“Tarix yaddaşla yazılır: Şəhid irsi və milli-mənəvi dəyərlər kontekstində Anım Günü mühazirəsi” mövzusunda tədbir keçirilib.

25.09.2026
“Tarix yaddaşla yazılır: Şəhid irsi və milli-mənəvi dəyərlər kontekstində Anım Günü mühazirəsi” mövzusunda tədbir keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur!” silsilə tədbirlər çərçivəsində, qəhrəman şəhidimiz Miqdad Abduləlimovun adını daşıyan auditoriyada növbəti mühazirə və dərslər təşkil olunub

Tədbirin əvvəlində mərd şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq onun həyat yolunu, şərəfli döyüş illərini əks etdirən xüsusi şəxsi əşyaları, fotoları və geyimləri sərgilənərək iştirakçılara nümayiş etdirilib, həmçinin xatirə materialları vərəqlənərək xatirəsi dərin sevgi və qürurla yad edilib.

​Vətənimizin müqəddəs torpaqlarının azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən oğulların xatirəsini əbədiləşdirmək, onların şanlı döyüş yolunu gənc nəslə ətraflı çatdırmaq məqsədi daşıyan mərasim Dövlət Himninin səslənməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

​Tədbirin əvvəlində şəhidin ailə üzvləri ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə və bütün filial kollektivinə göstərilən yüksək diqqətə, mənəvi dəstəyə, eləcə də şəhidlərimizin adının uca tutulmasına görə səmimi minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, universitetin hər zaman şəhid ailələrinə göstərdiyi bu həssas və qədirbilən yanaşma gənclərin milli-mənəvi ruhda formalaşmasında müstəsna əhəmiyyət daşıyır.

​Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Aysel Şeydayeva çıxış edərək Miqdad Abduləlimovun Vətən qarşısındakı misilsiz xidmətlərindən və ön xətdə göstərdiyi unikal igidlikdən danışıb. O vurğulayıb ki, Miqdadın və onun silahdaşlarının yazdığı qəhrəmanlıq dastanı hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillər üçün əsl vətənpərvərlik və mətanət məktəbidir.

Tədbirin rəsmi hissəsində ölkəmizin keçdiyi tarixi inkişaf yoluna və qazanılan möhtəşəm Zəfərin reallıqlarına toxunularaq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin dövlətimizin qüdrətinin artmasındakı müstəsna rolundan bəhs edilib. Vurğulanıb ki, dövlət başçısının ətrafında sıx birləşmək, milli həmrəyliyi qorumaq və dövlətçilik ideallarına sədaqətlə xidmət etmək hər bir Azərbaycan vətəndaşının, xüsusilə də gənc nəslin ən ali vətəndaşlıq borcudur.

​Daha sonra şəhidin valideynləri Faiq Abduləlimov və Tünzalə Abduləlimova, eləcə də qohumu Mətləb Əliyev çıxışlarını davam etdirərək Miqdadın uşaqlıq illərindən, dürüst xarakterindən, Vətənə olan tükənməz sevgisindən və hərbi nizam-intizamından bəhs ediblər. Onlar qeyd ediblər ki, bu gün azad olunan hər qarış torpağımızda üçrəngli bayrağımızın qürurla dalğalanması məhz Miqdad kimi qorxmaz oğulların qanı və canı bahasına əldə olunub.

​Tədbirin bədii hissəsində tələbələr tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş təsirli şeirlər və ədəbi-bədii kompozisiyalar səsləndirilib.

​Sonda şəhidlərimizin ruhuna dualar oxunub, qazilərimizə möhkəm cansağlığı arzulanıb. Tədbir iştirakçıları gənclərin vətənpərvər, bilikli və milli dəyərlərə bağlı şəxsiyyətlər kimi yetişdirilməsinin hər bir təhsil işçisinin ən ali və müqəddəs vəzifəsi olduğunu bir daha diqqətə çatdırıblar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?