(İnternet materialları əsasında, ixtisarla)
Süni intellektin (Sİ) yetmiş yaşının olduğunu bilirdinizmi? Demək olar ki, müasir dünyanın bütün sahələrini əhatə etmiş Sİ-dən danışmayan bir adam tapmaq qeyri-mümkündür. Hətta 2023-cü ildə o, Collins Dictionary (lüğət) tərəfindən “ilin sözü” (word of the year) elan olunmuşdu. Bəli, çox gənc görünən Sİ 70 yaşındadır. O, 1956-cı ildə ABŞ-nın Hanover şəhərində doğulmuşdur.
Sİ-in yaradılması ideyası kiçik bir alimlər qrupu tərəfindən 1955-ci ildə irəli sürülmüşdü. Fərziyyəsinə əsasən tədqiqat elə aparılmalı idi ki, intellektin hər bir öyrənmə aspekti və hər hansı digər xüsusiyyətləri dəqiq təsvir olunsun, onu (intellekti) simulyasiya edən/yamsılayan bir maşın yaratmaq mümkün olsun. Elə etmək lazımdır ki, həmin maşın dildən istifadə etmək, abstarksiyalar və anlayışlar yaratmaq, problemləri həll etmək kimi bu gün yalnız insanlara məxsus bacarıq nümayiş etdirmək və özlərini təkmilləşdirməyi bacarsın.
O zaman Con Makkarti, Marvin Minski, Natanial Roçester, və Klaudi Şanon-dan ibarət alimlər qrupu Sİ-in əsas yeddi aspektini araşdırmalı idi:
1. Avtomat kompyuterlər (Automatic Computers)
2. Kompyuter dildən istifadə etməyə necə proqramlana bilər? (How Can a Computer be Programmed to Use a Language?)
3. Neyron şəbəkələr (Neuron Nets)
4. Hesablamanın həcmi nəzəriyyəsi (Theory of the Size of a Calculation)
5. Özünü təkmilləşdirmə (Self-lmprovement)
6. Abstraksiyalar (Abstractions)
7. Təsadüfilik və kriativlik (Randomness and Creativity) (http://jmc.stanford.edu/articles/dartmouth/dartmouth.pdf)
Sİ əsasən üç formada şərh olunur:
1. Dar/Zəif Sİ (Artificial Narrow/ Weak AI Intelligence)
2.Ümumi Sİ / Güclü Sİ (Artificial General Intelligence/Strong AI)
3. Ali Sİ (Super intelligence)
Hal-hazlrda Sİ-in yalnız birincisindən istifadə olunur. Alimlərin mülahizələrinə görə, Ümumi Sİ/Güclü Sİ istənilən problemi həll etməyi bacarmaqla yanaşı, duyğulara və onları başa düşmək qabiliyyətinə malik olacaq.
Ali Sİ isə insan zəkasını ötəcək. Hələlik fərziyyə olsa da, gələcək nəsillər onu görə biləcəklər.(https://www.codemonkey.com/blog/what-is-ai-artificial-intelligence-in-simple-words/)
Əvvəlki texnoloji yeniliklər kimi, Sİ-in də tərəfdarları, həm də əleyhinə olanların özlərinə məxsus arqumentləri olsa da, sürətlə inkişaf etməkdə olan bu yeniliyin də sirləri az deyil. Sİ-dən istifadə edənlər daha yaxşı bilirlər ki, fiziki və ya zehni əməyin yüngülləşdirilməsində, vaxta qənaət etməkdə, lazımi materialın tez bir zamanda əldə olunmasında, dərs planlarının tərtibi, müəyyən vəsait, cədvəl, diaqram, qrafiklərin və s. hazırlanmasında onun müstəsna rolu vardır. Sir deyildir ki, çoxsaylı istehsal sahələri bir yana, Sİ proqramlı robotlar insanların bacarmayacağı, cüzi bir səhvin belə böyük problemlər yarada biləcəyi, ən ciddi dəqiqlik tələb olunan proseslərdə, insan həyatı üçün təhlükəli radiaktiv sahələrdə uğurla çalışır. Lakin Sİ cihaz və robotları köhnəldikdə hələlik özünü yeniləmək qabiliyyətinə malik deyildir. Elə buradaca qeyd etmək yerinə düşərdi ki, əslində Sİ möcüzə də deyil. Bizə möcüzə kimi görünəni yaradanlar yeni kompyuter nəsilləri yaradan mühəndislər və bu cihazları ən müasir proqramlarla onların imkanlarını daha da inkişaf etdirən proqramçılardır. İnsan kimi düşünmə qabiliyyəti olmayan Sİ hər şeyi üçün yükləndiyi alqoritm silsilələrindən asılıdır. İnsan zəkasını yamsılayan süni intellektin inkişaf perspektivinin daha parlaq üfüqləri hələ irəlidədir. Başqa sözlə desək, Sİ-in imkanları sonsuzdur. Hələ bugünükü imkanlarını görənlərdən elələri vardır ki, yaxın gələcəkdə süni intellektin dünyaya hakim olacağı əndişəsini yaşayırlar. Bütün narahatlıqlara baxmayaraq, Sİ durmadan inkişaf edir və dünya gələcəkdə onun daha gözəl nəticələrindən faydalanacaq.
