Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və ustad Aşıq Ələsgərin anadan olmasının 205 illiyi münasibətilə Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “Dədə Ələsgər poeziyasında məkan və yaddaş: Göyçə konteksti (Quba müstəvisində)” mövzusunda genişmiqyaslı tədbir təşkil olunmuşdur. Tədbirin rəsmi açılışından öncə rəhbərlik və qonaqlar Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimləri və soydaşlarımızın keçdiyi çətin sınaqları, o cümlədən ustad sənətkarın həyat yolunu əks etdirən zəngin sərgi və informasiya stendləri ilə tanış olmuşlar. Qərbi Azərbaycan həqiqətlərinin və tarixi faktların regional miqyasda geniş ictimaiyyətə, xüsusilə gənc nəslə dolğun şəkildə çatdırılması məqsədilə qurulan stendlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgiyə baxışdan sonra başlayan elmi-praktik tədbir ADPU-nun Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın moderatorluğu ilə idarə edilmişdir. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ardınca ustad aşığın həyat və yaradıcılığına həsr olunmuş geniş videoçarx nümayiş etdirilmişdir.
Tədbirin açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru İlham Qaraqurbanlı qonaqları salamlayaraq, Qərbi Azərbaycanın mənəvi rəmzlərindən olan Dədə Ələsgər irsinin Quba müstəvisində tədqiqi və təbliğinin tarixi yaddaşın qorunması, eləcə də milli qayıdış ideologiyasının möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
Tədbirdə ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyevin məruzə nitqi xüsusi elmi və fundamental çəkisi ilə ön plana çıxmışdır. Professor Yusif Alıyev öz çıxışında mövzuya ənənəvi təbrik çərçivəsindən kənara çıxaraq, yüksək səviyyəli akademik və elmi-fəlsəfi təhlillə yanaşmışdır. Məruzədə Aşıq Ələsgər poeziyasında yer alan Göyçə mahalının toponimləri, coğrafi məkanları və təbiət təsvirləri şəhərsalma, tarixi coğrafiya və sosiokültürəl yaddaş prizmasından araşdırılmışdır. Professor elmi arqumentlərlə əsaslandırmışdır ki, ustadın yaradıcılığındakı hər bir coğrafi ad sadəcə bədii təsvir vasitəsi deyil, bütöv bir xalqın həmin torpaqlardakı tarixi-hüquqi varlığının, milli kimliyinin və sarsılmaz mənəvi mülkiyyətinin poetik sənədidir. Daha sonra Sarıköynək əsərinin yaranma tarixindən danışan direktor qeyd edib ki, Ustadın görmədən belə gözəlliyin bədii təqdimatı yalnız ilahi istedadın nəticəsi ola bilər. Bu xüsusi akademik təhlil tədbirin elmi rasionallığını artırmaqla yanaşı, iştirakçılar tərəfindən dərin maraqla qarşılanmışdır. Professor Yusif Alıyevin çıxışında müqayisələr aparması və Ustadın əsərlərindən ibarət kitabın nümayişi də diqqət çəkmişdir.
Məruzə ətrafında keçirilən çıxışlar hissəsində “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli geniş nitq söyləyərək ustad sənətkarın irsinin nəsillərarası ötürülməsi missiyasından bəhs etmişdir. O, Dədə Ələsgər ocağının və yaradıcılığının kütləvi tədqiqi, beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən layihələri diqqətə çatdırmış, dahi aşığın irsinin sadəcə bir ailənin deyil, bütöv bir millətin mənəvi sərvəti və toxunulmaz mülkü olduğunu vurğulamışdır. Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, görkəmli şair Ramiz Qusarçaylı isə öz çıxışında Aşıq Ələsgər poeziyasının heyrətamiz dil xüsusiyyətlərini, bədii sənətkarlıq və fəlsəfi dərinliyini geniş şəkildə şərh etmişdir. Ramiz Qusarçaylı ustadın klassik aşıq şeirinə gətirdiyi poetik yeniliklərdən, dilimizin saflığının və milli intonasiyasının qorunmasındakı böyük xidmətlərindən bəhs edərək, bu irsin müasir Azərbaycan poeziyasının formalaşmasına və inkişafına göstərdiyi fundamental təsirləri elmi tezislərlə əsaslandırmışdır.
Daha sonra Azərbaycan Tibb Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, professor İbadulla Ağayev, eləcə də tibb elmləri doktorları, professorlar Fatma Hacıyeva və Abbas Bağırov Göyçənin mənəvi-təbii mühitinin klassik irsimizə təsirlərindən, Alpan kənd tam orta məktəbinin direktoru Mehpara Rüstəmova gənclərin milli ruhda tərbiyəsində bu irsin rolu və ADPU-nun Quba filialının Filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayev məkan-yaddaş münasibətlərinin linqvo-poetika müstəvisindəki elmi şərhi barədə rəsmi mülahizələrini bölüşmüşlər. Tədbirdə iştirak edən Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva da mövzu ətrafında çıxış edərək, ustadın qoşmalarından nümunələr səsləndirmişdir. Həmçinin qubalı aşıq Fariz Qayıbovun, filialın tələbələrinin və Elşad Bayramov adına Quba rayon Alpan kənd tam orta məktəbinin istedadlı şagirdlərinin bədii-musiqili ifaları tədbirin məzmununu daha da zənginləşdirmişdir.
Yüksək təşkilatçılıq və elmi nizam-intizam şəraitində keçən tədbir, iştirakçıların rəsmi xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşmışdır.



















