“Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir.”
— Heydər ƏLİYEV
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin öyrənilməsi və gənc nəsillərə aşılanması sadəcə bir tarix dərsi deyil, müstəqil dövlətçiliyimizin fundamental əsaslarının mənimsənilməsi prosesidir. Heydər Əliyevin dövlətçilik konsepsiyası, milli inkişaf strategiyası və fəlsəfi baxışları zamanı qabaqlayan universal universal dəyərlər xəzinəsidir. Bu kontekstdə, milli təhsil sisteminin rəhbər və pedaqoji heyətinin üzərinə müstəsna və tarixi bir məsuliyyət düşür. Təhsil sahəsində çalışan hər bir mütəxəssis gənc nəsillər üçün Şəxsiyyət və Lider fenomeninin ən mükəmməl nümunəsi olan Heydər Əliyev irsini dərindən araşdırmalı və elmi-praktik fəaliyyətində rəhbər tutmalıdır. Çünki dahi rəhbərin təhsil, mədəniyyət, incəsənət, iqtisadiyyat və ədəbiyyat sahəsində qoyduğu miras gələcəyə doğru addımlayan gəncliyimiz üçün sönməz bir mayakdır.
Müasir Azərbaycan gəncliyi çox yaxşı dərk edir ki, bu gün fəxr etdiyimiz qüdrətli və suveren Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri qorumaq, inkişaf etdirmək və zirvələrə daşımaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Məhz bu səbəbdən Heydər Əliyev dühası və onun fundamental əməlləri xalqımızın tarixi yaddaşında əbədi yaşayacaqdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafı üçün insan amilini, onun təlim-tərbiyəsini həmişə strateji prioritet elan edirdi. Bu gün ali və orta təhsil ocaqlarında keçirilən mühüm elmi-mədəni tədbirlərə, innovativ layihələrə Heydər Əliyev dühasının işığı düşür. Çünki dahi şəxsiyyətin həyat yolunun xronologiyasını elmi əsaslarla izlədikdə, ölkəmizin keçmişi, bu günü və gələcək hədəfləri barədə fundamental dünyagörüşünə sahib olmaq mümkündür.
Bu gün gənclərimizin dahi rəhbərə olan sevgisi sadəcə bir ehtiram deyil, həm də yaradıcı bir sadiqlikdir. Çox qürurvericidir ki, gənclər müstəqil söz sahibi olduqları bütün mühüm platformalarda, ictimai və elmi fəaliyyətlərinin başlanğıcında Ümummilli Liderin abidəsini ziyarət edir, bu çiçəklənən ölkəni onlara miras qoymuş böyük rəhbərin ruhundan mənəvi güc alırlar.
“Haydar Alıyev ve Azerbaycanda Yeni Devlet Kuruculuğu (1993-2003)” adlı tədqiqat əsərində xaricdə təhsil alan azərbaycanlı bir tələbənin ürək sözləri bu sevginin miqyasını aydın göstərir:
“Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin Azərbaycan üçün qüvvə sərf edərkən yaşadığı coşğu və həyəcanı yazıma tam olaraq yansıtmağı bacarmadığım üçün çox üzgünəm”.
Bu səmimi etiraf Heydər Əliyevin hər bir azərbaycanlı gəncin daxili qürur mənbəyi olduğunun bariz sübutudur. Digər bir tələbə gənc isə liderlik fəlsəfəsini belə xarakterizə edir:
“Heydər Əliyevin Azərbaycanın yüz birinci şansı” olaraq adlandırılması təsadüfi deyildir. Bu ada yalnız bütün ümidlərin boşa çıxdığı zamanlarda belə gedişatı dəyişdirəcək, xalqını, millətini aydın sabahlara apara biləcək böyük insanlar şərəflə layiq görülürdü… Onun müəllifi olduğu davamlı inkişaf konsepsiyası üç böyük başlıq altında sərgilənirdi: Güclü dövlət, güclü iqtisadiyyat və azad cəmiyyət” [1,s. 92].
