Quba filialının təşəbbüsü ilə region məktəblərində peşəyönümü və maarifləndirici görüşlər davam etdirilir.

01.06.2026
Quba filialının təşəbbüsü ilə region məktəblərində peşəyönümü və maarifləndirici görüşlər davam etdirilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyevin təşəbbüsü və rəhbərliyi ilə filialın region məktəbləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, məktəb–universitet münasibətlərinin möhkəmləndirilməsi, eləcə də şagirdlərin gələcək peşə və ixtisas seçimində düzgün istiqamətləndirilməsi məqsədilə silsilə maarifləndirici görüşlər həyata keçirilir.

Bu istiqamətdə ADPU-nun Quba filialı ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsi arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, pedaqoji ixtisasların təbliği, peşəyönümü fəaliyyətlərinin genişləndirilməsi və regionda pedaqoji kadr hazırlığının gücləndirilməsi məqsədilə mühüm addımlar atılmaqdadır. Hazırda tərəflər arasında əməkdaşlıq haqqında Memorandumun və 2026–2027-ci tədris ili üzrə birgə Fəaliyyət Planının hazırlanması nəzərdə tutulur.

Maarifləndirici görüşlər Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbində, Quba Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə, Quba şəhər Hikmət Hüseynov adına 4 nömrəli məktəb-liseydə, Quba rayonu Zəki Kərimov adına I Nügədi kənd tam orta məktəbində Quba rayonu Amsar kənd tam orta məktəbində təşkil olunmuşdur.

Görüşlər zamanı şagirdlərə ADPU-nun Quba filialında mövcud ixtisaslar, qəbul qaydaları, təhsil imkanları, tələbə həyatı, təcrübə proqramları, gələcək məşğulluq və karyera perspektivləri barədə geniş məlumat verilmiş, müəllimlik peşəsinin cəmiyyətin inkişafındakı mühüm rolu xüsusi vurğulanmışdır. Eyni zamanda şagirdləri maraqlandıran suallar cavablandırılmış, onların gələcək peşə seçimləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd olunmuşdur ki, həyata keçirilən bu görüşlərin əsas məqsədi şagirdlərin ali təhsil müəssisələri və ixtisas seçimləri barədə məlumatlılığını artırmaq, onları gələcək karyera planlamasında düzgün istiqamətləndirmək, eləcə də regionda pedaqoji ixtisaslara marağın yüksəldilməsinə töhfə verməkdir.

ADPU-nun Quba filialı tərəfindən həyata keçirilən bu təşəbbüslərin gələcək dövrdə də regionun digər ümumi təhsil müəssisələrində davam etdirilməsi planlaşdırılır. İnanırıq ki, məktəb–universitet əməkdaşlığının gücləndirilməsinə xidmət edən bu fəaliyyətlər region təhsilinin inkişafına mühüm töhfə verəcəkdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?