Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Quba Tibb Kollecinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan oftalmologiya elminin banisi, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Zəriflik: Elm və vəfa nümunəsi” adlı genişmiqyaslı konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, ardınca akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli kadrlar nümayiş olunmuşdur.
ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev öz geniş məruzəsində akademik Zərifə Əliyevanın Azərbaycan elm tarixindəki silinməz izindən bəhs edərək demişdir:
”Zərifə xanım Əliyeva təkcə bir həkim deyil, həm də bir elm fədaisi idi. Onun traxoma xəstəliyinə qarşı apardığı mübarizə və peşə oftalmologiyası sahəsindəki fundamental kəşfləri dünya tibb elminə böyük töhfədir. Lakin onun ən böyük əsəri, heç şübhəsiz, örnək ailə modeli və bu ölkəyə bəxş etdiyi Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsiyyətidir. O, Ulu Öndər Heydər Əliyevin mənəvi dayağı olmaqla yanaşı, həm də Azərbaycan qadınının intellektual və humanist obrazını dünyada təmsil etmişdir.”
Quba Tibb Kollecinin direktoru, həkim Mikayıl Mirzəliyev çıxışında alimin kliniki fəaliyyətinə və gənc həkimlərə nümunə olan insani keyfiyyətlərinə toxunub:
”Zərifə xanımın əməlləri bu gün bizim tələbələrimiz üçün dərslikdir. O, xəstəyə yalnız tibbi obyekt kimi deyil, bir insan kimi yanaşmağın fəlsəfəsini qoyub getmişdir. ‘Göz nuru’ dediyimiz o ilahi nemətin qorunması yolunda onun çəkdiyi zəhmət hər bir gənc tibb işçisi üçün peşə andına sadiqlik rəmzidir. Bizim borcumuz onun elmi irsini yaşatmaq və gələcək nəsillərə ötürməkdir.”
Filialın Humanitar elmlər kafedrasının baş müəllimi, əməkdar mədəniyyət işçisi Elza Orucova isə alimin pedaqoji tərəflərindən danışaraq qeyd edib:
”Akademik Zərifə Əliyeva təkcə laboratoriyalarda deyil, həm də auditoriyalarda böyük bir məktəb yaradıb. O, gənc kadrların elmə gəlməsində bir mayak idi. Onun elmi yaradıcılığı ilə xeyirxahlığı bir vəhdət təşkil edirdi. Zərifə xanım həm də həkim etikası haqqında düşüncələri ilə tibb aləmində mənəviyyat meyarlarını müəyyən etmişdir.”
Kollecin əməkdaşı Şəhla Bayramovanın moderatorluğu ilə davam edən tədbirin bədii hissəsi xüsusilə yadda qalan olmuşdur: Tələbələrin ifasında bir birindən rəngarəng rəqslər və musiqilər iştirakçıların xüsusi marağına səbəb olmuşdur.
Tibb Kollecinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Quba Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak etmişdir.












