“Startup School Quba” layihəsi çərçivəsində ADPU-nun Quba filialında “Elmin kommersiyalaşdırılması: Startap layihələrin formalaşdırılması və inkişafı” mövzusunda təlim uğurla təşkil olundu.

26.04.2026
“Startup School Quba” layihəsi çərçivəsində ADPU-nun Quba filialında “Elmin kommersiyalaşdırılması: Startap layihələrin formalaşdırılması və inkişafı” mövzusunda təlim uğurla təşkil olundu.

Təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı və ADPU-nun Quba filialı ilə birgə təşkilatçılığı, Quba İş Adamlarına Dəstək-QİAD platformasının və “Xınalıq Turizmin İnkişafına Dəstək İB-nin tərəfdaşlığı ilə təşkil olunaraq, regionda innovasiya və startap ekosisteminin inkişafına mühüm töhfə verdi.
Tədbirdə təlimçi kimi çıxış edən “Enterprise Azerbaijan” portalın rəhbəri dosent İsa Qasımov layihələrin ideyadan bazara çıxarılması, elmi tədqiqatların kommersiyalaşdırılması, startapların formalaşdırılması və inkişaf mərhələləri, eləcə də investisiya imkanları barədə ətraflı məlumatlar təqdim etdi. İştirakçılar real nümunələr əsasında praktiki biliklər əldə edərək, öz layihələrini daha sistemli şəkildə qurmaq imkanları qazandılar.
Qeyd edək ki, təlimlər nəticəsində ərsəyə gələcək startapların inkişafına “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramında dəstəklənəcək.
Layihənin tərəfdaşları qismində Quba İş Adamlarına Dəstək Platforması və Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi nümayəndələri də çıxış edərək regionda sahibkarlığın və innovativ təşəbbüslərin dəstəklənməsinə yönəlmiş fəaliyyətlərini bölüşdülər.
Təlim çərçivəsində çıxış edənlər tədbirin əhəmiyyətini xüsusi vurğuladılar:
QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov bildirdi ki, sahibkarlığın inkişafı üçün regionlarda bu tip praktiki yönümlü təlimlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
QİAD İdarə Heyətinin üzvü Əfqan Nəcəfov vurğuladı ki, startapların uğuru düzgün ideya seçimi və bazar tələbinin düzgün qiymətləndirilməsindən asılıdır.
QİAD İdarə Heyətinin üzvü Asif Cəfərov qeyd etdi ki, gənclərin innovativ düşüncə tərzinin inkişafı üçün belə platformalar mühüm rol oynayır.
ADPU-nun Quba filialın əməkdaşı Yusif Abayev (Xınalıq Turizmin İnkişafına Dəstək İB – nin sədri) isə çıxışında regionlarda həyata keçirilən bu cür təşəbbüslərin yerli sahibkarlığın inkişafına və innovativ layihələrin yaranmasına töhfə verdiyini bildirdi.
Təlim daha sonra iştirakçıların qeyri-rəsmi müzakirələri ilə çay-kofe süfrəsi arxasında davam etdirildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?