Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu

08.07.2025
Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Ölkələrimiz arasında bu günə qədər bir çox sazişlər imzalanmışdır. Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsini təmin edən sənədlərdən biri də 15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində imzalanan bəyannamədir.
İmzalanmış Bəyannamə çox böyük tarixi əhəmiyyətə malikdir. Belə ki, bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapmışdır. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsini təcəssüm etdirir. Birgə Bəyannamədə 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Bu da çox böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə qardaş ölkələrin gələcək iş birliyinin istiqamətini göstərir.
Bəyannamədə bir çox mühüm məsələlər öz əksini tapıb. Bura beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər sahələri misal gətirmək olar. Bəyənnamədə həmçinin Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün xüsusi önəmi olduğu göstərilir. Regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolu xüsusi vurğulanır. Tərəflərin Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəkləri bəyənnamədə öz əksini tapır. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səyləri artıraraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər.Cənab prezident İlham Əliyev tarixi nailiyyət sayılan müdafiə və qarşılıqlı hərbi yardım məslələrinin bəyannamədə öz əksini tapdığını vurğulamışdır. Və bu da iki ölkə arasında hərbi sahədə əməkdaşlığı daha da möhkəmlənməsini təmin edir.
Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcək.
Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcək.
Bəyənnamədə əhəmiyyətli müddəalardan biri də iki ölkə arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin genişlənməsidir. Belə ki, Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəyi və bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsi vurğulanır.
Tərəflərin iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəkləri, minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.
Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər.
Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Azərbaycana açıq-aşkar öz dəstəyini göstərmişdir. Və bu siyasi və mənəvi dəstək Azərbaycanın tək olmadığını göstərdi, bizi ruhlandırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir.
Türkiyə bərpa və yenidənqurma işlərində Azərbaycana hər cür dəstəyi verir.
Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib.
Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?