
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri, Ümumi fənlər kafedrasının baş müəllimi Pərvanə Rzayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 03.03.2025-ci il tarixli qərari ilə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Qeyd edək ki, Pərvanə Rzayeva Pedaqogika elm sahəsinin Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.15 Dissertasiya Şurasında “Şərq qadını” jurnalında tərbiyə məsələləri” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Tədqiqatın əsas məqsədi “Şərq qadını” jurnalında (1923-1938) çap olunmuş məqalələrdə tərbiyənin müxtəlif istiqamətləri-əqli, fiziki, əmək, əxlaq, estetik, hüquq tərbiyəsinin, eləcə də ailə tərbiyəsinin məzmunu, metodları ilə bağlı problemləri təhlil və ümumiləşdirmələr əsasında üzə çıxarmaq, onun elmi-pedaqoji mahiyyətini tədqiq edərək pedaqogika tarixində əhəmiyyətini, yerini və rolunu müəyyənləşdirməkdən ibarət olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi pedaqogika kafedrasında yerinə yetirilən dissertasiya işinin elmi rəhbəri professor İntiqam Cəbrayılov, rəsmi opponentləri isə professor Akif Abbasov, professor Şəhla Əliyeva, dosent Vidadi Bəşirov olmuşdur.
Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə həmkarımız Pərvanə Hacıbala qızı Rzayevanı kollektivimiz adından təbrik edir, ona elmi fəaliyyətində başarılar, şəxsi və karyera həyatında isə uğurlar arzu edirik.