Müasir dövrün çağırışları (İKT-nin inkişafı, qloballaşma və süni intellekt erası) gənclərin qarşısında yeni tədqiqat üfüqləri açır. İndiki nəsil Heydər Əliyev şəxsiyyətini sadəcə tarixi aspektdən deyil, subyektiv və analitik prizmadan öyrənməlidir. Gənclərin xüsusilə araşdırmalı olduğu prioritet istiqamətlər bunlardır:
1. Strateji böhran menecmenti və siyasi cəsarət
Gənclər, xüsusən gənc idarəçilər, Heydər Əliyevin 1993-cü ildə ölkəni xaosdan, daxili parçalanma təhlükəsindən və iqtisadi tənəzzüldən necə xilas etdiyini – onun “böhran menecmenti” modelini analitik şəkildə öyrənməlidirlər. Ən çətin geosiyasi şəraitdə, daxili və xarici təzyiqlər qarşısında qətiyyətli və ləyaqətli duruş nümayiş etdirmək təcrübəsi bugünkü gənclik üçün ən böyük idarəçilik məktəbidir.
2. “Azərbaycançılıq” məfkurəsi və Milli kimliyin qorunması
Qloballaşan dünyada milli mənsubiyyəti, adət-ənənələri və milli-mənəvi dəyərləri qorumaq həyati əhəmiyyət kəsb edir. Heydər Əliyevin sistemləşdirdiyi Azərbaycançılıq ideologiyası multikulturalizm və milli birliyin unikal düsturudur. Gənclər bu ideologiyanın beynəlxalq münasibətlərdə və cəmiyyətdə oynadığı inteqrativ rolu tədqiq etməlidirlər.
Unutmayaq ki, Ulu Öndərin 2001 və 2003-cü illərdə dövlət dilinin tətbiqi ilə bağlı imzaladığı tarixi fərmanlar və qanunlar bu gün gənclərin elmi yaradıcılığının hüquqi bazasıdır. Onun ana dilimizin saflığı uğrunda apardığı mübarizə hər bir gəncə nümunə olmalıdır. Ulu Öndərin ona çay təqdim edən gəncə incəliklə: “Kəkotu yox, kəklikotu, bu isə dişləmə qənddir” deyərək etdiyi düzəliş, onun ana dilinin etimologiyasına və xalq yaradıcılığına nə qədər dərindən bələd olduğunun rəmzidir. Gənclər dilimizi sferasından asılı olmayaraq (diplomatiyada, elmdə, rəqəmsal dünyada) qorumağı öyrənməlidirlər.
4. İnsan kapitalının inkişafı və “Gələcəyə sərmayə” strategiyası
Hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi, hərbi kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Heydər Əliyevin gələcəyin müstəqil dövləti üçün atdığı daxiyanə addımlar idi. Bu gün uğurla davam etdirilən xaricdə təhsil proqramlarının təməlində məhz bu uzaqgörənlik dayanır.
Varislilik prinsipi: Heydər Əliyev ideyasından müzəffər Zəfərə
Milli dövlətçilik tariximizdə siyasi varislik prinsipinin ən mükəmməl təzahürünü bu gün biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətində görürük. Heydər Əliyevin təhsil, ordu quruculuğu, iqtisadiyyat və diplomatiya sahəsində əsasını qoyduğu strategiya cənab Prezident tərəfindən XXI əsrin çağırışlarına uyğun olaraq yeni zirvəyə daşınmışdır.
Ulu Öndərin ən böyük vəsiyyəti və arzusu Qarabağın azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. Bu gün işğaldan azad edilmiş yurdlarımızda – Ağdamda, Füzulidə, Xankəndidə dalğalanan üçrəngli bayrağımız, həyata keçirilən nəhəng infrastruktur layihələri, STEAM mərkəzləri və müasir təhsil ocaqları Heydər Əliyev ideallarının təntənəsidir.
Təhsil işçiləri olaraq bizim əsas hədəfimiz, Heydər Əliyevin aşağıdakı proqram xarakterli fikirlərini təhsil proqramımızın nüvəsinə çevirməkdir:
“Təhsil sisteminin nə qədər dəyəri olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik.”
Biz – ali təhsil ocaqlarında çalışan pedaqoqlar və ziyalılar, rəqəmsal dünyanın gətirdiyi yeni eranın tələblərini nəzərə alaraq, yüksək elmi-tədqiqat potensialına malik, intellektual, milli ruhlu və eyni zamanda qlobal düşüncəli gənclik yetişdirməyə borcluyuq. Heydər Əliyev irsinin işığında atılan hər bir doğru addım bizi daha güclü və sarsılmaz gələcəyə aparacaqdır.
Aysel Balasultan qızı Şeydayeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi.