Milyonlarala Hindistan gənci rəqabətli imtahanlara hazırlaşaraq millətin ən əsas peşə müəssisələrinə qəbul olmağı arzulayarkən, təhsil haqqında söhbət iş tapmaq, maaşlar və dərəcələr üzərində cəmlənir. Bu istəklər başa düşüləndir – ali təhsil mobillik, sabitlik və prestij vəd edir. Lakin bu uğur parıltısının altında daha dərin bir həqiqət yatır: Peşə təhsili sadəcə iş qabiliyyətli məzunlar yetişdirmir; o, ölkənin gələcəyinə təsir edəcək insanların xarakterini formalaşdırır. Təhsil müəssisələri dəyərlərə laqeydlik göstərib, məzunların yalnız əməli fəaliyyətlərinə diqqət yetirəndə nəticələr fərdi karyera çərçivəsindən kənara çıxır.
Son illərdə baş verən bir sıra narahatedici hadisələr təhsilli təbəqəmizin mənəvi aləmində artan böhranı üzə çıxardı. Gələcəyi olan bir İPS zabitinin faciəvi şəkildə ölümü, kasta fərqlərinə görə davam edən təhqiramiz epizodlar yüksək səviyyəli mütəxəssislərin belə rəqabət pərdəsi altında necə qəddarlıq edə bildiklərini nümayiş etdirir. Məhkəmə zalında, nəzakət və ədaləti təcəssüm etdirmək üçün nəzərdə tutulmuş bir məkanda, hakimə hücum edən bir vəkil göstərir ki, peşə təlimi sistemi rəsmi qurumlara hörmət bəsləməyi aşılaya bilmir. Savadlı bir həkimin bacarıqları və mövqeyindən istifadə edərək, insanlara zərər verdiyi Red Fort faciəsi vicdanın cilovlamadığı biliyin dəhşətli potensialını nəzərə çarpdırır. Bu hadisələr tək-tək deyil; onlar təhsilin məqsədini necə başa düşdüyümüzdə sistemli bir uğursuzluğumuza işarə edir.
Hindistanın təhsil sistemi tarixən akademik nailiyyətlərə, rasional düşüncəyə və peşəkar səriştəyə üstünlük vermişdir. Lakin yol boyu haradasa emosional zəka, empatiya, etik düşüncə və vətəndaş məsuliyyəti arxa plana qoyulmuşdur. Tələbələr imtahan pilləkənlərini qalxır, dərəcələr qazanır və təltiflər toplayır, lakin bir çoxları karyeraları boyunca insanlarla münasibətərdə qarşılaşacaqları çətinliklərə hazırlıqsız olurlar. Məzunlar bazarları təhlil etməyi, xəstələri müalicə etməyi, qanunları tətbiq etməyi və ya qanunları necə şərh etməyi öyrənirlər, lakin çox vaxt təvazökarlıqla ünsiyyət qurmağı, münaqişəni ləyaqətlə həll etməyi və ya əlverişsiz olduqda ədaləti müdafiə etməyi öyrənmirlər. Təhsil şəxsiyyətin formalaşmasından daha çox bacarıqlar toplusuna çevrilir. Ağıl itiləşir, amma ürək formalaşmamış qalır.
Bu ayrılığın dərin sosial nəticələri vardır. Peşəkarlar yalnız nəticə, rəqabət, irəliləyiş və ya mənfəət baxımından düşündükdə, idarə etdikləri və ya təsir etdikləri sistemlərin arxasında duran insanları unutmaq riski ilə üzləşirlər. Alqoritm hazırlayan mühəndis onun qərəzli təsirini gözdən qaçıra bilər. Yalnız gəlirə diqqət yetirən menecer işçilərin rifahına laqeyd münasibət bəsləyə bilər. Həkim xəstəyə can ağrısı çəkən bir insan kimi deyil, iş sənədi kimi yanaşa bilər. Bu uğursuzluq fərdi deyil, fəlsəfidir: Qurumlarımızın əksəriyyətində uğurun yüksək mənəvi keyfiyyətlərlə deyil, nailiyyətlə müəyyən edildiyi mühit yaradılmışdır.
