Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur!” silsilə tədbirləri çərçivəsində, qəhrəman şəhidimiz Nuran Mirzəyevin adını daşıyan və büstü yerləşən auditoriyada xüsusi mühazirə və dərslər təşkil olunub
Tədbirin əvvəlində mərd şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq büstü önünə təzə-tər qərənfillər düzülüb, həmçinin onun həyat və döyüş yolunu əks etdirən xatirə kitabı vərəqlənərək xatirəsi dərin sevgi və qürurla yad edilib.
Vətənimizin ərazi bütövlüyü, suqəstə uğramış torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların xatirəsini uca tutmaq, onların şanlı döyüş yolunu gənc nəslə aşılamaq məqsədi daşıyan mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam edib.
Tədbirin rəsmi hissəsində çıxış edən şəhid ailə üzvləri ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə bu cür mühüm, vətənpərvərlik ruhu aşılayan tədbirlərin təşkilinə, eləcə də hər zaman şəhid ailələrinə göstərilən yüksək diqqət, qayğı və ehtirama görə səmimi minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, rəhbərliyin göstərdiyi bu həssas yanaşma şəhidlərimizin adının əbədiləşdirilməsində və gənclərin milli ruhda formalaşmasında əvəzsiz rol oynayır.
Daha sonra çıxış edən ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı Nubar Bayramova şəhid Nuran Mirzəyevin və bütün igid Vətən övladlarının döyüşlərdə göstərdikləri unikal rəşadətdən, düşmənə qarşı nümayiş etdirdikləri əzmkar mübarizədən geniş bəhs edib. Qeyd olunub ki, Nuran Mirzəyev kimi qəhrəmanların şücaəti hər bir azərbaycanlı üçün qürur mənbəyi və əsl Vətən sevgisi dərslikləridir.
Şəhidin atası Akif Mirzəyev və bacısı Şəfəq Mirzəyeva, həmçinin qohumu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Tələbə, Məzun və Karyera şöbəsinin baş mütəxəssisi Fatimə Allahverdiyeva Nuran Mirzəyevin uşaqlıq illərindən, onun Vətənə, torpağa olan sonsuz bağlılığından, xarakterindəki mərdlikdən danışıblar. Vurğulanıb ki, bu gün üçrəngli müqəddəs bayrağımızın azad torpaqlarımızda qürurla dalğalanması Nuran kimi qorxmaz oğulların qanı və canı bahasına əldə olunub.
Tədbir çərçivəsində tələbələrin ifasında Vətənə, qəhrəmanlığa və şəhidlərə həsr olunmuş şeirlər, eləcə də ədəbi-bədii kompozisiyalar səsləndirilib. Ardınca filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Aysel Şeydayeva və şöbə müdiri Hikmət Musayevin birgə təşkilatçılığı ilə ərsəyə gəlmiş “Qəhrəman oğul” adlı təsirli videoçarx nümayiş etdirilib.
Sonda iştirakçılar şəhidlərimizin əziz xatirəsinin hər zaman qəblərdə yaşayacağını, gənc nəslin yüksək intellektli, vətənpərvər və milli dəyərlərə sadiq ruhda yetişdirilməsinin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu bir daha diqqətə çatdırıblar. Ruhlarına dualar oxunub, qazilərimizə isə möhkəm cansağlığı arzulanıb.
















