plan yerlərini tam doldurub. Bu, müasir məktəbin yalnız xarici dili bilən deyil, dili, ədəbiyyatı, mədəniyyəti və kommunikasiya bacarıqlarını bütöv şəkildə tədris edə bilən yeni nəsil müəllimlərə ehtiyacının real ifadəsidir.
Bu gün filialımızda Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Coğrafiya müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə), Məktəbəqədər təhsil, Tarix müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət, Sosial iş və Aqronomluq ixtisasları üzrə formalaşan tələbə kontingenti artıq daha geniş və çoxşaxəli inkişaf modelinin əsasını qoyur.
Biz illərdir bir həqiqəti əsas götürürük: regionda fəaliyyət göstərən ali təhsil müəssisəsi yalnız diplom verən tədris məkanı deyil, həm də bölgənin intellektual inkişaf mərkəzi, sosial tərəqqinin dayağı və gələcəyə açılan qapısı olmalıdır.
Məhz buna görə fəaliyyətimizi yalnız auditoriya ilə məhdudlaşdırmırıq. Müasir tədris yanaşmaları, rəqəmsal bacarıqlar, süni intellektdən pedaqoji məqsədlərlə istifadə, yaşıl düşüncə, elmi-tədqiqat fəaliyyəti, tələbə mobilliyi, beynəlxalq əməkdaşlıq, təhsil–biznes tərəfdaşlığı və əmək bazarı ilə əlaqələrin gücləndirilməsi bundan sonrakı inkişaf yolumuzun da əsas istiqamətləridir.
Bu nəticə bizə göstərilən ictimai etimadın ifadəsidir. Eyni zamanda üzərimizə daha böyük məsuliyyət qoyur. Qarşımızda indi daha mühüm vəzifə dayanır: qəbul olunan hər bir gəncin potensialını üzə çıxarmaq, onu yalnız savadlı mütəxəssis kimi deyil, təşəbbüskar, yaradıcı, məsuliyyətli və ölkəsinin inkişafına töhfə verməyə hazır şəxsiyyət kimi yetişdirmək.
Əziz valideynlər, müəllimlər, məzunlar, tərəfdaşlarımız və bölgəmizin bütün təhsil ictimaiyyəti!
Sizi ADPU-nun Quba filialında həyata keçirilən yenilikləri izləməyə, təşəbbüslərimizə dəstək verməyə, yeni ideyalarla bu inkişaf prosesinə qoşulmağa çağırırıq. Çünki güclü universitet yalnız onun əməkdaşlarının deyil, onu dəstəkləyən, ona inanan və onunla birlikdə gələcəyi quran cəmiyyətin ortaq əsəridir.
250 plan yeri – 250 yeni ümid.
100% qəbul -100% etimad.
Yeni ixtisaslar – region üçün yeni imkanlar.
Bu, görülən işlərin yekunu deyil, daha böyük inkişaf mərhələsinin başlanğıcıdır!
ADPU-nun Quba filialına qəbul olunan bütün tələbələrimizi və onların ailələrini ürəkdən təbrik edir, hər birinə uğurlu, məhsuldar və yaddaqalan tələbəlik həyatı arzulayırıq!
Birlikdə öyrənirik, birlikdə inkişaf edirik, birlikdə gələcəyi qururuq!