Reytinqlər və göstəricilər bu problemi daha da dərinləşdirib. *NIRF kimi çərçivələr infrastrukturun, tədqiqat nəticələrinin və yerləşdirmə fəaliyyətlərinin qiymətləndirilməsində faydalı rol oynayır, lakin onlar həm də bir qurumu nəyin yaxşı etdiyini anlamağa cüzi imkan verir. Bir kollec bütün göstəricilər üzrə cədvəllərdə birinci yeri tuta bilər, lakin mənəvi dözümlülük və ya şəfqət çatışmazlığı olan məzunlar yetişdirirsə, cəmiyyət qarşısında öz vəzifəsini yerinə yetirməmiş olar. Təhsil müəssisələri rəqəm göstəriciləri nüfuzunun arxasınca düşəndə, mənəvi xarakterin inkişafını təhlükə altında qoyurlar. Təhsil özünü kəşf etmək və ya məsuliyyət səyahətinə deyil, bir yarışa çevrilir.
Bu uçurum, xüsusilə bərabərsizliyin hökm sürdüyü bir cəmiyyətdə son dərəcə təhlükəlidir. Hindistanın rəqəmsal uçurumu geniş olaraq qalır və məktəblərin keyfiyyətsizliyi və ali təhsilə əlçatanlığın məhdud olması səbəbindən gənclərin çoxu çətinlik çəkir. Xüsusilə kənd və yarı şəhər yerlərində yerləşən dövlət qurumları qeyri-kafi vəsait və köhnəlmiş resurslarla mübarizə aparır. Keyfiyyətli təhsil almaq imkanına malik tələbələr üçün bu bərabərsizlik görünməz olmamalıdır. Peşəkar təlim əslində tələbələri onların sosial dairələrindən kənarda olanların həyatı, çətinlikləri və xəyalları ilə tanış etməlidir. Təfəkkür yazıları, təqlidlər, siyasi müzakirələr və real həyata daxil olmaq gələcək mütəxəssislərə qərarlarının etik nəticələrini anlamağa kömək edə bilər. Tələbələr öz qərarlarının təsir etdiyi insan reallıqları ilə qarşılaşdıqda, liderlik səlahiyyətdən daha çox məsuliyyətə çevrilir.
Buna görə də təhsilin məqsədi yenidən qurulmalıdır. Məzunların texniki biliklərdə mükəmməl olması kifayət deyil; onlar həmçinin təzyiq altında etik davranmaq cəsarətinə, rəhbərlik etməzdən əvvəl dinləmək üçün təvazökarlığa və əzab və ədalətsizliyi qəbul etmək üçün həssaslığa malik olmalıdırlar. Çoxları imtahanlarda uğur qazana və ya gəlirli karyera qura bilər, amma az adam təkcə pul qazanmaq deyil, həm də həyatın mənasını anlamağa çalışır. Gələcək hər ikisini bacaranlardan asılıdır.
Hindistan həlledici bir anda dayanır. Ölkə iqtisadi və texnoloji cəhətdən böyüdükcə, onun tərəqqisi sistemlərini dizayn edənlərin, siyasətlərinə təsir edənlərin və təsisatlarını quranların dəyərləri ilə formalaşacaq. Bu gün biznes məktəblərinə, mühəndislik kolleclərinə, tibb institutlarına və hüquq fakültələrinə daxil olan məzunlar sabah hansı cəmiyyətə çevriləcəyimizi müəyyən edəcəklər. Əgər təhsil xarakter formalaşdırmağa biganəlik göstərib, nəticəyə diqqət yetirməyə davam edərsə, ictimai həyatın mənəvi tələblərinə hazır olmayan yüksək səviyyəli mütəxəssislər nəsli yaratmaq riski ilə üzləşirik.
Millətin ehtiyacı olan intellektual cəhətdən iti, emosional cəhətdən şüurlu və möhkəm etik prinsiplərə malik liderlərdir. Peşəkar təhsil tələbələrə yalnız öyrəndiklərini mənimsəməyə deyil, həm də kim olduqları barədə düşünməyə kömək etməlidir. Yalnız bundan sonra akademik kamillik sosial müdrikliyə çevrilə bilər və yalnız bundan sonra təhsilin vədi həqiqətən ölkəyə xidmət edə bilər.
Fr. Mukti Klarens, XLRI İdarəetmə Məktəbinin dosenti, Camşedpur. NIRF (National Institutional Ranking Framework) Ranking Hindistan Təhsil Nazirliyi tərəfindən ölkə daxilində ali təhsil müəssisələrini (universitetlər, kolleclər, mühəndislik, menecment, tibb, hüquq və s.) fəaliyyətlərinə görə reytinqə salan rəsmi çərçivədir
İngiliscədən çevirdi: ADPU Quba Filialı filologiya kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi Rahib (Alpanlı) Sədullayev