“Tarix yaddaşla yazılır: Şəhid irsi və milli-mənəvi dəyərlər kontekstində Anım Günü mühazirəsi” mövzusunda tədbir keçirilib.

25.09.2026
“Tarix yaddaşla yazılır: Şəhid irsi və milli-mənəvi dəyərlər kontekstində Anım Günü mühazirəsi” mövzusunda tədbir keçirilib.

ADPU-nun Quba filialında şəhid kapitan Aqil Məlikovun adını daşıyan auditoriyada Anım Gününə həsr olunmuş “Tarix yaddaşla yazılır: Şəhid irsi və milli-mənəvi dəyərlər kontekstində Anım Günü mühazirəsi” mövzusunda tədbir keçirilib

​Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur!” silsilə tədbirləri çərçivəsində, qəhrəman şəhidimiz kapitan Aqil Məlikovun adını daşıyan auditoriyada xüsusi mühazirə və dərslər təşkil olunub. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edilməsi, onların şanlı döyüş yolunun və misilsiz igidliklərinin gənc nəslə aşılanması məqsədilə keçirilib.

​​Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirin əvvəlində şəhid ailə üzvləri tərəfindən ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə bu cür mühüm vətənpərvərlik tədbirinin təşkilinə, eləcə də hər zaman şəhid ailələrinə göstərilən yüksək diqqət, qayğı və ehtirama görə dərin minnətdarlıq və təşəkkür ifadə olunub. Bildirilib ki, filial rəhbərliyinin bu cür həssas və diqqətli yanaşması şəhidlərimizin xatirəsinə verilən dəyərin bariz nümunəsidir.

​Tədbirdə çıxış edən ADPU-nun Quba filialının tədris və elmi işlər üzrə direktor müavini, p.f.d. Pərvanə Rzayeva şəhid kapitan Aqil Məlikovun və bütün Vətən övladlarının döyüşlərdə göstərdiyi unikal rəşadətdən, düşmənə qarşı qətiyyətli mübarizəsindən danışıb. O qeyd edib ki, Azərbaycan Ordusunun zabiti kimi Aqil Məlikov və onun döyüş yoldaşları əsl qəhrəmanlıq dastanı yazıb, hər bir hərbçimizin şücaəti tariximizə qızıl hərflərlə həkk olunub.

Tədbirdə həmçinin Quba Soyqırımı Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova da çıxış edib, günün mahiyyəti, şəhid kapitan Aqil Məlikovun qəhrəmanlığı haqqında danışıb.

​Daha sonra çıxış edən şəhidin atası Niyaz Məlikov və həyat yoldaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının akademik məsləhətçisi Günel Məlikli Aqil Məlikovun həyat yolundan, onun Vətənə olan sonsuz sevgisindən və döyüşlərdə nümayiş etdirdiyi əvəzsiz igidliyindən bəhs ediblər. Bildirilib ki, kapitan Aqil Məlikov kimi mərd oğulların qəhrəmanlığı sayəsində bu gün üçrəngli müqəddəs bayrağımız azad torpaqlarımızda dalğalanır. Şəhidlərimizin qanı baha başa gələn bu Zəfər hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Tədbirdə həmçinin tələbələrin ifasında müxtəlif şeir və kompozisiyalar səsləndirilib.

​Daha sonra filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva və şöbə müdiri Hikmət Musayevin birgə təşkilatçılığı ilə ərsəyə gəlmiş “Hər nə olsa şərəfimdir” adlı videoçarx nümayiş etdirilib.

​Tədbir iştirakçıları vurğulayıblar ki, şəhidlərimizin əziz xatirəsinin uca tutulması, onların keçdiyi şərəfli yolun təbliği və gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi hər birimizin müqəddəs borcudur. Sonda şəhidlərimizin ruhuna dualar oxunub, qazilərimizə şəfa arzulanıb və gənc nəslin yüksək intellektli, vətənpərvər ruhda formalaşmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?