***
Sİ-in öyrətmə və öyrənmə sahələrinə siyarət etməsi də çox maraqlıdır. Uzun illər əvvəl müxtəlif forma və funksiyalı kalkulyatorlardan tutmuş müasir ağıllı lövhələrə və daha çox istifadə olunan smartfonlara qədər bütün elektron cihazlar elə böyük Sİ proqramlı vasitələr ailəsinin üzvlərindəndir. Həm öyrədənlər, həm də öyrənənlər üçün Sİ-in yeni, yaradıcı formasının (generative Aİ) imkanları daha genişdir. Misal üçün, müəllimlər Sİ-dən istənilən forma və məzmunlu dərs planları, imtahan sualları, qiymət meyarları, imtahanların real olaraq həyata keçirilməsi üçün materiallar əldə edə bildikləri kimi, öyrənənlər də üzləşdikləri problemlərin həlli və izahatına qısa zaman ərzində yiəyələnə bilirlər. Sİ-in müsbət və mənfi cəhətləri də daha çox məhz bu məqamda meydana çıxır və Sİ-dən istifadə etməklə bağlı, hamını maraqlandıran qəribə suallar yaranır.
Sİ-in dil tədrisində də əyəmiyyətli rolu vardır, lakin dərsdə istifadə olunan digər texniki vasitlələr kimi, Sİ vasitələrinin də müsbət və mənfi cəhətəlri ola bilər. BMT-də bu məsələ ilə bağlı müzakirə aparılmışdır: – Süni intellekt (AI) mürəkkəb problemləri tez və geniş miqyasda həll etməyə kömək etmək potensialına malik güclü bir vasitədir. Bununla belə, süni intellekt həm də iş bazarlarından tutmuş demokratik dəyərlərə qədər hər şeyə təsir edən yanlış və dezinformasiya, və özünəməxsus daxili mühakimələrilə birlikdə xeyli risklər yaradır. (“Süni intellekt: Təhlükəsizlik və həlli yolları” 20 sentyabr, 2023) https://unpartnerships.un.org/news/2023/artificial-intelligence-safeguards-and-solutions
Ən son elmi nailiyyətələrə əsaslanan bir neçə dəlillərə nəzər salaq:
Üzün tanınmasından tutmuş dil tərcüməsinə qədər hər şeyi əhatə edən süni intellekt sistemləri texnologiyanın çox mühüm sahəsidir. Lakin süni intellekt modelləri daha da mürəkkəbləşdikcə, onlar böyük miqdarda elektrik sərf edir ki, bu da enerji səmərəliliyi və davamlılığı üçün problemlər yaradır. Florida Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni çip süni intellektin ən çox enerji tələb edən işlərindən birini yerinə yetirmək üçün elektrikdən deyil, işıqdan istifadə etməklə bu problemi həll etməyə kömək edə bilər. https://www.sciencedaily.com/releases/2025/09/250908175458.htm
Mount Sinai İkahn Tibb Məktəbinin tədqiqatçıları İzrailin Rabin Tibb Mərkəzindəki həmkarları ilə birlikdə belə qərara gəlmişdirlər ki, ən inkişaf etmiş Sİ modelləri belə mürəkkəb tibbi etik senarilərlə üzləşdikdə son sərəcə sadə səhvlərə yol verə bilər.
***
Sİ-in zərərli nəticələrindən qorunmaq üçün bir sıra ehtiyat tədbirlərinə əməl etmək lazımdır. “Suni intellekt və İngilis dilinin tədrisi: Gəlcəyə hazırlıq”da bu barədə yazılanları öyrənənlər və müəllimlər haqqında ayrı-ayrılıqda ümumiləşdirməyə çalışdım.
· Sİ-dən istifadə edənlər şəxsi məlumatlarını: ünvanları, dəqiq adlarını, telefon nömrələrini, e-mail ünvanlarını, bank məlumatlarını, şəxsiyyət sənədlərini təqdim etməkdən yayınmalıdırlar.
· Məlumatların toplanması və onlardan necə sui istifadə edilə bilinəcəyini başa düşməlidirlər.
· Sİ-dən istfadə bildirilməli, və URL ünvanları daxil olmaqla istinadlarda göstərilməlidir.
· Sİ mətnləri ideyaların inkişafına kömək etməli, yazı və bədii yaradıcılıq zamanı, şagirdlər öz məhsullarını yaratmalıdırlar.
· Şagirdlər işin necə əldə olunduğunu, hansı Sİ nümunələrindən istifadə olunduğunu göstərməlidirlər. Nəticələr səhifə sonunda qeydlər və ya əlavələr kimi ola bilər.
· Şagirdlər Sİ-dən əvvəl beyin həmləsi üsullarından istifadə etməli və bu ideyalar əsasında göstərişlər yazmalıdırlar.
· Şagirdlər ölçülüb-bilçilmiş sorğular yazmalıdırlar ki, Sİ-də tələb olunan nəticələr alınsın.
· Şagirdləri Sİ texnologiyasından necə istifadə etmək haqqında düşünmək və Sİ-in onların öyrənmə təcrübəsinə necə təsir etdiyini götür-qoy etməyə həvəsləndirmək lazımdır.
· Sİ-in məhsulunu kor-koranə qəbul etməmələri üçün şagirdlərdə tənqidi təfəkkürün inkişafına nail olmaq lazımdır.
· Şagirdləri mürəkkəb problemlərin öhdəsindən gəlmək üçün Sİ texnologiyasından səmərəli istifadə etməyə itiqamətləndirmək lazımdır.
· Şagirdlər ətraflı təhlil vasitələrindən istifadə etməlidirlər ki, cari məsələlərin çoxaylı perspektivlərini əldə edə bilsinlər.
· Şagirdlər Sİ texnologiyasının verdiyi məlumatın orijinal mənbəyini, etibarlılığını və dəqiqliyini təhlil etmək bacarıqlarına yiyələnməlidirlər.
(Artificial intelligence and English language teaching: Preparing for the future, iyul 2024, British Council) www.britishcouncil.org
* İstinad tərcümələri müəllifə məxsusdur.
Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı filologiya
kafedrasının baş müəllimi,
qabaqcıl təhsil işçisi